AHİK-in 2013-2017-ci illər ərzində gördüyü işlərə dair HESABAT MƏRUZƏSİ


Baxıldı : 46

Tarix : 2018-02-09 21:02:04


Hörmətli qurultay nümayəndələri!

Əziz qonaqlar! Xanımlar və cənablar!

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 25 illiyini qeyd etmək və AHİK-in V qurultayını keçirmək üçün ölkəmizin ehtişamını göstərən ən möhtəşəm toplantı salonunda Sizinlə görüşürük. Fəxrlə deyə bilərik ki, sıralarında 1 milyon 500 minə yaxın üzvü birləşdirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası respublikamızın ən böyük ictimai təşkilatıdır.

Konfederasiyamızın əsrin dörddə birinə bərabər olan zaman kəsiyində keçdiyi yola nəzər salanda ilk növbədə ayaqda qalmağımızda yardımçı olanlara minnətdarlığımızı bildirir, dünyasını dəyişənlərə Allahdan rəhmətlər diləyirik. Sözsüz ki, belə insanlar sırasında ilk yerdə Ulu öndərimiz Heydər Əliyev dayanır. Ulu öndər Heydər Əliyev əmək adamlarının müstəqil təşkilatı olan  həmkarlar ittifaqlarına həmişə böyük diqqət və qayğı göstərirdi. Ən çətin anlarımızda bizə dayaq, arxa olurdu. Tədbir iştirakçılarının bir çoxu bu münasibətin canlı şahididir.

Hörmətli qurultay iştirakçıları!

Müstəqil Azərbaycanın qısa müddət ərzində qazandığı tarixi nailiyyətlər zaman baxımından əsrə bərabərdir. Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzu durmadan artmaqda, demokratik, hüquqi, dünyəvi dövlət kimi tanınmaqdadır. Bu, Ulu öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışının bəhrəsidir. Ümummilli liderin ona xas olan müdriklik və uzaqgörənliklə həyata keçirdiyi çoxşaxəli layihələr cəmiyyətin mənəvi birliyinin və həmrəyliyinin əsas prinsiplərini formalaşdırdı. Ölkədə yeni iqtisadi şəraitə uyğun olaraq qurulan sosial müdafiə modeli cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın rifahının yüksəldilməsinə, şəxsiyyətin azad inkişafı üçün bərabər imkanlar yaradılmasına xidmət edirdi.

Müdrik rəhbər Heydər Əliyev xalqın arzusunda olduğu milli dövlət modelini uğurla formalaşdırmağa nail olmuş, müstəqilliyin dönməzliyini təmin etmiş, ölkəmizin maraqlarına tam cavab verən daxili və xarici siyasət konsepsiyalarını işləyib hazırlamışdır. Bu konsepsiyalar dövrün və zamanın çağırışlarına uyğun şəkildə zənginləşdirilərək qətiyyət və ardıcıllıqla icra edilir, Azərbaycana möhtəşəm uğurlar gətirir.

Ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsi Ulu öndərin qədirbilən xalqımız, tariximiz qarşısında ən böyük xidmətidir. O, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda rəhbərliyə qayıdan və xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev cəsarətlə respublikada xaos və özbaşınalığa son qoydu, xalqın dinclik, əmin-amanlıq şəraitində yaşayıb işləməsi üçün geniş imkanlar yaradılmasına nail oldu. Heydər Əliyevin dövlət və xalq naminə qəbul etdiyi qərarların strateji əhəmiyyətini indi də gündəlik həyatımızda, taleyimizdə hiss edirik.

Çıxışımın əvvəlində qeyd etdiyim kimi, Ulu öndərimiz vətəndaşların qanuni mənafeyinin, əmək hüquqlarının qorunmasında, sosial problemlərinin həllində mühüm rol oynayan, zəngin tarixi keçmişə malik həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinə də daim diqqət və qayğı göstərmiş, onun xidmətlərini həmişə yüksək qiymətləndirmişdir. Xüsusilə Heydər Əliyevin 1994-cü ildə imzaladığı “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan həmkarlar ittifaqları hərəkatının müasir inkişafına təkan vermiş, bu təşkilatın cəmiyyətdəki rolunu gücləndirmişdir. Vətəndaşların sosial və iqtisadi mənafelərinin qorunmasında yalnız dövlət orqanlarının deyil, həm də həmkarlar ittifaqlarının üzərinə mühüm vəzifələr düşdüyünü deyən Ümummilli liderin dəstəyi ilə Azərbaycan həmkarlar ittifaqları siyasi qurumlardan asılılıqdan qurtardı, öz funksiyalarını beynəlxalq təcrübə əsasında həyata keçirməyə başladı. Ölkənin malik olduğu işçi kapitalından düzgün istifadə edilməsi, onların hüquq və mənafelərinin qorunması prinsiplərinə əsaslanan Qanunun vaxtında qəbul edilməsinin nəticəsidir ki, bu gün həmkarlar ittifaqları sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində ardıcıl, məqsədyönlü fəaliyyət göstərməyə çalışır, sosial siyasətin həyata keçirilməsinə önəmli dəstək verir.

“Həmkarlar ittifaqları haqqında” qanunla həmkarlar ittifaqlarının cəmiyyətdəki yeri və statusu müəyyən edildi. Həmkarlar ittifaqlarının qeyri-siyasi təşkilat kimi hökumət təşkilatlarından və təsərrüfat orqanlarından asılılığı aradan qaldırıldı. Həmkarlar ittifaqlarının bütün strukturlarında, o cümlədən aşağı vəsiləli həmkarlar ittifaqı təşkilatlarında inzibati amirlik sisteminə son qoyularaq sahə məsələlərinin həllində həmkarlar ittifaqlarının müstəqilliyi təmin edildi, əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında həmkarlar ittifaqının hüquqları tanındı. Bütün bunlar respublikada həmkarlar ittifaqı hərəkatının inkişafına stimul yaradaraq işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsini daha səmərəli formada həyata keçirməyə imkan verdi.

Hazırda Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. İlham Əliyev Ulu öndərin siyasi təlimini ardıcıllıqla və yaradıcılıqla həyata keçirən, yeni dövrün və müasir Azərbaycanın reallıqları ilə daha da zənginləşdirən görkəmli siyasi xadimdir.

Müstəqilliyimizin bərpasından sonra Azərbaycan dövlətinin yaşadığı müasir tarixə nəzər salsaq, aydın şəkildə görərik ki, respublikamız bir çox aparıcı dünya dövlətlərinin onilliklər boyu keçdiyi təkamül və inkişaf mərhələlərini qısa zaman kəsiyində qət edə bilib. Bu heç də təkcə respublikanın zəngin təbii sərvətləri və intellektual resursları ilə şərtlənmir. Bu daha çox təbii və zehni potensialın xalqın mənafeyinə uyğun realizə edilməsi, hər kəsi qane edə biləcək milli siyasət strategiyasının həyata keçirilməsi, eyni zamanda xarici siyasət kursunun prioritetlərinin düzgün müəyyənləşdirilməsi və reallaşdırılması ilə sıx bağlıdır. Məhz Prezidentin həyata keçirdiyi yeni iqtisadi strategiya sayəsində Azərbaycanda dünya dövlətlərinin hələ də əziyyət çəkdiyi qlobal iqtisadi böhrandan xilas modeli yaradıldı. Dövlət başçısı tərəfindən ilk növbədə ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırıldı ki, bu da bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amil oldu.

Dövlət başçısı İlham Əliyevin siyasətində, dövlətçiliyə uyğun olaraq, milli mənafe və maraqlar daim üstün tutulur, Azərbaycanın inkişafı naminə qlobal işlər aparılır. Prezidentimizin müasir dünya reallıqlarını düzgün qiymətləndirməsi, qlobal proseslərə xalqın mənafeyinə uyğun nüfuz etmək bacarığı ciddi siyasi dəstək almasına zəmin yaradır. Bu isə ölkəmizin bütün sahələr üzrə hərtərəfli, ahəngdar inkişafının təmin edilməsinin əsaslarını təşkil edir və dünya birliyində Azərbaycanı əhəmiyyətli dövlətlərdən birinə çevirir. Belə ki, 2007-ci ildə dövlət büdcəsinin gəlirləri 5,6 milyard manat idisə, 2018-ci ildə həmin gəlirlər 20 milyard 127 milyon manat proqnozlaşdırılır. 10 il öncə ölkənin valyuta ehtiyatları 3,7 milyard dollar idisə, indi həmin rəqəm 42,6 milyard dollar təşkil edir. Azərbaycana 200 milyard dollar həcmində həm xarici, həm də yerli investisiyalar yatırılıb.

İqtisadi tərəqqi əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə də güclü təsir göstərib. Belə ki, 5 ildə 631 mindən çox yeni iş yeri (521 mini daimi iş yeridir) açılmışdır. Dövlətimizin məşğulluq siyasəti dinamik inkişaf xarakterli olmuşdur. Müqayisə üçün deyim ki, 2013-cü ildə açılan yeni iş yerlərinin sayı 110 min (bunlardan daimi iş yeri 80 min) idisə, 2017-ci ildə bu rəqəm 221 min həddinə çatdırılmışdır ki, onlardan 177 mini daimi iş yeridir.

Respublikamızın uğurları beynəlxalq aləm tərəfindən təqdir olunduqca, ölkəmizin dünya arenasındakı siyasi nüfuzu daha sürətlə artır. Dünyanın aparıcı beynəlxalq təşkilatları, qurumları və tanınmış iqtisadçılar Azərbaycanın reallaşdırdığı islahatları inkişaf etməkdə olan ölkələr üçün nümunə kimi göstərirlər.

Dövlət başçısının məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan ictimai-siyasi sabitlik, vətəndaş sülhü və həmrəyliyi qorunub saxlanılır. Son 5 ildə ölkəmizin həyatında yaddaqalan, mühüm hadisələr baş vermişdir. Bu dövrü ölkəmiz üçün fəal və zəngin hadisələr dövrü kimi qiymətləndirmək olar. Azərbaycan özünün ilk telekommunikasiya peykini fəzaya qaldırmış, yer səthinin məsafədən müşahidəsi üçün geniş imkanlar yaradan peyk toplusu fəaliyyətə başlamışdır.

Ölkəmizin hasil ediləcək qazın Avropaya TAP kəməri ilə ötürüləcəyini açıqlaması respublikamızın strateji əhəmiyyətini daha da artırdı. TAP kəməri Nabukko-Vest kəmər layihəsi ilə rəqabətdən qalib çıxdı. 2014-cü ildə “Əsrin müqaviləsi”nin 20 yaşı tamam oldu. Elə həmin il Azərbaycanda daha bir beynəlxalq əhəmiyyətli enerji layihəsi - “Cənub qaz dəhlizi”nin tikintisinə start verildi. TAP xəttinin mühüm bir hissəsi hesab olunan TANAP layihəsinin icrasına başlandı.

Bu gün inamla deyə bilərik ki, “Şahdəniz-2” layihəsinin icrası 99 faizə çatıbdır. Azərbaycan və Gürcüstan ərazilərindən keçən Cənubi Qafqaz kəməri 93 faiz icra edilib və TANAP layihəsinin icrası 90 faizə bərabərdir. Bu, artıq onu göstərir ki, “Cənub qaz dəhlizi” reallaşıb.

Prezident İlham Əliyevin iqtisadiyyatın inkişafı ilə bağlı imzaladığı strateji yol xəritəsi, “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilədək uzadılması gələcəkdə ölkəmizin güclü bir dövlət kimi inkişafının təminatı olacaqdır. Kontraktın müddətinin uzadılması bizə sərmayədən başqa digər önəmli dividendlər gətirir. İlk növbədə SOCAR-ın payı 11 faizdən 25 faizə çatdırılır. Mənfəət neftinin 75 faizi də Azərbaycan tərəfinə qalacaqdır.

Sizə məlumdur ki, keçən ilin oktyabr ayında “Dünyanın 100 önəmli layihəsi”ndən biri olan Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezitdenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, Qazaxıstan, Gürcüstan, Özbəkistan Respublikalarının hökumət başçıları iştirak etmişlər.

Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaqdır. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmini artıracaqdır. Bu, onu göstərir ki, Azərbaycan ilə yanaşı, Gürcüstan və Türkiyə də tranzit daşımalarından yüksək gəlir əldə edəcəkdir.

Beləliklə, öz əhəmiyyətinə görə qlobal səciyyə daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu iki qitəni polad relslərlə birləşdirərək böyük sosial-iqtisadi səmərəyə zəmin yaradır. Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxşılaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir.

Dəniz və su nəqliyyatı kimi davamlı nəqliyyat vasitələrinin effektiv inteqrasiyası ilə nəqliyyat hərəkətinin təhlükəsizliyinin artırılması, ətraf mühit, enerji səmərəliliyi və daha təhlükəsiz nəqliyyat fəaliyyətlərinə dair davamlı inkişaf məqsədlərinə nail olunması məqsədilə Xəzər regionunda intermodal nəqliyyat xidmətlərinin daha da inkişaf etdirilməsi də gündəmdədir. Bu ilin yayına qədər Bakı Ələt Beynəlxalq Dəniz Limanının I fazası istifadəyə veriləcəkdir. Bu limanın yükdaşıma qabiliyyəti 25 milyon ton və bir milyon konteyner olacaqdır. Eyni zamanda Xəzər dənizi ilə bağlı əməkdaşlıq daha da dərinləşəcəkdir. Limanın tam istifadəyə verilməsi minlərlə yeni iş yerlərinin açılmasına şərait yaradacaqdır.

