“AHİK ilə işləmək, təmas qurmaq çox asandır”


Baxıldı : 42

Tarix : 2018-11-03 05:09:50


“Təşkilatımız ilə Azərbaycan arasında əlaqələr Layiqli Əməyin Təmin Edilməsi üzrə Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirilir”. Bu sözləri bizimlə söhbətində Beynəlxalq Əmək Təşkilatının ( BƏT) Azərbaycan üzrə koordinatoru Yaşar Həmzəyev deyib. O bildirib ki, bu əməkdaşlıq proqramı 2016-2020-ci illəri əhatə edir. Proqramda bütün istiqamətlər göstərilib. Onların içərisində məşğulluq proqramı Azərbaycan üçün prioritet kəsb edir.

-Yaşar müəllim, bildiyiniz kimi, bütün dünyada, o cümlədən Azərbaycanda xüsusilə gənclərin məşğulluğu ən narahatedici və aktual məsələlərdəndir. Ölkəmizdə bu problemin həllinə kömək məqsədilə Sizin təşkilatın dəstəyi ilə hansısa tədbirlər keçirilirmi?

-Azərbaycan gənclərinin məşğulluğu BƏT-in layihələrində daim diqqətdə saxlanılır. Uzun illərdir ki, bu beynəlxalq təşkilatın İtaliyanın Turin şəhərində yerləşən Təhsil Mərkəzinə ölkəmizdən də gənclər göndərilir. Hər il ən azı 3-4 gənc Mərkəzdə təlim kurslarında məşğulluq problemlərinin həlli yolları barədə təlimatlandırılır. Təcrübə göstərdi ki, kurslarda alınan təlimin  3-4 nəfər tərəfindən çoxsaylı üzvlər arasında yayılması fiziki baxımdan qeyri-mümkündür. Ona görə də qərara aldıq ki, Təlim Mərkəzinin treninqlərindən birini Bakıda təşkil edək.  2016-cı ilin fevralında bu qərarımızı reallaşdırdıq. Mərkəzin ekpertlərinin də qatıldığı Bakı treninqində Azərbaycan həmkarlar ittifaqlarının çox sayda lider və fəalı iştirak etdi.

Bundan əlavə, 2018-2030- cu illər üçün məşğulluq strategiyasının, özünü məşğulluq proqramının hazırlanmasında da BƏT-in ekspertlərinin xidməti böyük olmuşdur. Yeri gəlmişkən, özünüməşğulluq  proqramı nəticəsində 2014- cü ildə Göyçayda seminar keçirilmişdir. Seminara 21 nəfər yerli sakin öz biznes planı ilə cəlb edilmişdi.

Azərbaycanda 2016-cı il aprelin 7-də özünüməşğulluq proqramının inkişafı ilə bağlı qanun qəbul olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də göstəriş verilib. Sonra məşğulluq xidmətləri və həmkarlar ittifaqları üçün daxili imkanların inkişafı ilə bağlı xüsusi treninq olub.

-Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması sahəsində BƏT-in hökumətimiz və həmkarlar ittifaqları ilə əməkdaşlığı barədə nə deyə bilərsiniz?

-Qeyri-formal məşğulluqdan formal məşğulluğa keçid böyük əhəmiyyət kəsb edir. Çünki layiqli əməyin təmin edilməsi üçün layiqli məşğulluq olmalıdır. Layiqli məşğulluq termininin daxilində eyni zamanda formal məşğulluq var. Burada əmək müqaviləsi, sosial müdafiə sistemi, həmkarlar ittifaqı üzvlüyü və sairə olmalıdır. Bunlar hamısı mühüm məsələlərdir. Ona görə 2015-ci ildə BƏT tərəfindən qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçid haqqında 204 saylı Tövsiyə qəbul olunub. Tövsiyə Azərbaycan dilinə tərcümə edilib. Onun tərcümə olunmasında, hazırlanmasında birbaşa Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) böyük rolu var. Konfederasiyanın qərarı ilə tərcümə variantı üzv təşkilatlara paylanılıb, həmçinin hökumətə də təqdim olunub. Müzakirələr aparılaraq milli səviyyədə tətbiq olunması nəzərə alınıb.

-AHİK ilə əməkdaşlıq hansı səviyyədədir və bunu necə qiymətləndirirsiniz?

-Ümumiyyətlə, deyərdim ki, AHİK ilə işləmək, təmas qurmaq çox asandır, çünki onların təşkilatçılıq funksiyası yüksəkdir. Geniş şəbəkə sistemi var. Azərbaycan həmkarlar ittifaqlarının aktivliyi BƏT-in digər ölkələrdə keçirilən beynəlxalq tədbirlərində dəfələrlə diqqətə çatdırılıb. Eyni zamanda AHİK-in təşəbbüsü ilə yaradılan Üçtərəfli Komissiyanın fəaliyyəti də yüksək qiymətləndirilib.

 

Müsahibəni apardı: Azər MUSTAFAYEV