Biz - həmkarlar ittifaqlarının çoxminli üzvləri ölkəmiz, xalqımız üçün yeni üfüqlər açacaq həmin layihələrin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi bu il keçiriləcək prezident seçkilərində öz namizədliyini yenidən irəli sürməyə çağırırıq. 2008, 2013-cü illər prezident seçkilərində olduğu kimi, bu dəfə də cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəyimizə, xalq arasında onun könüllü vəkilləri olacağımıza söz veririk.

Hörmətli qurultay nümayəndələri!

Azərbaycanda keçirilən birinci Avropa Oyunları 2015-ci ilin ən mühüm hadisəsi oldu. Bu böyük miqyaslı idman bayramı həm də respublikamızın ictimai-siyasi, humanitar, sosial-iqtisadi həyatı haqqında real gerçəklərin dünya ictimaiyyətinə nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Ölkəmizin beynəlxalq aləmdə etibarlılığını artırdı. İki il ərzində həm Avropa, həm də İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bir daha Azərbaycanın müstəqil, öz dəyərlərinə sadiq, müasir ölkə olduğunu göstərir.

2016-cı ilin ölkəmizdə multikulturalizm ili elan edilməsi çox böyük məna daşıyırdı. Azərbaycan multikulturalizm mərkəzi olaraq cəmiyyətimizin əhvali-ruhiyyəsini dünyaya göstərdi, bizim hər kəsə hörmətlə yanaşdığımızı, multikulturalizm dəyərlərini, adət-ənənələri, dini, tarixi abidələrimizi qoruduğumuzu duyurdu. Təəssüf ki, Avropa ölkələrində miqrantlara qarşı alçaldıcı hərəkətlər, islamafobiya ilə bağlı açıq-aşkar aqressiv siyasət göz qabağındadır.

Azərbaycanın böyük uğurlarından biri Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı 2016-cı il sentyabrın 26-da keçirilən referendum oldu. Referendumun keçirilməsi, ölkənin idarəetmə mexanizminin təkmilləşdirilməsi, əsas qanunda insan hüquq və azadlıqları ilə bağlı fikirlərin daha dəqiq yer alması ən vacib hadisə hesab edilə bilər. Referendum Aktının hədəfləri cəmiyyət və xalq tərəfindən birmənalı şəkildə müdafiə olundu.

Bildiyiniz kimi, Referendum əsasında Azərbaycan Respublikasının Konstitusiyasının 23 maddəsində dəyişiklik olunmuş, 6 yeni maddə əlavə edilmişdir. Dəyişikliyin 16-sı insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə əlaqədardır. Təkcə bu fakt öz-özlüyündə Konstitusiyaya edilmiş dəyişikliklərin mahiyyətini və mənasını dəqiq ifadə edir. İnsan hüquq və azadlıqlarının qorunması ilə bağlı həmkarlar ittifaqlarının fəaliyyətinə bilavasitə aid olan 2 dəyişikliyin üzərində dayanmaq istəyirəm. Bunlardan biri Konstitusiyanın “Tətil hüququ” adlanan 36-cı maddəsi ilə bağlıdır. Maddədə hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququnun olması, hansı şəxslərin bu hüquqdan istifadə edə bilməməsi, fərdi və kollektiv mübahisələrin həlli qaydası müəyyənləşdirilsə də, işəgötürən tərəfindən istisna hallarda lokaut elan etmək hüququ konstitusiyada təsbit edilməmişdi. Maddəyə əlavə olunan “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır” dəyişikliyi həm maddəni tamamlayır, həm də işəgötürənlərin yerli-yersiz lokautdan istifadə etməsinin qarşısını alır.Bəs lokaut nə deməkdir və ondan nə zaman istifadə etmək olar?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə lokaut - qanunsuz və əsassız tətillərin qarşısını almaq məqsədilə işəgötürən və ya mülkiyyətçi tərəfindən müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması barədə elandır. Lokaut işəgötürənin tətilə qarşı cavab tədbiridir.

İşəgötürən yalnız istisna hallarda lokaut elan edə bilər. Lakin lokaut elan etməzdən azı 10 gün əvvəl o, müəssisəni müvəqqəti bağlayacağı barədə işçilərini, həmkarlar ittifaqları təşkilatını və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yazılı şəkildə xəbərdar etməlidir. Lokaut elan edilməsi üçün istisna hallar bunlardır:

1. işəgötürənin qarşısında qoyulan kollektiv tələblərin yerinə yetirilməsi onun istehsal, iqtisadi, maliyyə və digər imkanlarına açıq-aşkar uyğun olmadıqda;

2. qanunsuz elan olunmuş tətil davam etdirildikdə;

3. onunla rəqabətdə olan işəgötürən (işəgötürənlər) və ya digər şəxslər tərəfindən tətilin keçirilməsinə işçilərin sövq edildiyi barədə təkzibolunmaz sübutlar, faktlar olduqda. Əmək Məcəlləsində lokautun elan edilməsi qaydası müəyyənləşdirilib. Belə ki, işəgötürən lokaut elan etməzdən əvvəl işçilərlə, həmkarlar ittifaqları təşkilatı ilə danışıqlar aparmalı, tətilin dayandırılıb işə başlanılması barədə razılığa nail olmaq üçün bütün imkanlarından istifadə etməlidir.

Lokautun elan edilməsi üçün əsas hesab edilən hallar aradan qaldırılmadıqda işçilərə edilmiş xəbərdarlıq müddəti bitdikdən sonra işəgötürən lokaut elan edərək müəssisəni müvəqqəti bağlaya bilər.

Qeyd edilən hallardan başqa qalan hallarda, habelə dövlət mülkiyyətində olan və ya mülkiyyətinin yarısından çoxunda dövlətin payı olan müəssisələrin işəgötürəni tərəfindən lokautun elan edilməsi qadağandır.

Lokautun elan edilməsi əmək müqavilələrinin xitam edilməsinə səbəb olmasa da, əmək münasibətlərini dayandırır. Onu da nəzərə almaq lazımdır ki, işçilər lokautun qanunsuz hesab edilməsi barədə məhkəməyə müraciət edə bilərlər.

Məhkəmə işəgötürən tərəfindən elan olunmuş lokautu əsassız və qanunsuz hesab edərsə, işçilərə dəyən maddi və mənəvi ziyanın ödənilməsi, habelə işəgötürənin qanunvericiliklə müəyyən edilmiş qaydada digər müvafiq məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edir.

Konstitusiyanın 25-ci maddəsinə isə “VI hissə” əlavə edilmişdir. Bu hissəyə əsasən, “sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar”.

Sağlamlıq imkanları məhdud olanlara dövlət qayğısı hər sahədə hiss olunur və onların cəmiyyətə inteqrasiyası üçün müxtəlif layihələr, dövlət proqramları qəbul və icra edilir. Sağlamlıq imkanları məhdud olanların təhsil alması, məşğulluğu, fərdi hərəkət etməsi üçün tədbirlər görülür. Nəzərdə tutulmuş bu dəyişikliklə sağlamlıq imkanları məhdud olanlar konstitusion hüquq və vəzifələr əldə etmiş olurlar və onlar üçün mədəni, ictimai-siyasi həyatda daha yaxından iştirak etmək imkanı yaranır.

Fürsətdən istifadə edərək bildirim ki, keçən ilin 10 ayı ərzində əlilliyi olan 400 nəfər işlə təmin olunmuş, 70 nəfər peşə hazırlığına cəlb edilmişdir. Ölkədə pensiya ilə təmin olunanların 29 faizi, Azərbaycan Prezidentinin aylıq təqaüdü ödənilənlərin 72,3 faizi, aylıq sosial müavinət ödənilənlərin 60,8 faizi əlillər və sağlamlıq imkanları məhdud şəxslərdir. Müharibə və Çernobıl AES əlillərinin ümumilikdə 15,8 min nəfər uşağına aylıq sosial müavinət, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət verilir. Ötən ildə bərpa mərkəzlərində 8 min nəfər şəxsə stasionar, 26,4 min nəfərdən çox əlilə ambulator reabilitasiya xidmətləri göstərilmişdir. Bu təbəqələrdən olan insanlar 25,8 min protez-ortopedik məmulat və reabilitasiya vasitəsilə təmin edilmişdir.

Ötən ilin sonlarında isə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev “2018-2024-cü illərdə Azərbaycan Respublikasında inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nı təsdiq etmişdir. Proqram əlillərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin edəcək və onların təhsili üçün maneəsiz mühit yaradacaqdır.

Böyük ictimai maraq doğuran və razılıqla qarşılanan dəyişikliklərdən biri də ölkə Prezidenti, Milli Məclisin deputatı, baş nazir, hakim vəzifələri üçün tətbiq edilən yaş senzi məhdudiyyətinin aradan qaldırılması olmuşdur. Konstitusiyada olan əvvəlki redaksiyaya əsasən, Azərbaycan vətəndaşı 35 yaşına qədər prezident, 25 yaşına qədər Milli Məclisin deputatı, 30 yaşına qədər baş nazir, yaxud hakim ola bilməzdi. Lakin konstitusiyamıza referendum yolu ilə edilmiş dəyişikliklərə əsasən, hər bir Azərbaycan gəncinin yaşından asılı olmayaraq həmin vəzifələri tutması üçün hüquqi əsas yarandı.

Referendum nəticəsində ölkəmizdə vitse-prezidentlik institutunun təsis edilməsi də idarəçiliyin daha da demokratikləşməsi yönündə çox mühüm addım kimi qiymətləndirilməlidir. Bunun nəticəsi kimi, 2017-ci il fevral ayının 21-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Ümummilli lider Heydər Əliyevin dövlətçilik kursunun ən fəal təmsilçisi, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi respublika ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Mehriban Əliyeva bir ictimai və siyasi xadim kimi ölkə daxilində və onun hüdudlarından kənarda yaxşı tanınır. Mübaliğəsiz deyə bilərik ki, Mehriban xanım xalqın inam ünvanına çevrilmişdir. Mehriban Əliyevanın millət vəkili və fondun rəhbəri kimi irəli sürdüyü uğurlu təşəbbüslər, həyata keçirdiyi layihələr onun müsbət imicini formalaşdırıb. Heydər Əliyev Fondu ötən dövrdə Azərbaycandan Avropaya, Asiyadan Afrikaya, Məkkədən Vatikana qədər böyük xeyriyyəçilik tədbirləri, humanist aksiyalar həyata keçirib. UNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri olan Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi öz fəaliyyəti, əməlləri ilə uğurlu nümunə göstərir, insanların Ulu öndər Heydər Əliyevin kursu və İlham Əliyev missiyası ətrafında birləşməsinə, səfərbər olmasına xidmət edir. Azərbaycanı xaricdə layiqincə təmsil edən Mehriban xanım xalqımızın haqq səsinin beynəlxalq aləmdə eşidilməsinə böyük töhfə verir.

Hörmətli nümayəndələr!

Prezident İlham Əliyev ölkəmizin müdafiə potensialının gücləndirilməsi sahəsində də böyük işlər görmüşdür. Ölkəmizin milli təhlükəsizliyinin və müdafiə qüdrətinin möhkəmləndirilməsi, hərbi qulluqçuların sosial müdafiəsi üçün dövlət büdcəsindən xərclər hər il artırılır. 2016-cı ilin mühüm hadisələri sırasında Azərbaycanın ən yeni tarixinə aprel zəfəri kimi əlamətdar bir gün də qızıl hərflərlə yazıldı. Azərbaycan Silahlı Qüvvələrinin döyüş və qələbə ruhu görünməmiş milli birlik və həmrəylik nümayişinə çevrildi.

Azərbaycan Ordusu 2016-cı ilin aprelində düşmən təxribatının qarşısını alaraq qarşı tərəfə öz gücünü göstərdi. Bu fakt bir daha təsdiq etdi ki, mövcud status-kvonun zamanı artıq bitib, vaxt uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün deyil. Bundan sonra münaqişə dondurulmuş vəziyyətdə saxlana bilməz. Azərbaycan dövləti, xalqı beynəlxalq hüquq prinsiplərinə, konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı, münaqişənin istənilən vaxt güc yolu ilə həllinə qadirdir. Bu kimi hərbi uğurlar isə Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyindən xəbər verir. Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncamı xalqımız, həmçinin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildi. Qərar bütün beynəlxalq aləmdə əks-səda doğurdu. Bu hadisələr zamanı beynəlxalq təşkilatlar da ermənilərə dəstək vermədilər. Bəyan etdilər ki, bu torpaqlar Azərbaycanın tarixi ərazisidir və ölkəmiz öz ərazisində müharibə aparır.

Azərbaycan Ordusunun qısa zamanda həyata keçirdiyi uğurlu hücum əməliyyatları nəticəsində strateji əhəmiyyətli ərazilərimizin geri qaytarılması insanlarımızın böyük coşqusu, sevinci və mənəvi dəstəyi ilə qarşılandı. Azərbaycanın bütün vətəndaşlarında, ordumuzda böyük ruh yüksəkliyi yaratdı. Vətəni qorumaq, onun uğrunda döyüşmək, canını, qanını əsirgəməmək hər kəsin şərəfli vəzifəsi, qeyrət borcudur. Bu döyüşlər zamanı xalqımız bir daha öz birliyini nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü göstərdi.

Lakin ərazimizin 20 faizini işğal altında saxlayan Ermənistan silahlı qüvvələri bundan dərs almadılar. Onlar yenə də qoşunların təmas xəttində vaxtaşırı irimiqyaslı təxribatlar törədir, insanlar yaralanır, qətlə yetirilir. Belə qanlı cinayətlər Ermənistandakı hərbi-siyasi rejimin terrorçu mahiyyətini bütün dünyaya nümayiş etdirir. Mövcud reallıq onu göstərir ki, artıq proseslər dözülməz həddə çatıb. Bu münaqişə hər an yenidən alovlana, bütün region üçün ciddi fəsadlar törədə bilər. Erməniləri torpaqdan daha çox, Azərbaycan xalqının varlığı narahat edir. Onların xalqımıza qarşı tarix boyu yürütdüyü soyqırımı siyasəti məhz belə deməyə əsas verir. Bu gün Azərbaycan dövləti özünün ərazi bütövlüyünü və əhalisinin təhlükəsizliyini təmin etmək gücündədir, zəruri tədbirləri görür və görəcəkdir. Bu, Azərbaycan Respublikası Prezidenti tərəfindən dəfələrlə səsləndirilmiş prinsipial və dəyişməz mövqedir.

Hörmətli həmkarlar!

AHİK də, respublikamızda yürüdülən bu siyasətə uyğun olaraq, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, gənclərimizin şərəfli vətəndaşlıq borcu olan hərbi xidmətə hazırlığında daim iştirak edir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 2000-ci ildən Cəmşid Naxçıvanski adına Hərbi Liseyi hamiliyə götürmüşdür. İndiyə qədər liseyin ictimai həyatında və təhsildə fərqləndiyinə görə 250 nəfərdən çox kursantı mükafatlandırmışıq. Üzərində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun fotosu olan Keçici Kubok təsis etmişik. Hesabat dövründə kursantlara 12.5 min manat yardım göstərilmişdir.

AHİK və üzv təşkilatların nümayəndələri vaxtaşırı Silahlı Qüvvələrimizin hərbi hissələrinə də gedir, qəhrəman əsgər və zabitlərimizlə görüşlər keçirirlər.

Əziz dostlar!

Azərbaycanda son illər vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər respublikamızın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını təsdiqləyir. Qlobal böhranın səngimədiyi bir vaxtda vətəndaşların sosial müdafiəsi ilə bağlı xərclər nəinki azaldılmamış, hətta bir sıra sahələr üzrə artırılmışdır. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər, uzaqgörən məşğulluq strategiyası öz bəhrəsini verir.

Əhalinin, xüsusən də aztəminatlı təbəqənin alıcılıq qabiliyyətinin artırılması, qiymət artımının təsirlərinin azaldılması məqsədilə müxtəlif sosial ödənişlərin, o cümlədən əməkhaqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə son 2 ildə Prezident İlham Əliyevin 25-dən artıq fərman və sərəncam imzalaması da vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasının üstün tutulduğunu göstərir.

Korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış “ASAN xidmət” mərkəzləri qısa müddətdə ictimaiyyətin böyük inam və etimadını qazanmışdır. Vətəndaşlara göstərilən xidmətlərin “vahid pəncərə” əsasında həyata keçirilməsi ölkədə vətəndaş-dövlət münasibətlərini yeni keyfiyyət mərhələsinə yüksəltmişdir. “ASAN xidmət”in yaradılmasında məqsəd dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin yüksək keyfiyyətlə, rahat və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsidir. Yeni standartlar dövlət və özəl xidmətlərin vahid məkanda operativlik, nəzakətlilik və məsuliyyət prinsiplərinə uyğun göstərilməsi əsasında formalaşıb.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2014-cü il, 03 fevral tarixli fərmanına əsasən, ölkəmizdə əmək münasibətlərinin elektron qeydiyyat sisteminin müasir meyarlara uyğunlaşdırılması, əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılması baxımından ölkəmiz üçün uğurlu bir təcrübə formalaşdı. Bu sistem əmək bazarının, eləcə də işçi hüquqlarının təminatının dövlətin birbaşa nəzarətində saxlanılmasına, məşğulluğun dinamikasına, əməyin şərtlərinin, işçi qüvvəsinin daha çox cəlb olunduğu fəaliyyət sahələrinin və yerdəyişməsinin, işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin dəqiq və əhatəli uçotunu aparmağa imkan verir.

Məlumdur ki, ölkəmizdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən şirkətlərin, təşkilatların, irili-xırdalı iaşə obyektlərinin, kiçik firma və xidmət müəssisələrinin sayı sürətlə çoxalır. Bu, ölkə iqtisadiyyatının inkişafını əks etdirən göstəricidir. Təəssüf ki, əmək hüquqlarının pozulması da eyni sürətlə artır. Xüsusən özəl müəssisələrdə işçilərin əmək hüquqları ciddi şəkildə pozulur və işçi-işəgötürən münasibətlərinin təminatı olan əmək müqaviləsi bağlanılmır. Beləliklə, işəgötürənlər vergidən yayınırlar və bu da öz növbəsində işsizliklə bağlı statistikaya da təsir göstərir. İşsizlərin sayı, eləcə də sektorların inkişaf səviyyəsi bilinmir, iqtisadi inkişafa yönəlik planlar, strategiyalar əsassız rəqəmlər üzərində qurulur.

Belə bir vəziyyətin yaranması onun vahid mərkəzdən idarə edilməsini və məsələyə nəzarətin gücləndirilməsini tələb edirdi. Bununla əlaqədar “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 27 dekabr 2013-cü il tarixli Qanunda əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsası müəyyən edildi və Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişikliyə əsasən, işəgötürənin üzərinə əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək məsuliyyəti qoyuldu.

Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Bu sistem işçilərin əmək hüquqlarının pozulmasının qarşısını alır, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti gücləndirir, dolayısı ilə sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərir.

Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi, ölkəmizin sosial-iqtisadi münasibətlər sisteminin mühüm elementi olaraq, əmək münasibətlərinin və bu münasibətlərdə baş verən dəyişikliklərin elektron müstəvidə rəsmiləşdirilərək şəffaflaşdırılmasına xidmət edir. Bununla işçi və işəgötürənlərin əmək münasibətləri sahəsində hüquqlarının əsaslı təminat vasitəsi olan həmin sistem eyni zamanda əmək bazarına nəzarətin çevik və obyektiv uçotunun aparılmasına şərait yaradır. Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə müraciətlərin sayı 9 milyon 80 mini keçmişdir.

Dövlət başçısının uğurlu sosial siyasətinin bir nümunəsi də ölkə vətəndaşlarının mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə sosial mənzillərin tikintisi istiqamətində kompleks işlərin görülməsidir. Prezidentin 2016-cı il 11 aprel tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti Yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yaradılmışdır. Agentliyin əsas vəzifəsi gəlir səviyyəsi orta və aşağı olan insanların, əsasən də gənclərin, gənc ailələrin mənzil əldə etməsi üçün yeni binalar tikdirmək və mənzillərin qiymətinin əlçatan olmasından ibarətdir.

Bütün bunlar onu göstərir ki, Ulu öndərin Azərbaycanın gələcək inkişafı ilə bağlı arzuları onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Hörmətli qurultay iştirakçıları!

Azərbaycan Həmkarlar İttifaqları 25 il əvvəl yeni tarixi mərhələyə qədəm qoydu. AHİŞ-in tarixə çevrilməsi, AHİK-in yaradılması və ictimai-siyasi həyatda baş verən çətin proseslərdən necə keçdiyimiz yaddaşlardadır. Qəbul etdiymiz konfederativ modelin özünü doğruldacağına şübhə ilə yanaşanlar da az deyildi. Belə bir məsuliyyətli vaxtda ölkəmizin başı üzərini almış qara buludlar - xain qonşularımızın Azərbaycan torpaqlarına göz dikməsi, Qarabağda qeyri-bərabər döyüşlərin getməsi, minlərlə insanın doğma yurd-yuvalarından didərgin düşərək qaçqın və köçkünlərə çevrilməsi həmkarlar ittifaqlarına da saysız-hesabsız  problemlər yaratmışdı.

Lakin Azərbaycan həmkarlar ittifaqlarının dəyişməz olan həmrəylik ənənənələri sayəsində sahə həmkarlar ittifaqları özlərinin qəti mövqelərini ortaya qoyaraq yekdil rəyə gəldilər. AHİK-in Nizamnaməsi, digər sənədlər qəbul edildi. Məhz AHİK-in I qurultayından sonra Azərbaycan həmkarlar ittifaqlarının tarixində dönüş mərhələsi başlandı.

Müəyyən qüvvələr AHİK-i lüzumsuz konfliktlərə cəlb etməyə çalışsalar da, bu səylər həmkarlar ittifaqları tərəfindən dəf edilirdi. AHİK bu cür hadisələrin fövqündə dayanaraq öz konfederativ statusunu qorudu, illər keçdikcə vətəndaş cəmiyyətində, beynəlxalq aləmdə rolumuz və nüfuzumuz artdı. Biz təşkilati birliyimizi və yeni şəraitdə möhkəmliyimizi qoruyub saxlaya bildik. Hər il keçirilən məclislərdə müzakirə etdiymiz məsələlər həmkarlar ittifaqlarının daha da yeniləşməsinə, cəmiyyətdə nüfuzunun artmasına səbəb olurdu. Qurultaylarımızda islahat xarakterli, konstruktiv, dünya təcrübəsi əsasında potensialımızın artırılmasına dair əsas istiqamətlər müəyyənləşdirildi. AHİK dünya həmkarlar ittifaqı hərəkatının bərabərhüquqlu üzvünə çevrildi.

25 illik fəaliyyətimizi dünya həmkarlar ittifaqı hərəkatından ayırmaq mümkün deyil. AHİK dünyanın əksər mütərəqqi həmkarlar ittifaqı mərkəzləri ilə, o cümlədən Türkiyə, Fransa, Polşa, Belçika, Yaponiya, İtaliya, Macarıstan, Norveç, İsrail, Bolqarıstan, Litva, Latviya, Çin və MDB ölkələrinin həmkarlar ittifaqları ilə əməkdaşlıq edir. Hesabat dövründə 10 ölkənin həmkarlar ittifaqı mərkəzləri ilə memorandum, müqavilə imzalamışıq. Özündə dünyanın demokratik həmkarlar ittifaqı mərkəzlərini birləşdirən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK-in), MDB ölkələri həmkarlar ittifaqlarının daxil olduğu Ümum Həmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK-in) üzvüyük. AHİK-in sədri isə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidentidir. Bunu Azərbaycan həmkarlar ittifaqlarının uğurlu fəaliyyətinə, onun beynəlxalq həmkarlar ittifaqı hərəkatındakı iştirakına verilən yüksək qiymət kimi dəyərləndirmək lazımdır.

Beynəlxalq əməkdaşlıqdan söz açmışkən bu gün bizimlə daha sıx təmasda olan Avropa həmkarlar ittifaqları qarşısında duran başlıca məsələlərə də toxunmaq istəyirəm. Burada ilk yerdə işçilərin əmək hüquqlarının qorunması, sosial dialoq və kollektiv müqavilələr gəlir.

Avropa həmkarlar ittifaqı təşkilatları

 Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində hər il mütəmadi olaraq BƏT-in “Standartların tətbiqi” komitəsində hüquq pozuntuları mövcud olan ölkələrin siyahısını hazırlayır və xüsusi hallar üzrə müzakirələri təşkil edir. Bu müzakirələrdən sonra BƏT-in ölkələr üzrə qətnaməsi qəbul olunur.

Həmkarlar ittifaqı təşkilatlarının hüquqlarının pozulduğu ölkələrdə beynəlxalq səviyyədə onlarla həmrəylik tədbirləri təşkil olunur, etiraz mitinqləri dəstəklənir. Ölkə rəhbərliyinə beynəlxalq və ya regional səviyyədə etiraz məktubları göndərilir. Son illərdə Qazaxıstan, Makedoniya, Serbiya, Bosniya və Herseqovina, Türkiyə və Ukrayna həmkarlar ittifaqı təşkilatlarının təşkilatlanma hüquqlarının pozulması ilə bağlı analoji tədbirlər həyata keçirilmişdir.

Milli həmkarlar ittifaqı mərkəzlərinə ölkədə əmək qanunvericiliyi ilə bağlı islahatların həyata keçirilməsi, qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində beynəlxalq texniki dəstək göstərilir.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası həmkarlar ittifaqı təşkilatlarının hüquqlarının pozulması ilə bağlı illik bülleten nəşr edir. Bülletendə hər bir ölkə üzrə həmkarlar ittifaqı təşkilatlarının istər qanunvericilikdə, istərsə də praktikada üzləşdiyi problemlər haqqında geniş məlumat yerləşdirilərək əlaqədar qurumlara göndərilir.

Avropa regionu üzrə milli həmkarlar ittifaqı təşkilatları mərkəzlərinin hüquqşünaslarının illik görüşünün təşkili, hesabatların hazırlanması, sosial tərəfdaş kimi Pan Avropa Regional Şurasının Avropa Komissiyası ilə kollektiv danışıqların da böyük faydası vardır. Yeri gəlmişkən, AHİK-in sədri həm də Pan Avropa Regional Şurasının vitse-prezitdentidir.

BHİK-in Qazaxıstan, Özbəkistan və digər ölkələrə xüsusi missiya göndərilərək dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirməsini, həmkarlar ittifaqı təşkilatlarına hörmətlə yanaşılmasını təkidlə tələb etməsi də müsbət təcrübədir.

Avropa həmkarlar ittifaqlarının fəaliyyətində sülh, demokratiya və stabillik məsələləri də önəmli yer tutur. Avropa Həmkarlar İttifaqları Konfederasiyasının, PARŞ-ın Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına dəstək verərək Vətəndaş Cəmiyyəti Forumunda təmsil olunması buna sübutdur. Nəzərinizə çatdırım ki, AHİK də bu forumda ölkəmizin vətəndaş cəmiyyəti qurumları tərəfindən seçilərək iştirak edir.

Son dövrlər Avropa həmkarlar ittifaqı mərkəzlərinin diqqəti miqrasiya problemlərinə çevrilmişdir.

BHİK beynəlxalq səviyyədə miqrasiyanın tənzimlənməsi məsələləri ilə bağlı prioritetlərini açıqlamışdır. Bunlar qeyri-formal iqtisadiyyatın leqallaşdırılması ilə bağlı normaların inkişaf etdirilməsi, məcburi əməyə dair protokolun icrasına nəzarətin gücləndirilməsi, BƏT-in 29 saylı Konvensiyasının icrasıdır.

BHİK eyni zamanda konvensiyanı ratifikasiya etmiş ölkələrin iqtisadiyyatına miqrantların müsbət təsirinə dair tədqiqatlar hazırlayır, milli səviyyədə işçi miqrantların hüquqlarının artırılması ilə bağlı layihələr həyata keçirir.

Miqrant axınının görünməmiş həddə çatması bu prosesin ciddi təhlil olunmasını və tənzimlənməsini zəruri etmişdir. BƏT-in hesablamalarına əsasən, 95 milyon adam öz ölkəsini iş axtarmaq məqsədilə tərk etmişdir. Miqrantlar əsasən inkişaf etmiş ölkələrə üz tuturlar. Azərbaycandakı əlverişli coğrafi mövqe, siyasi sabitlik, dinamik inkişaf, tolerant cəmiyyət, beynəlxalq əməkdaşlığın genişlənməsi miqrantlar üçün cəlbedici mühit formalaşdırmışdır. Ölkəmizdə miqrasiya siyasəti sahəsində bir sıra mühüm addımlar atılıb. AHİK-in irəli sürdüyü  təkliflər partnyorlarımızla bağlanmış üçtərəfli Baş Kollektiv Sazişdə öz əksini tapıb.

AHİK-də miqrasiya siyasətinə dair işçi qrupu yaradılıb, həmkarlar ittifaqı təşkilatlarının uzunmüddətli Fəaliyyət Proqramı qəbul olunub, müxtəlif bukletlər, əmək miqrantlarının yaddaş kitabçası çap olunub, bir neçə beynəlxalq təşkilatla və həmkarlar ittifaqı mərkəzləri ilə əməkdaşlıq haqqında ikitərəfli sazişlər imzalanıb. Həmin sənədlərdə əmək miqrantlarının hüquqlarının müdafiəsi üzrə, əmək münasibətlərində etnik, dini və siyasi diskriminasiyaya qarşı öhdəliklər əksini tapıb. AHİK-in atdığı addımlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

Respublikamız bu gün mühüm siyasi, iqtisadi, mədəni təşəbbüslərin icraçısı kimi tanınır və qlobal forumlara, konfranslara, layihələrə ev sahibliyi edir. Bu tədbirlərin Azərbaycanda keçirilməsi ilk növbədə respublikamızın sivilizasiyalararası dialoq prosesində fəal mövqe tutduğunu, körpü rolunu oynadığını göstərir. Hesabat dövründə BƏT və BHİK-lə birlikdə həmkarlar ittifaqı üçün aktual mövzularda beynəlxalq tədbirlər - seminar, konfrans, görüşlər keçirilmişdir. BƏT, BHİK, ÜHİK, Türkiyə və Rusiyanın ən böyük həmkarlar ittifaqı qurumları öz mötəbər tədbirlərini Azərbaycanda keçiriblər.

Bu tədbirlərdən birini xüsusi vurğulamaq istəyirəm. Bu tədbir sayəsində Azərbaycan Avropanın gənc həmkarlar ittifaqı liderlərinin təlim mərkəzinə çevrilmişdir. Pan Avropa Regional Şurasının ənənəvi olaraq hər il bizim maliyyə dəstəyimizlə keçirdiyi gənclər konfranslarına aparıcı Avropa ölkələri  həmkarlar ittifaqı mərkəzləri böyük önəm verir. Bu tədbirlərə həm də sosial tərəfdaşlarımız dəvət olunurlar. Aktual mövzular onların nümayəndələrinin iştirakı ilə müzakirə olunur və gənclərin böyük diskussiya arenasına çevrilir. Son belə tədbir ötən ilin noyabrında “Gənclərin məşğulluğu və iş dünyasının gələcəyi” mövzusunda keçirildi. Bu konfransa dünyanın müxtəlif ölkələrini təmsil edən 30 gənc lider qatılmışdı. Bir o qədər də azərbaycanlı gəncin iştirak etdiyi tədbir qonaqlarımız tərəfindən yüksək dəyərləndirildi. Azərbaycan həmkarlar ittifaqlarının Avropada nüfuzunun artmasına yardımçı oldu.

AHİK dünya həmkarlar ittifaqları hərəkatının bərabərhüquqlu üzvü olaraq inkişafının əsas prinsipial istiqamətlərini müəyyənləşdirmiş, 2013-2017-ci illər ərzində dünya, Avropa və MDB dövlətlərinin həmkarlar ittifaqı birlikləri ilə dialoqun, təcrübə mübadiləsinin və müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinə, vahid strategiyanın dəstəklənməsinə və xarici ölkə həmkarlar ittifaqı mərkəzləri ilə faydalı münasibətlərin qurulmasına böyük güc sərf etmişdir.

AHİK-in nümayəndələri çeşidli ölkələrdə iştirak etdikləri qurultaylarda, konfranslarda, seminarlarda, aksiyalarda, görüşlərdə həmişə respublikamızın ümumilli problemlərini önə çəkmiş, dünya həmkarlar ittifaqlarının diqqətini respublikamızın əsl həqiqətlərinə cəlb etməyə çalışmışlar. Hər dəfə “Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın beynəlxalq hüquq normalarına uyğun olaraq şərtsiz azad olunması zəruridir” fikri vurğulanmış və dünya dövlətləri haqqın, ədalətin yanında olmağa çağırılmışdır.

Azərbaycanın 20 faizdən çox ərazisini işğal altında saxlayan təcavüzkar Ermənistanın sülhə, sabitliyə və iqtisadi əməkdaşlığa potensial təhlükə mənbəyi olduğu bildirilmiş, erməni lobbisinin respublikamıza qarşı apardığı bədnam təbliğata qarşı effektiv əks-hücumun təşkili prosesində çoxminli həmkarlar ittifaqı ordusunun da fəal mövqe tutmasının son dərəcə vacib olduğu qeyd edilmişdir.

MDB ölkələrinin həmkarlar ittifaqları mərkəzləri ilə əlaqələrimizin daha da möhkəmlənməsi sayəsində AHİK Rusiya Həmkarlar İttifaqları Federasiyası, Sverdlovsk və Həştərxan vilayət həmkarlar ittifaqları təşkilatları, Gürcüstan Həmkarlar İttifaqları Birliyi, Tacikistan Hİ Federasiyası ilə memorandum və  əməkdaşlıq müqavilələri bağlamışdır. AHİK və üzv təşkilatları haqqında düzgün informasiyanın yayılmasında ÜHİK-in orqanı olan “Vestnik profsoyuzov” toplusunun imkanlarından geniş istifadə edirik. Vaxtaşırı AHİK və üzv təşkilatlarının fəaliyyətinə dair materiallar, rəhbər işçilərin çıxışları, mühüm tədbirlər haqqında məlumatlar çap olunur.

AHİK-in yarandığı ilk illərdə dünya və milli həmkarlar ittifaqı mərkəzlərindən ilk olaraq səsimizə səs verən qardaş Türkiyənin “Türk-İş”, “Haqq-İş” konfederasiyaları, Avrasiya Metal İşçiləri Federasiyası oldu. Bu əməkdaşlıq münasibətləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tanıdılmasında böyük rol oynadı.

Hörmətli qurultay iştirakçıları!

Bu gün hamımızın diqqəti qlobal böhran şəraitində əldə olunmuş sosial nailiyyətlərin qorunub saxlanmasına yönəlmişdir. Belə bir şəraitdə iqtisadi cəhətdən səmərəli, sosial ədalətli və ekoloji təhlükəsiz inkişaf modeli uğrunda mübarizəni davam etdirəcək, bundan sonra da çalışacağıq ki, bizim həmkarlar ittifaqı ailəsində hər kəs özünü bərabərhüquqlu hiss etsin, köməksiz qalmasın.

Hazırda Konfederasiyamızın ətrafında 1 milyon 500 minə yaxın üzvü birləşdirən 16901 həmkarlar ittifaqları təşkilatları fəaliyyət göstərir.

Son 5 ildə 507 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılmış, həmkarlar ittifaqı üzvlərinin sırasına 56.497 nəfər cəlb edilmişdir. Həmkarlar ittifaqı təşkilatları olan müəssisələrdə işləyənlərin 95.5 faizi həmkarlar ittifaqı üzvüdür.

Bu sırada 2014-cü ildə Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqının təsis edilməsi nəticəsində 49 həmkarlar ittifaqı təşkilatının yaranmasını xüsusi qeyd etmək lazımdır. Nazirlik sistemində çalışan 13162 nəfər sıralarımıza qoşulmuşdur. Eləcə də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının apardığı müsbət iş diqqətəlayiqdir. Əgər 2014-cü ildə Muxtar Respublikada 1537 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərirdisə, hazırda bu təşkilatların sayı 1579-a çatdırılmışdır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayının proqram sənədlərində üzv təşkilatlarının qarşısında, mülkiyyət münasibətlərindən asılı olmayaraq, respublikada fəaliyyət göstərən bütün müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının yaradılması və üzvlərin sayının artırılması işinin gücləndirilməsi vəzifəsi qoyulmuşdur. Bu vəzifənin icrası məqsədilə mövcud problemlər araşdırılıb, gənc işçilərin maraqları öyrənilib və müvafiq tədbirlər həyata keçirilib. 2005-ci ildə 3340 xarici, birgə özəl firma və şirkətdə həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərirdisə, hazırda bu təşkilatların sayı 3502-dir.

Bu uğurlarla yanaşı, hələ də həllini gözləyən problemlər qalmaqdadır. Məsələn, bəzi regionlarda əməkçilər, xüsusən gənclər həmkarlar ittifaqlarına üzvlüyün üstünlüklərini bilmir, yaxud işçilərin sosial problemlərinin həllində və hüquqlarının qorunmasında həmkarlar ittifaqının oynadığı rol barədə az məlumatlıdırlar. Bəzi hallarda isə işəgötürənlərin təzyiqi nəticəsində həmkarlar ittifaqına üzv olmaqda həvəsli görünmürlər, işəgötürənin əks hərəkətlərindən çəkinən işçilər fərdi qaydada məhkəmədə iddia qaldırmağa, həmkarlar ittifaqının təmsilçiliyi üçün vəkalətnaməni rəsmiləşdirməyə qərar verə bilmirlər. AHİK bütün bunları nəzərə alaraq son 2 il ərzində “İlk həmkarlar ittifaqını necə yaratmalı”, “Sənin həmkarlar ittifaqın sənin müdafiəçindir” kitablarını hazırlamış, “Həmkarlar ittifaqına üzv ol” devizi altında regionlararası silsilə seminarlarda təqdimatını keçirmişdir.

Hesabat dövründə AHİK-in məclislərində baxılmış məsələlər - “Müasir iqtisadi şəraitdə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təkmilləşdirilməsində həmkarlar ittifaqlarının rolu”, “Uşaq əməyi: mövcud vəziyyət və gələcək addımlar”, “Həmkarlar ittifaqı üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin müdafiəsində Azərbaycan həmkarlar ittifaqları əməyin hüquq müfəttişlərinin rolu” bizim üçün ən prioritet vəzifələr olmuşdur.

Ötən dövrdə AHİK-in Məclisində 5, İcraiyyə Komitəsinin iclaslarında 878 məsələyə baxılmışdır. Müzakirə olunan məsələlərin əksəriyyəti həmkarlar ittifaqının mühüm, həyati əhəmiyyətli problemlərini əhatə etmişdir. Həmin problemlərin çoxu sizə yaxşı tanışdır: əməkhaqqı, layiqli əmək, məşğulluq, qanunvericiliyin təkmilləşdirilməsi, əməyin mühafizəsi, sağlam iş şəraiti.

Hörmətli qurultay nümayəndələri!

Müasir şəraitdə vətəndaş cəmiyyəti institutlarının inteqrasiya və əməkdaşlığın inkişafında rolu böyükdür. Həmkarlar ittifaqı vətəndaş cəmiyyətini tarazlayan vasitə və dayaqdır. Həmkarlar ittifaqının əsas məqsədlərindən biri sosial dialoq vasitəsilə layiqli əmək prinsiplərini əks etdirən strategiyanı formalaşdırmaqdır. Sosial əməkdaşlığın səmərəsini yüksəltmək məqsədilə indiyədək xeyli iş görülmüşdür. Həmkarlar ittifaqı uğurlarını sosial tərəfdaşlığın daha da inkişaf etdirilməsində görür. Bu sahədə işçilərin hüquq və mənafelərinin qorunması ilə yanaşı, sahibkarlarla danışıqlarda məsələnin optimal həlli üçün, yeri gəldikdə güzəştə getmək də nəzərdə tutulub. Sosial tərəfdaşlıq çərçivəsində görülən işlər öz müsbət nəticəsini verməkdədir. Azərbaycan həmkarlar ittifaqları tripartizmi dəstəkləyir, sosial dialoq və sosial ədalət prinsiplərinə tərəfdardır.

Təəssüf ki, biznes adamlarının heç də hamısı əməkdaşlığa cəhd göstərmir, əksinə, var qüvvələri ilə öz müəssisələrində həmkarlar ittifaqı təşkilatının yaradılmasına mane olurlar. Onlarla mübarizə aparmaq lazım gəlir. Konstruktiv danışıqlar prosesinə ciddi diqqət yetirilir. Harada sosial tərəfdaşlığın və həmkarlar ittifaqı təşkilatının olmasının vacibliyini başa düşürlərsə, problemlər sarsıntısız həll edilir. Biz əminik: maraqları balanslaşdırmaq və razılığa gəlmək həmişə mümkündür, yalnız istək olmalıdır.

Yeri gəlmişkən, həmkarlar ittifaqları hakimiyyət strukturları ilə də ən yüksək səviyyədə konstruktiv əməkdaşlıq edirlər.

Təsadüfi deyildir ki, 27 yanvar 2012-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, AHİK-in və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli (Tripartizm) Sosial Şurası yaradılıb və Əsasnaməsi qəbul olunub. Bu, sosial tərəfdaşlarla hüquq bərabərliyi prinsipi əsasında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, konvensiyalarda və milli qanunvericilikdə nəzərdə tutulan iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi üçün birgə fəaliyyəti təmin etmişdir.

AHİK uzun müddət idi ki, Üçtərəfli Komissiya yaradılması üçün təkliflər irəli sürürdü. Nəhayət, 2016-cı il sentyabrın 30-da Azərbaycan Respublikası Nazirlər Kabineti, AHİK və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsi haqqında birgə qərar imzalandı. Bununla Azərbaycan həmkarlar ittifaqları yeni bir inkişaf mərhələsinə daxil oldu. Bu komissiyanın yaradılması ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunmasında, bir sıra vacib sosial-iqtisadi məsələlərin həllində sosial partnyorların fəaliyyətinin daha sıx formada əlaqələndirilməsinə, işçilərin və işəgötürənlərin hüquqlarının yüksək səviyyədə qorunmasına, bu sahədə sosial əməkdaşlığın təkmilləşməsinə xidmət edir.

Ölkədə sosial-iqtisadi inkişaf proseslərinin, əmək və sosial müdafiə, sosial partnyorluq sahəsində əldə olunmuş müsbət təcrübənin inkişaf etdirilməsinə geniş imkan yaranıb. Əminik ki, Üçtərəfli Komissiya ona bəslənən ümidləri doğruldacaqdır.

Azərbaycan Respublikası vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi ölkədə keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son illər dövlət tərəfindən əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir.

Görülmüş tədbirlər nəticəsində iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanları daha da genişləndirilmiş, makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, bu sahədə əlverişli şəraitin yaradılması vasitəsilə tarazlı və bilavasitə yoxsulluğun azaldılmasına istiqamətlənmiş inkişafın reallaşdırılması, eləcə də müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial mexanizmlərin ölkənin iqtisadi mühitinə inteqrasiyasının prioritet kimi müəyyən olunması milli iqtisadiyyatın yönümlülüyünü daha da artırmışdır.

Son on il ərzində minimum əməkhaqqının səviyyəsi 3,0 dəfə, ölkə üzrə orta aylıq əməkhaqqı 3,3 dəfə, əmək pensiyalarının baza hissəsi 4,4 dəfə, orta aylıq pensiya 6,4 dəfə artmışdır. Nəticə etibarilə ölkədə yoxsulluğun səviyyəsi 46 faizdən 5,4 faizə enmişdir. İşsizlik səviyyəsi isə 5 faizə bərabərdir.

Ümumdaxili məhsul 2006-cı illə müqayisədə 2016-cı ildə adambaşına 3 dəfə artaraq 6.224 manat olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorlar üzrə strateji yol xəritələrində də Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin olunması, əmək bazarında çevik siyasətin həyata keçirilməsini təmin edən institutlar vasitəsilə sosial dialoqun inkişafı və inklüziv məşğulluğun artmasına nail olunması, habelə əmək resurslarından səmərəli istifadə nəticəsində əmək məhsuldarlığı səviyyəsinin yüksəldilməsi əsas strateji hədəf və prioritetlər kimi müəyyən edilmişdir.

Qeyd olunan hədəflərə nail olmaq üçün ölkədə qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılmasına yönəlmiş institusional mühitin təkmilləşdirilməsi istiqamətində tədbirləri davam etdiməyi zəruri hesab edərək, ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən - işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsi və bu sahədə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyası yaradılıb.

Əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib, işçi qrupu, Komissiya yanında Qeyri-Rəsmi Məşğulluqla Mübarizə Mərkəzi qurulub.

Komissiyaya icra orqanlarının rəhbərləri ilə yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti daxil olunublar.

Ölkə prezidenti 9 oktyabr 2017-ci il tarixdə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” sərəncam imzaladı.

Tədbirlər Planında beş istiqamət - normativ - hüquqi aktların təkmilləşdirilməsi, inzibatçılığın təkmilləşdirilməsi, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, monitorinq və qiymətləndirmə sisteminin qurulması, qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkilini nəzərdə tutur.

Qeyd etmək lazımdır ki, tədbirlərin icrası müvafiq dövlət qurumlarına tapşırılıb, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının iştirakı da tövsiyə olunub.

Tədbirlər Planının icrası nəticəsində mərhələli şəkildə qeyri- rəsmi fəaliyyətlə məşğul olanların  1 milyon nəfəri real iş sektoruna cəlb ediləcəkdir.

Yeri gəlmişkən, hesabat dövründə 3 Baş Kollektiv Saziş, hər il orta hesabla 110 sahə (tarif) sazişləri, 12 min kollektiv müqavilə bağlanmışdır. Həmin sənədlərdə həmkarlar ittifaqlarının tələbləri öz əksini tapmışdır. Bu sahədə görüləcək işlərə Azərbaycan Respublikasının “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” təminat yaradır. Bu Proqramın hazırlanmasında AHİK fəal iştirak etmişdir. İlk növbədə Ölkə Proqramının yerinə yetirilməsində həmkarlar ittifaqlarının öhdəlikləri müəyyənləşdirilib. Həmkarlar ittifaqlarının mövqeyini əks etdirən tövsiyələr qəbul edilmişdir. Həmkarlar ittifaqı təşkilatlarına əməyin ödənilməsi sahəsində öz səylərini ilk növbədə əməkhaqqı siyasətinin, əməyin ödənilməsi üzrə qanunvericiliyin təkmilləşdirilməsinə, orta aylıq əməkhaqlarının artırılmasına yönəltmələri tövsiyə edilmişdir.

Layiqli Əmək üzrə Ölkə Proqramı hazırlanarkən orada prioritetlərimizin əks olunmasına çalışmışıq. Bunlar əsasən qeyri-formal iqtisadiyyatın leqallaşdırılması, gender bərabərliyinin təmin olunması, diskriminasiya hallarının qarşısının alınması problemləridir. Digər tərəfdən, işsizliyin aradan qaldırılması, gənclərin məşğulluğunun təmin edilməsi, layiqli iş yerlərinin yaradılması da önəmli məsələlərdəndir. Sosial dialoqun inkişaf etdirilməsi, kollektiv saziş və müqavilələrin sayının artırılması, təlimatlandırma və maarifləndirmə işlərinin gücləndirilməsi kimi məsələlərin həlli birgə fəaliyyətin nəticəsi olmalıdır. Məhz bu problemlər 2016-2020-ci illər üçün Ölkə Proqramının qəbul edilməsini zərurətə çevirmişdir.

Hesab edirəm ki, Layiqli Əmək üzrə Ölkə Proqramının həyata keçirilməsində Milli Üçtərəfli Komissiya özunəməxsus rol oynayacaqdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sosial tərəfdaşlarımızla konstruktiv əməkdaşlığı Ölkə Proqramının uğurlu icrasına imkan yaratmışdır. Biz əminik ki, sosial siyasətin tənzimlənməsində beynəlxalq əmək normaları əsas meyar olmalıdır. Ölkəmizdə BƏT-in 58 Konvensiyası ratifikasiya olunmuş, konvensiyaların bir çox tələbləri Əmək Məcəlləsində, Mülki Məcəllədə, Cinayət Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, Müflisolma Məcəlləsində öz əksini tapmışdır.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Milli Məclisi 2004-cü ilin əvvəlində ölkəmizin Dəyişdirilmiş Avropa Sosial Xartiyasına qoşulması barədə qərar qəbul etmişdir. İndiyədək AHİK Xartiyadan irəli gələn vəzifələri yerinə yetirmək üçün bir çox tədbirlər görmüşdür. Bəzi qanunvericilik aktlarının Xartiyanın tələblərinə uyğunlaşdırılması barədə müvafiq hökumət orqanlarına təkliflər verilmiş, Baş Kollektiv Sazişə bəzi mühüm müddəalar daxil edilmişdir.

Bu illər ərzində Avropa Sosial Xartiyası Azərbaycan həmkarlar ittifaqları üçün mühüm bir sənədə çevrilərək sosial və əmək münasibətlərinə müsbət təsir edir. Xartiya ölkəmizdə sosial vəziyyətin yaxşılaşdırılması sahəsində baza prinsiplərinin formalaşması üçün səmərəli normativ rolunu oynayır, iqtisadi və sosial hüquqların geniş dairəsini tənzimləyir. Azərbaycanda qurulan sosial müdafiə sistemi Avropa Sosial Xartiyası ilə müəyyənləşdirilən tələb və standartlara cavab verir.

AHİK müvafiq dövlət orqanları tərəfindən göndərilmiş normativ-hüquqi aktların layihələrinin ekspertizasında iştirak etməklə bərabər, Dəyişdirilmiş Avropa Sosial Xartiyasının və BƏT-in konvensiyalarının tələblərinə cavab verməsi baxımından mövcud qanunlara dəyişiklik olunması təklifi ilə də çıxış etmişdir. Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsinə minimum əməkhaqqının ölkə üzrə yaşayış minimumuna çatdırılması barədə verdiyimiz təklif Baş Kollektiv Sazişə salınıb. Onun həyata keçirilməsi üçün Əmək Məcəlləsində “Minimum əməkhaqqı” anlayışının BƏT-in 131 nömrəli Konvensiyasına uyğunlaşdırılması haqqında təklif vermişik. Bu təklifimizin həyata keçirilməsi ilə Avropa Şurası Nümayəndələr Komitəsinin (Dəyişdirilmiş) Avropa Sosial Xartiyasının tələbi baxımından “Hər bir halda ölkə üzrə minimum əməkhaqqı orta əməkhaqqının 60 faizi səviyyəsindən aşağı olmamalıdır” mövqeyinə daha da yaxınlaşmış olarıq. Təklifimiz “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu layihəsində əksini tapmışdır.

Milli qanunvericiliyimizin BƏT-in “Analığın mühafizəsi haqqında” 183 nömrəli Konvensiyasına uyğunlaşdırılması məqsədilə AHİK tərəfindən Əmək Məcəlləsinə “Hamiləliyə və doğuşa görə məzuniyyətin hamiləlik dövrünün müddəti doğuş nəzərdə tutulduğu vaxtdan uşağın faktik doğulduğu vaxtadək olan günlərin sayı qədər uzadılır. Lakin məzuniyyətin doğuşdan sonrakı dövrü qısaldılmır” müddəasının salınması barədə Baş Kollektiv Sazişə verilən təklif də yuxarıda adıçəkilən Qanun layihəsinə salınmışdır. Keçən qurultayda müddətli əmək müqavilələrinin bağlanması ilə bağlı problemlər olması və Əmək Məcəlləsinin 47-ci maddəsinin (müddətli əmək müqaviləsi bağlanan hallar) “f” bəndində (“tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə”) dəyişikliklərin edilməsi məsələsinin həllinə köməklik edilməsi barədə Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri HİRK tərəfindən fikir səslənmişdi. Bununla bağlı tərəfimizdən Baş Kollektiv Sazişə verilən təklif qəbul olundu və hazırda Məcəllənin 47-ci maddəsinin “f” bəndinə dəyişiklik edilməsi məsələsi də “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu layihəsinə salınmışdır.

Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabineti, AHİK və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2018-2019-cu illər üçün bağlanacaq Baş Kollektiv Sazişə verdiyimiz “3 yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin məbləğinin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddinə çatdırılması” barədə təklif vermişik.

BƏT-in Milli Məclisdə ratifikasiya edilmiş konvensiyalarında əksini tapmış əsas prinsip və hüquqlara əməl olunması AHİK-in daim diqqət mərkəzində saxladığı məsələlərdəndir. Həmin konvensiyalar həmkarlar ittifaqlarının əməli fəaliyyətində səmərəli tətbiq olunur. Həmçinin AHİK ölkəmizin BƏT-in 132, 168, 155, 184, 97 saylı konvensiyalarına qoşulması təkliflərini vermiş, bu sahədə məqsədyönlü işlər aparır. Eyni zamanda 10 ildən çoxdur ki, Baş Kollektiv Sazişdə sosial tərəfdaşlar BƏT-in müvafiq konvensiyalarına, o cümlədən “Məşğulluğa kömək və işsizlikdən müdafiə haqqında” 168, “İşəgötürən borcunu ödəyə bilmədiyi hallarda işçilərin tələblərinin müdafiəsi haqqında” 173, “Əmək təhlükəsizliyinin və gigiyenasının təmin edilməsi əsasları haqqında” 187, “ Kişi və qadın işçilər üçün bərabər münasibət və bərabər imkanlar: ailə vəzifələri olan işçilər haqqında” 156, “Analığın mühafizəsi haqqında” (yenidən baxılmış) 2000-ci il tarixli 183, “Kənd təsərrüfatında əməyin təhlükəsizliyi və gigiyenası haqqında” 184, “Sosial təminat minimum normalar haqqında” 102, “Əlillik, yaşlılıq və ailə başçısının ölümü ilə əlaqədar müavinətlər haqqında” 128, “Əməyin təhlükəsizliyi və gigiyenası haqqında” 155 saylı konvensiyalara qoşulmaq üçün üzərlərinə öhdəliklər götürürlər. Təəssüf ki, bu günədək həmin sənədlərdən yalnız üçü - 132, 156 və 183 saylı konvensiyalar ratifikasiya edilmişdir.

Həmkarlar ittifaqları işçilərin sosial problemlərinin həllinə xidmət göstərə biləcək digər konvensiyaların da ratifikasiyasında maraqlıdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri Beynəlxalq Əmək Təşkilatının hər il keçirilən sessiyalarında sosial tərəfdaşları ilə birlikdə iştirak edir, müzakirə olunan məsələlərlə bağlı öz prinsipial mövqelərini ortaya qoyurlar.

Ümumilikdə son illər BƏT-in əsas çağırışları layiqli iş yerlərinin yaradılması, insanların əmək fəaliyyətinin təhlükəsizliyi istiqamətindədi. Aparılan araşdırmalar göstərir ki, xarici ölkələrlə müqayisədə MDB ölkələrində istehsalatda bədbəxt hadisələrin sayının aşağı düşməsi halları müşahidə edilməkdədir. Azərbaycanda 2013-cü ildə 191, 2017-ci ildə isə 182 nəfərin zərər çəkdiyi qeydə alınıb. Xəsarət alan hər bir işçi 2013-də 71, 2017-də 61 iş günü itirib. AHİK-in təşəbbüsü və fəal iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əməyin təhlükəsizliyinin və sağlamlığın müdafiəsinin milli strategiyası” layihəsi hazırlanmış və hazırda müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılır.

Respublikamızda əməyin mühafizəsi ilə bağlı qanunların, digər normativ sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində böyük işlər görülmüşdür. Sosial tərəfdaşlarımız həmkarlar ittifaqı tərəfindən işçilərin sağlamlıq və təhlükəsizliyinə dair qaldırılan məsələlərin konstruktiv həlli yollarını axtarırlar.

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən ötən ilin sonlarında qəbul olunmuş bir sənəd buna əyani sübutdur. Bildiyiniz kimi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası  həmkarlar ittifaqı üzvlərinin əməyin mühafizəsi sahəsində ictimai nəzarəti həyata keçirməklə yanaşı, onların sağlamlığının da qayğısına qalmağı başlıca vəzifəsi sayır. Aparılan ardıcıl işlər nəticəsində AR Nazirlər Kabineti bu sahədə daha bir normativ sənəd qəbul etmişdir. Belə ki, AHİK 2016-cı ilin dekabr ayında Səhiyyə Nazirinə müraciət edərək, “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı”nın və “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”nın olmaması üzündən hələ də SSRİ Nazirlər Kabinetinin 1987-ci il 16 dekabr tarixli Qərarına istinad edildiyini nəzərinə çatdırmışdı. Təbii ki, o vaxtkı normativlər bu günün tələblərinə tam cavab verə bilməzdi, yeni “Siyahı”nın və “Qaydalar”ın təsdiqinə ehtiyac vardı. Azərbaycan hökuməti, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və AHİK arasında 2008-ci ildən bəri imzalanmış Baş Kollektiv Sazişlərdə də bu sənədlərin yenidən işlənib təsdiq olunması nəzərdə tutulmuşdu.

AHİK-in müraciətindən sonra Səhiyyə Nazirinin göstərişi ilə həmin sənədlər Konfederasiyanın müvafiq şöbələrinin iştirakı ilə yenidən hazırlanmış və AR Nazirlər Kabinetinin 14.12.2017-ci il tarixli 550 saylı Qərarı ilə təsdiq olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, təsdiq olunmuş “Qaydalar”ın 2.8 bəndində göstərildiyi kimi, “Bu normalar çərçivəsində işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla bağlı xərclər buraxılan məhsulun və ya göstərilən xidmətin maya dəyəri xərclərinə aid edilir”. Qeyd etmək istəyirəm ki, bu maddənin Vergi Məcəlləsinə (maddə 109.3) salınması da AHİK-in təşəbbüsü ilə həyata keçirilmişdir. Kollektiv müqavilələrdə, kollektiv müqavilələrin bağlanmadığı hallarda isə əmək müqaviləsində və ya işəgötürənlə həmkarlar ittifaqları arasında razılaşmalarda bu “Qaydalar”la müəyyən olunmuş normalardan yüksək miqdarda, habelə bu “Qaydalar” şamil edilməyən zərərli və ağır əmək şəraitli  iş yerlərində çalışan işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi nəzərdə tutulsa da, normadan artıq xərclər məhsulun maya dəyərinə daxil edilmir və müəssisənin gəliri hesabına ödənilir.

AHİK digər sahələrdə də zəruri normativ sənədlərin qəbul olunması işini davam etdirməkdədir. Xüsusilə tikinti sahəsində bu cür normativ sənədlərə böyük ehtiyac vardır.

AHİK-in təşəbbüsü, sosial tərəfdaşların, icra orqanlarının dəstəyi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “İstehsalatda bədbəxt hadisələrin təhqiqatı və uçotu qaydaları”na dəyişikliklər edilmişdir. Bu dəyişikliklər Azərbaycanda sosial tərəfdaşların maraqlarının beynəlxalq həmkarlar ittifaqı hərəkatının, BƏT-in yürütdüyü siyasətə tam uyğun olduğunu sübut edir. Bu və ya digər vəzifələrin yerinə yetirilməsi üçün AHİK üzv təşkilatların texniki əmək müfəttişliyinin, həmkarlar ittifaqı əməyin mühafizəsi üzrə komissiyalarının və ictimai müvəkkillərinin nəzarət funksiyalarının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirir.

2016-cı ildə 2015-ci illə müqayisədə, sanitar-gigiyena normalarına cavab verməyən iş yerlərində çalışan işçilərin sayı 3,5 faiz artmışdır. Təkcə 2017-ci il ərzində aparılan nəzarət-profilaktika işi nəticəsində həmkarlar ittifaqlarının xidmət dairəsində olan müəssisələrin hər 12 işçisindən birinin həyatı üçün risk faktoru aradan qaldırılmışdır.

Azərbaycan həmkarlar ittifaqlarının bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınmasında fəaliyyət formalarından biri də 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş ənənəvi aksiyalarda iştirak etməsidir. Hesabat dövründə 875 zonalar üzrə tematik seminar keçirilmiş, bu tədbirlərdə həmkarlar ittifaqı fəallarından 22828 nəfər iştirak etmiş, 4598 nəfər anket sorğularını cavablandırmışdır.

AHİK əməyin mühafizəsi məsələlərinin daha geniş miqyasda həll edilməsi məqsədilə bu işə təkcə həmkarlar ittifaqı fəallarını, mütəxəssisləri və ictimaiyyəti cəlb etməklə kifayətlənmir, işəgötürənləri layiqli, sağlam və təhlükəsiz iş şəraiti yaratmağa sövq edir. Bu münasibətlə, 10 ilə yaxındır ki, AHİK hər il “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqələr keçirir. Ötən müddətdə müsabiqələrdə 9328 müəssisə iştirak etmiş, onlardan 297-si qalib adına layiq görülmüşdür.

Hörmətli nümayəndələr!

İndi isə diqqətinizi Azərbaycan həmkarlar ittifaqları üçün vacib olan üç sahəyə - qeyri-formal iqtisadiyyatın leqallaşdırılmasına, gender bərabərliyinə və gənclərin məşğulluğunun təmin edilməsinə yönəltmək istəyirəm.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası qeyri-formal iqtisadiyyatın və onun işçilərə təsirinin səviyyəsini aşağı salmaq üçün məqsədyönlü və təsirli tədbirlər həyata keçirir.

Hələ on il öncə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası qeyri-formal iqtisadiyyatın artan miqyaslarından narahat olduğunu ifadə edərək qeyri-formal əmək münasibətlərində olan işçilərin hüquqlarının qorunması ilə bağlı layihə həyata keçirilməsini qərara almışdı. Bu layihənin icrasına Mərkəzi Avropa və Orta Asiyanın bir sıra ölkəsi, eləcə də Rusiya, Ukrayna Moldova həmkarlar ittifaqı birlikləri cəlb olunmuşdu.

Elə həmin ilin mart ayında sosial tərəfdaşların iştirakı ilə həmkarlar ittifaqlarının fəalları üçün ilk seminar təşkil olunmuşdu. Daha sonra ilin sonuna qədər layihəni icra edən işçi qrupu yaradıldı, Azərbaycanda qeyri-formal iqtisadiyyata dair təhlili material hazırlandı, BHİK-in bu mövzudakı kitabçası tərcümə edilib çap olundu. Layihədə bir sıra sahə həmkarlar ittifaqlarının iştirakı zəruri hesab olundu. Məhz onların iştirakı ilə 2008-ci ilin mart, noyabr, 2009-cu ilin fevral, iyun aylarında Bakı şəhərində, 2009-cu ilin mart və aprel aylarında İmişli rayonunda, sentyabr ayında Qax rayonunda müxtəlif seminarlar, treninqlər və dəyirmi masalar təşkil olundu.

Layihə çərçivəsində həyata keçirilən bütün tədbirlər respublika KİV-lərində, o cümlədən TV-lərdə geniş işıqlandırıldı.

Layihənin nəticələri Budapeştdə keçirilən yekun konfransda təqdim olunub yüksək qiymətləndirildi. Sonradan bu təqdimat nümunəvi layihə kimi BƏT-in Turindəki tədris mərkəzində nümayiş etdirilmişdi.

Biz bütün mümkün vasitə və üsullardan istifadə edərək problemin kökünü, meydana çıxma formalarını və bu cür fəaliyyət növünün nəticələrini BƏT ilə birgə keçirdiyimiz tədbirlərdə, çap etdirdiyimiz kitabçalarda işçilərə izah etməyə çalışırıq. Belə ki, Beynəlxalq Əmək Təşkilatının və AHİK-in birgə təşkilatçılığı ilə təkcə 2015-2016-cı illər ərzində “Sosial partnyorluq mexanizmindən səmərəli istifadə etməklə qeyri-formal iqtisadiyyatın payının azaldılması”, “İqtisadi böhranın dərinləşməsi şəraitində həmkarlar ittifaqının fəaliyyəti və perspektivləri”, “BƏT-in 204 saylı Tövsiyəsinin izahı və tətbiq olunması, qeyri-formal iqtisadiyyat sahəsində həmkarlar ittifaqlarının siyasəti” mövzularında Bakıda və regionlarda müxtəlif tədbirlər keçirilmişdir. Həmkarlar ittifaqlarının lider və fəalları üçün “Qeyri-formal iqtisadiyyat” adlı kitabça və keçirilən seminarların materiallarından ibarət müxtəlif toplular çap olunmuş və yerlərə göndərilmişdir

Hörmətli qurultay iştirakçıları!

Son 5 ildə biz populizmlə məşğul olmamışıq. Əgər qarşımıza hər hansı bir məsələ qoymuşuqsa, həmişə onun həllinə nail olmuşuq. Bu gün açıq - aydın görünür ki, bu cür fəaliyyət, bir təşkilat olaraq, bizi möhkəmləndirmiş, sosial tərəfdaşlarımızla birgə işçilərin mənafelərinə daha sıx səfərbər etmişdir. Xüsusilə ölkəmizdə əmək ehtiyatlarından səmərəli istifadəyə şərait yaradılmaqla əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinin prioritet vəzifələrdən biri olması bizi sevindirir. Ötən 10 il müddətində məşğulluq strategiyasının həyata keçirilməsi üzrə dövlət proqramları, 1,6 milyondan çox iş yerinin yaradılması ölkədə iqtisadi fəal əhali arasında məşğul olanların səviyyəsinin 95 faizədək yüksəlməsinə imkan verib.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ölkəmizdə mövcud demoqrafik meyillər və inkişaf perspektivləri, iqtisadi prioritetlər əsasında uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması üçün Azərbaycan Respublikası Məşğulluq Konsepsiyasının hazırlanması üzrə yaradılmış İşçi Qrupuna AHİK sosial tərəfdaşları ilə birgə daxil edilmiş və öz üzərinə düşən vəzifəni lazımınca yerinə yetirmişdir. Əmək bazarında gərginliyin mövcud olmasına baxmayaraq, dövlət tərəfindən qəbul edilən tədbirlər əmək bazarının tənzimlənməsinə, neqativ proseslərin qarşısının alınmasına kömək edir. AHİK ölkədə iş yerlərinin qorunması, yenilərinin açılması, təhlükəsiz əmək şəraitinin yaradılması və sair işlərdə fəal iştirak edir.

Azərbaycan Respublikası MDB və Avropa ölkələri arasında demoqrafik baxımdan cavan yaş strukturuna malik azsaylı ölkələrdən biridir. Son 3 ildə AHİK tərəfindən keçirilən silsilə seminar-müzakirələrdə, BƏT-in dəstəyi ilə reallaşan konfranslarda, işçi seminarlarda məşğulluq məsələlərinə dair rəy və təkliflərimiz geniş müzakirə olunmuşdur. Sözsüz ki, əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təminatları artıma, rəqabətliyə və yoxsulluğun azalmasına təsir edən əsas amillərdir. Lakin məşğulluq problemi öz-özünə yaranmır, o yerdə üzə çıxır ki, əmək bazarında tələblə təklif uyğun gəlmir, yaxud da ixtisaslı kadrlar çatışmır. Həmkarlar ittifaqları məhz bununla əlaqədar məşğulluq xidmətinin diqqətini tələb olunan peşələr üzrə kadr hazırlanmasına cəlb etmişdir.

İndi isə ölkəmizdə aparılan dövlət gənclər siyasəti barədə fikirlərimi sizinlə bölüşmək istəyirəm. Bu siyasət gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Müvafiq hüquqi sənədlərdə öz əksini taparaq dövlət gənclər siyasəti hökumət qurumları, eləcə də həmkarlar ittifaqları tərəfindən həyata keçirilir.

Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxdı. Ulu öndərin 2 fevral 1997-ci il tarixdə imzaladığı Fərmanla hər il fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd edilir.

Ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi önəm verilir. Prezident İlham Əliyev gənclərə qabiliyyəti və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi bu təbəqəyə daim böyük diqqət və qayğı göstərir. Gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-2011-ci illərdə Azərbaycan Gəncliyi Dövlət Proqramları (2005-2011 və 2011-2015-ci illər üçün) qəbul edilmişdir. Proqramlara uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər həyata keçirilmiş, 2007-ci il ölkədə “Gənclər ili” elan edilmişdir.

Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. Bütün bunları nəzərə alan ölkə prezidenti İlham Əliyev 25 sentyabr 2017-ci il tarixdə “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının qəbul edilməsi barədə Sərəncam imzalamışdır.

Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu uğurla fəaliyyət göstərir. Eyni zamanda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da gənclərimiz üçün mühüm prioritetlər mövcuddur. Heç şübhəsiz ki, bütün bunlar gənclərin potensialından daha mükəmməl şəkildə yararlanmağa hesablanmış bir addımdır.

Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20-dən çox ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər və tələbə həmkarlar ittifaqı təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir: gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və sairə.

Bizim də, ölkəmizin ən böyük ictimai təşkilatı kimi, gənclərlə bağlı geniş fəaliyyət planımız var. AHİK-in İcraiyyə Komitəsinin “Gənc həmkarlar ittifaqı lideri məktəbi” - gənc işçilər üçün kompleks proqram haqqında” qərarı buna bariz nümunədir. Konfederasiyamız gənclərin ixtisaslı kadr kimi hazırlığı işinə yardımçı olmaq üçün “İlin peşəkar gənci” fəxri adını təsis etmişdir. İndiyə qədər müxtəlif sahələrdə çalışan 107 gənc bu ada layiq görülmüşdür.

Yaxşı bilirik ki, təşkilatımızın gələcəyi gənclərlə bağlıdır. Ona görə də gənclərə xüsusi diqqət yetiririk. Əlaçı və ictimai işlərdə fərqlənən tələbələrə həmkarlar ittifaqının vəsaiti hesabına “Adlı təqaüd”, orta məktəb şagirdlərinin bir qisminə təqaüd veririk, 4 minə yaxın imkansız ailədən olan tələbə həmkarlar ittifaqının vəsaiti hesabına universitetlərdə pulsuz nahar edir.

Tələbələrin yemək xərclərinə 341 min manat, həmkarlar ittifaqı fəalı olan əlaçı tələbələrə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdlərinin ödənilməsinə 201 min manat, müsabiqə qaliblərinin mükafatlandırılmasına 194 min manat, “Maarifçi” Tələbə Kredit Fondunun maliyyələşməsinə 100 min manat, gənclər üçün təşkil olunmuş “Ölkəmizi tanıyaq” layihəsinin maliyyələşdirilməsinə 483 min manat vəsait sərf olunmuşdur.

AHİK maddi imkanları aşağı olan ali məktəb tələbələrinin təhsil haqqının bir qisminin ödənilməsini öz öhdəsinə götürmüşdür. Konfederasiya bu tələbələrin təhsil haqqının 30%-ni, bir neçə halda isə 100%-ni ödəmişdir.

Həmkarlar ittifaqı təşkilatlarından Azərsu ASC BHİK tərəfindən, Rabitə İşçiləri Müstəqil HİRK, Təhsil İşçiləri Azad HİRK tərəfindən ümumilikdə 66 aztəminatlı ailənin uşaqlarının təhsil haqqı ödənilmişdir.

Aviasiya İşçiləri HİRK tərəfindən 5 tələbəyə, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRK tərəfindən 31 tələbəyə, Təhsil İşçiləri Azad HİRK tərəfindən 120 tələbəyə aylıq təqaüdlər müəyyən edilmiş və ödənilmişdir.

Həmkarlar ittifaqları təşkilatları tərəfindən 49606 nəfər şəhid ailələrinin üzvlərinə, qaçqın və məcburi köçkünlərə, o cümlədən: Azərsu ASC BHİK tərəfindən 1579 nəfərə, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRK tərəfindən 14427 nəfərə, Təbii Sərvətlər və Ekologiya İşçiləri HİRK tərəfindən 3600 nəfərə, Təhsil İşçiləri Azad HİRK tərəfindən 30000 nəfərə ərzaq və pul yardımları göstərilmişdir.

Bundan əlavə Konfederasiyanın ünvanına daxil olmuş 1580 ərizə müəlliflərinə 135,2 min manat, “20 Yanvar” hadisələrində şəhid olmuş şəxslərin ailə üzvlərinə 57,9 min manat, “Günəşli” yatağında itkin düşmüş və xəsarət almış neftçilərin ailələrinə 49,5 min manat, Silahlı qüvvələrin yardım fonduna 50,0 min manat, Qarabağ müharibəsi əlillərinə 36,3 min manat, himayəyə götürülmüş ailəyə 169,1 min manat, mətbuat işçilərinə 17,2 min manat, Elmlər Akademiyasında keçirilmiş müsabiqə qalibləri olan gənc alimlərə 44,5 min manat, Cəmşid Naxçıvanski adına liseydə müsabiqə qaliblərinə 12,5 min manat yardım verilmişdir.

Ümumilikdə hesabat dövrü ərzində həmkarlar ittifaqları tərəfindən 31,2 milyon manat, o cümlədən AHİK üzrə bir milyon manat maddi yardım göstərilmişdir.

Sadaladığım nominasiyalara layiq görülən gənc işçilərin, tələbələrin, şagirdlərin, eyni zamanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin təhsildə və ictimai işlərdə, ədəbi-bədii müsabiqələrdə fərqlənən kursantlarının şəkilləri “Ülfət” qəzetində dərc olunur.

Yeri gəlmişkən, bu, tərəfimizdən düşünülmüş fayda gətirən təcrübədir. Təhsildə, işdə fərqlənən gənclər, yeniyetmələr, şəkilləri qəzetdə dərc olunmaqla, ilk növbədə ictimaiyyətə tanıdılırlar. Onlar gələcəkdə daha böyük uğurlar qazanmaq baxımından əlavə stimul əldə etmiş olurlar. İkinci tərəfdən, bu gənclər, yeniyetmələr həmyaşıdları üçün yaxşı nümunəyə çevrilirlər. Ən azı ətraflarındakı şagird, tələbə dostları, iş yoldaşları arasında rəqabət yaradırlar. Bu rəqabətdən son nəticədə təhsilimiz, iqtisadiyyatımız qazanır.

Məlumdur ki, kadrların hazırlanması sistemində ən mühüm mərhələ gələcək peşəkarların düzgün seçilməsidir. AHİK-də kadr ehtiyatı  axtarışı 90-cı illərin sonunda başladı. Həmkarlar ittifaqında yaşlanma prosesi gedirdi. Vəziyyətdən çıxmaq üçün “Gənclər siyasəti konsepsiyası”nı qəbul etdik. Konfederasiyanın III qurultayından sonra konsepsiyanın həyata keçirilməsinə başlandı. Bu gün müasir həmkarlar ittifaqlarının modernləşdirilməsi prosesində gənclər siyasətinin mühüm yeri vardır. Bunu aydın görərək problemlərin kompleks şəklində həllinin yollarını axtarırıq.

Gənclərin sosial-iqtisadi problemlərinin həllinə kömək göstərilməsi, onların həmkarlar ittifaqı strukturlarının fəaliyyətinə, keçirdiyi tədbirlərə, aksiyalara cəlb edilməsi və həmkarlar ittifaqının kadr ehtiyatının gənclər hesabına yaradılmasına xüsusi fikir veririk. Bu gün AHİK aparatının hər dörd işçisindən birinin yaşı 35-dən aşağıdır. Azərbaycan həmkarlar ittifaqlarında üzvlərin 21 faizini gənclər təşkil edir. Sahə həmkarlar ittifaqlarında 25 Gənclər Şurası və komissiyası fəaliyyət göstərir. AHİK-in gənclər siyasəti konsepsiyası və bu istiqamətdə mövcud olan digər qərarlar üzv təşkilatlar tərəfindən həyata keçirilir. Kollektiv müqavilələrdə gənclərin sosial-iqtisadi, hüquqi mənafelərinin qorunması, məşğulluğunun təmin edilməsi, əmək şəraitinin yaxşılaşdırılması, mədəni-kütləvi və sağlamlıq işlərinin aparılması məsələlərinə geniş yer verilir. AHİK gənclər arasında işsizliyin aradan qaldırılmasına, onların məşğulluğunun təmin edilməsinə yönəldilən tədbirlərin bir çoxunun təşəbbüskarıdır.

Hörmətli qurultay iştirakçıları!

Azərbaycanda bərqərar olan demokratik mühit qadınların zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Məhz belə bir zəmin əsasında AHİK qadınların ölkənin sosial-iqtisadi həyatında fəal iştirakına, həmkarlar ittifaqlarının strukturlarında daha çox təmsil olunmalarına, onların rolunun gücləndirilməsinə xüsusi diqqət yetirib. Ötən 5 il ərzində gender məsələlərinin həlli üzrə beynəlxalq təşkilatlarla, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə birlikdə 11027 konfrans, seminar, dəyirmi masa və digər tədbirlər keçirilib. Ölkəmizdə gender bərabərliyinin təmin olunmasına yönəlmiş sosial tərəfdaşlıq fəaliyyəti, qanunvericilik islahatları, qadınların təhsil və işlə təmin olunma imkanlarının artması, qadın hüquqlarının qorunmasına dair tədbirlər geniş vüsət almışdır.

Yeri gəlmişkən, həmkarlar ittifaqı üzvlərinin 52,3%-i, AHİK aparatında işləyənlərin 58 nəfəri və ya 48%-i qadınlardır. Üzv təşkilatlarının sədr və müavinləri arasında isçi qadınlar 19% təşkil edir. Həmkarlar ittifaqının seçkili orqanlarında çalışanların 34%-i qadınlardan ibarətdir. Onlardan 24%-i sədr vəzifəsində çalışır.

AHİK-in İcraiyyə Komitəsi 2015-ci il avqustun 21-də “Gender bilikləri və texnologiyası məktəbi” haqqında qərar qəbul etmişdir. Məqsəd müəssisə və təşkilatlarda işləyənləri aktiv həmkarlar ittifaqı fəaliyyətinə cəlb etmək, onların gender biliklərini artırmaq, qadınlar arasında liderlik keyfiyyətlərini gücləndirmək, həmkarlar ittifaqı üzvlüyünün motivasiyasını yüksəltməkdir. Bu layihənin həyata keçirilməsi üçün səmərəli tədbirlər görülmüşdür.

Hörmətli qurultay iştirakçıları!

Son 5 il ərzində həmkarlar ittifaqı üzvlərindən AHİK-ə və üzv təşkilatlara 786484 ərizə və şikayət daxil olmuşdur.

Bu müraciətlərin 6,4%-i işçilərin əmək hüquqlarının pozulması ilə əlaqədar olmuşdur.

AHİK və üzv təşkilatlar tərəfindən görülən işlər nəticəsində daxil olan ərizə və şikayətlərin 95,2%-i müsbət həll olunmuşdur.

Əmək hüquqlarının pozulması ilə əlaqədar AHİK-ə və üzv təşkilatlara 5 il ərzində daxil olan 18916 müraciətin 3145-i işə bərpa ilə əlaqədardır. Onların da həlli ilə bağlı 97 dəfə məhkəməyə müraciət olunub. Bu müddətdə 983 nəfər öz işinə bərpa edilmişdir.

İşdən çıxarılma ilə bağlı işəgötürənlər tərəfindən həmkarlar ittifaqına olan 9088 müraciətin 3103-nə razılıq verilməmişdir və işçilər öz işlərini davam etdirmişlər.

Qeyd etmək lazımdır ki, AHİK-ə və üzv təşkilatlara daxil olan ərizələrin əksəriyyətini maddi yardım ilə bağlı müraciətlər təşkil edir. Onların da hamısı həmkarlar ittifaqları təşkilatları tərəfindən müsbət həll olunmuşdur.

Əziz dostlar!

Bu gün idman Azərbaycanda ictimai həyatın mühüm tərkib hissəsinə çevrilmişdir. İdmançılarımız ildən-ilə dünyanın ən nüfuzlu yarışlarında yüksək nailiyyətlər əldə edirlər. Bütün bu uğurlar ölkədə idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının təzahürüdür. Şəxsən Prezident İlham Əliyev idman infrastrukturunun möhkəmləndirilməsi, müasirləşdirilməsinə və inkişafına böyük töhfə verir. Sağlamlığın qorunması və möhkəmləndirilməsində, gənclərin fiziki inkişafında, ölkənin idman şərəfinin beynəlxalq aləmdə daha da uca tutulmasında Azərbaycan Həmkarlar İttifaqlarının Təşkilatları İctimai Birliyi də fəal iştirak edir. Birliyin ayrı-ayrı idman cəmiyyətlərinin nümayəndələrinin ilk Avropa Oyunlarında, Ümumdünya Şahmat Olimpiadasında, XXXI Yay Olimpiya Oyunlarında, IV İslam Həmrəyliyi Oyunlarında qazandıqları uğurları hələ çox xatırlayacağıq. Belə ciddi sınaqlardan qələbə ilə çıxan idmançılarımız AHİK-in və sahə həmkarlar ittifaqının mükafatları, diplomları ilə də təltif olunmuş, onlara həssaslıqla yanaşılmış, yeni insanları bu sahəyə cəlb etmək üçün həmkarlar ittifaqı tərəfindən spartakiadalar, universiadalar, çempionatlar, yarışlar, müxtəlif idman oyunları keçirilmişdir. Azərbaycan həmkarlar ittifaqlarının məqsədi həmkarlar ittifaqı üzvlərinin və bütün vətəndaşlarımızın bədən tərbiyəsi və idmanla daha da fəal məşğul olmalarıdır.

Son 5 ildə dünya çempionatlarında idmançılarımız 5 qızıl, 9 gümüş, 13 bürünc medal, Avropa çempionatlarında 23 qızıl, 30 gümüş, 25 bürünc medal, beynəlxalq turnirlərdə 36 qızıl, 28 gümüş, 73 bürünc medal qazanmışlar. Bu uğurlar Yay Olimpiya Oyunlarında davam etdirilərək 2 gümüş, 1 bürünc, İslam Həmrəyliyi Oyunlarında 1 qızıl, 2 gümüş, 1 bürünc medal əldə olunmuşdur. Ümumilikdə respublika yarışlarında 249 qızıl, 191 gümüş, 246 bürünc medal qazanılmışdır.

Əziz həmkarlar!

Bu gün informasiya təminatı işi həmkarlar ittifaqı fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Əgər həmkarlar ittifaqı təşkilatı haqqında informasiya yoxdursa, deməli, o təşkilatın fəaliyyəti də yoxdur. Hamıya məlumdur ki, geniş informasiya məkanında yaşayırıq. Belə bir şəraitdə həmkarlar ittifaqları özünün vahid informasiya şəbəkəsini yaradaraq məqsədyönlü iş aparmalıdır. Öz əhəmiyyətinə görə həmkarlar ittifaqı işinin əsas istiqamətlərindən birinə çevrilən, səmərəli informasiya işi həmkarlar ittifaqının güclənməsində mühüm vasitədir. AHİK-in mətbu orqanı “Ülfət” qəzeti, AHİK-in saytı, sahə həmkarlar ittifaqlarının saytları, elektron poçtlar əhəmiyyətli informasiya işinin aparılmasına öz bəhrəsini vermişdir. Bu informasiya vasitələri vasitəsilə AHİK və üzv təşkilatlarının fəaliyyəti işıqlandırılır, informasiya mübadiləsi aparılır, problemlər təhlil edilir, qabaqcıl təcrübə yayılır, həmkarlar ittifaqı üzvləri dünya həmkarlar ittifaqı hərəkatında baş verənlər barədə məlumatlandırılır. Məqsədimiz həmkarlar ittifaqlarını dürüst informasiya ilə təmin etməkdir.

Hörmətli qurultay iştirakçıları!

Ötən beş ildə ənənəmizə sadiq qalaraq üzvlərimizin istirahəti və sağlamlıqlarının bərpasını da diqqət mərkəzində saxlamışıq.

Konfederasiya “Azərbaycan Respublikasında Kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə tabeliyində fəaliyyət göstərən sanatoriya-kurortlarda, istirahət evlərində əsaslı təmir, yenidənqurma və abadlıq işləri aparmış, onların yeni qurğu və avadanlıqlarla təmin olunmasını həyata keçirmişdir.

Bunun sayəsində “Bilgəh”, “Günəşli”, “Şıx” və “Naftalan” sanatoriyaları tam müasir tələblərə cavab verən istirahət və müalicə müəssisələrinə çevrilmişdir. Ümumilikdə 2013-2018-ci illər ərzində “Kurort” Səhmdar Cəmiyyətinin tabeliyində olan sanatoriya-kurortlarda tikinti, yenidənqurulma, əsaslı təmir, abadlıq işləri aparılmasına 22812,0 min manat vəsait xərclənmişdir.

Turizm və Ekskursiyalar Şurasının tabeliyində olan “Xəzər” turist bazasında tikinti, təmir, abadlıq işlərinin aparılmasına 850 min manat, Mingəçevir şəhərində yerləşən 7 mərtəbəli mehmanxana binasının yenidənqurmasına 750 min manat vəsait sərf olunmuşdur.

AHİK-in balansında olan bütün sağlamlıq ocaqlarının ilboyu həmkarlar ittifaqı üzvlərinə və ailələrinə xidmət göstərməsi üçün əlimizdən gələni əsirgəmirik.

2013-2018-ci illərdə həmkarlar ittifaqları tərəfindən sosial-sığorta vəsaiti və həmkarlar ittifaqı büdcəsi hesabına 308223 nəfərin müalicəsi və istirahəti təmin olunmuşdur. Belə ki, sanatoriya-kurort və istirahət müəssisələrində 291973 nəfər, o cümlədən 35 min nəfər uşaq və yeniyetmə, sanatoriya-profilaktoriyada isə 4250 nəfər müalicə olunmuş və istirahət etmişdir, sağlamlıq düşərgələrində 12 mindən çox uşaq dincəlmişdir. Bu məqsədlərə 121 milyon 216 min manat, o cümlədən sosial-sığorta vəsaitləri hesabına 75 milyon 535 min manat vəsait sərf olunmuşdur.

Həmkarlar ittifaqları üzvlərinin istirahətə olan tələbatını ödəmək üçün müasir tələblərə cavab verən yeni istirahət obyektləri tikərək istifadəyə vermişlər. Xaçmaz rayonunun Nabran qəsəbəsində Rabitə İşçiləri Müstəqil HİRK-in istirahət bazasında hər il təqribən 600 nəfər, Dəmiryolçuların Müstəqil HİRK-in istirahət kompleksində 1000 nəfər, Təhsil İşçiləri Azad HİRK-in istirahət ocağında 1500 nəfərdən çox, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRK-in istirahət mərkəzində 1000 nəfərə yaxın  həmkarlar ittifaqı üzvünün istirahəti təşkil olunmuşdur.

2015-ci ilin sonlarında Səhiyyə İşçiləri  Həmkarlar İttifaqı Respublika Komitəsinin Qusarda “Şəfa-Qusar” İstirahət Mərkəzi istifadəyə verilmişdir. Bu istirahət mərkəzində 2016-cı ildə 3000 nəfər, 2017-ci ildə 4500 nəfərdən çox həmkarlar ittifaqı üzvü dincəlmişdir.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Nabranda istirahət mərkəzinin tikintisini davam etdirir. Çalışırıq ki, həmkarlar ittifaqı təşkilatları büdcələrinə daxil olan üzvlük haqlarını qənaətlə xərcləsinlər, üzvlərinə uzun illər xidmət edəcək daşınmaz əmlaka sahib olsunlar.

Yeri gəlmişkən, AHİK və üzv təşkilatlarının, onun tabeliyində olan təşkilatların əmlakının və daimi istifadəsində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən qeyri-qanuni zəbt edilməsi ilə əlaqədar son illər ərzində 9 mülki, 9 inzibati iş ilə bağlı bütün məhkəmə instansiyalarında hüquqlarımız qorunmuşdur. 16 iş üzrə Ali Məhkəmə tərəfindən AHİK-in xeyrinə yekun qərarlar qəbul olunmuşdur. Digər 2 iş üzrə məhkəmə prosesi davam edir. Hesabat dövründə bu qərarların icrası müsbət nəticələr vermişdir.

Biz ənənəvi hesabatdan uzaqlaşaraq sizlərə ümumi istiqamətlər, ümumi problemlərimiz, nailiyyətlərimiz və bizi gözləyən vəzifələr barədə məlumat verməyə çalışdıq.

Çıxışımın sonunda iki önəmli hadisəni xatırlatmaq istəyirəm. Birincisi, Azərbaycan həmkarlar ittifaqlarının yaranmasının 110, həmkarlar ittifaqları mərkəzinin təşkilinin 95 illiyini təntənəli şəkildə qeyd etməyimizdir. Yubiley ərəfəsində maraqlı tədbirlər - spartakiadalar, baxış-müsabiqələr, bədii özfəaliyyət kollektivlərinin festivalı keçirilmişdir. Yubiley ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanda  həmkarlar ittifaqlarındakı xidmətlərə, respublikanın sosial-ictimai və mədəni həyatında göstərdikləri xidmətlərə görə 109 nəfər həmkarlar ittifaqı fəalı orden, medallarla təltif olunmuşdur.

Ümumilikdə son illərdə 344 nəfər, o cümlədən 254 nəfər “Tərəqqi” medalına, 8 nəfər “Vətənə xidmətə görə” medalına, 2 nəfər “Şöhrət” ordeninə, 76 nəfər Azərbaycan Respublikasının fəxri adına, 4 nəfər isə Prezident təqaüdünə layiq görülmüşdür.

Bizə göstərilən bu diqqətə görə Azərbaycan hökumətinə və şəxsən cənab Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.

Elə bu məqamda mənə həvalə olunmuş böyük bir missiyanı yerinə yetirmək istəyirəm. Yüz minlərlə həmkarlar ittifaqları üzvləri qurultayqabağı toplantılarında builki prezident seçkilərində möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləyəcəkləri barədə qərar qəbul etmişlər. Qurultayımıza da onların bu istəklərinin rəsmi sənədlərdə öz əksini tapması üçün mandat vermişlər. Biz 2008 və 2013-cü il prezident seçkilərində olduğu kimi, bu dəfə də ənənəmizə sadiq qalaraq cənab İlham Əliyevin namizədliyini irəli sürüb dəstəkləyəcək, xalq arasında onun könüllü vəkilləri olacağıq.

İkinci mühüm hadisə, BƏT-in 106-cı sessiyasında Azərbaycan Respublikasının ilk dəfə olaraq BƏT-in rəhbər orqanına üzv seçilməsidir. Bu, fəaliyyətimizə verilən yüksək qiymətdir, ədalətli yanaşmanın ifadəsidir. Azərbaycan MDB məkanında BƏT-in nümayəndəliyinin açıldığı ilk ölkələrdən biridir. Bu dövrdə təşkilatla daim genişlənən əməkdaşlıq, birgə layihələrin icrasında əldə olunan zəngin təcrübə bizim üçün geniş imkanlar açır. 25 ildən çoxdur ki, ölkəmiz BƏT-in əmək, məşğulluq, sosial hüquqların təminatı, sosial dialoqun inkişafı və digər sahələr üzrə tədbirlərində fəal iştirak edir. Bunun bariz nümunəsi ötən ilin sentyabrında Bakıda AHİK-in BƏT-lə birlikdə keçirdiyi “Dayanıqlı inkişaf: Həmkarlar ittifaqlarının vəzifələri və perspektivləri” mövzusunda seminar və “Bizim istədiyimiz əmək sferasının gələcəyi” mövzusunda konfransdır. BƏT-in həmkarlar ittifaqlarının texniki əmək müfəttişləri üçün “İş yerlərinin əməyin mühafizəsi normalarına uyğunlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsində Azərbaycan Respublikası həmkarlar ittifaqlarının rolunun artırılması” mövzusundakı tədris seminarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin BƏT-in təşkilatçılığı ilə keçirdiyi “Formal məşğulluq sosial hüquqların reallaşdırılması şərti kimi” mövzusunda konfransını xüsusi qeyd etməliyik. BƏT-in irəli sürdüyü son təşəbbüslərə AHİK və onun sosial tərəfdaşları böyük əhəmiyyət verərək geniş müzakirələr aparıblar. Azərbaycan hökuməti BƏT-in İdarə Heyətinin üzvü kimi bu təşəbbüsləri dəstəkləyir və onların icrası üçün səylərini bundan sonra da davam etdirəcəkdir.

Sosial partnyorlarımızın nümayəndələrinin bu salonda olmalarından istifadə edərək onları qarşıdakı beş ildə bir milyondan çox həmkarlar ittifaqı üzvünün, ümumilikdə əmək adamlarının daha firavan, daha əmin bir cəmiyyətdə yaşamaları üçün bütün imkanlarını səfərbər etməyə çağırıram. İstərdim ki, AHİK-in növbəti qurultayına hazırlayacağımız hesabat məruzəsi sosial tərəfdaşların 2018-2023-cü illərdə bağlanacaq Baş Kollektiv Sazişlərdə üzərlərinə götürdükləri bütün öhdəlikləri yerinə yetirdikləri barədə məlumatla başlasın.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, yüksək qətiyyəti sayəsində ölkəmizdə həyata keçirilən genişmiqyaslı, davamlı islahatlarda daha fəal iştirak etməyinizi arzulayıram. Ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, idxaldan asılılığın azaldılması, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafının təmin olunması, insan kapitalının formalaşdırılması belə bir həlledici məqamda Azərbaycanı neqativ təsirlərdən qoruyar, üstəlik dövrün aktual çağırışlarına çevik reaksiyalar ölkəmizi qlobal inkişaf proseslərinin önünə çıxara bilər.

Belə bir mərhələdə AHİK və üzv təşkilatlarının ən böyük vəzifəsi bütün qüvvələri səfərbər edərək qlobal maliyyə-iqtisadi böhranın işçilər üçün mənfi təsirlərinin aradan qaldırılmasına nail olmaqdır. Bunu bacarsaq, həm respublikamızın inkişafına xidmət etmiş olarıq, həm də üzvlərimizin daha çox etimadını qazanarıq.

Diqqətinizə görə sağ olun!