AHİK-in fəaliyyət və strategiyası haqqında məlumat verib


Baxıldı : 189

Tarix : 2019-12-13 17:15:39


Dekabrın 2-5-də Flippinin Manila şəhərində həmkarlar ittifaqları və Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı Cənub Tədris Mübadiləsi və Təlim seminarı keçirilmişdir.

BƏT ACTRAV-ın təşkilatçılığı ilə baş tutan seminarın keçirilməsində əsas məqsəd həmkarlar ittifaqlarının milli, qitə və qlobal səviyyədə “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri - 2030 Gündəliyi”ndən irəli gələn vəzifələrin icrası prosesində səmərəli iştirak və fəaliyyət imkanlarının artırılması olmuşdur.

Tədbirdə nailiyyətlər, mövcud maneə və çətinliklərin müəyyənləşdirilməsi, aradan qaldırılması yolları, habelə 2030 Gündəliyində təqdim edilən imkanların həmkarlar ittifaqları tərəfindən istifadəsi mövzularında bilik və təcrübə mübadiləsi aparılmışdır.

Seminara 25 nəfər həmkarlar ittifaqı nümayəndəsi, BƏT ACTRAV-ın ekspertləri və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının mütəxəssisləri dəvət olunmuşdular.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Röya Qarayeva tədbirin ikinci günü keçirilən plenar iclasda çıxış etmişdir. O, AHİK-in Dayanıqlı İnkişaf Məqsədləri Gündəliyi ilə bağlı 2016-cı ildən etibarən davam edən fəaliyyət və strategiyasından bəhs etmiş, görülən işlər haqqında məlumat vermişdir.

Demişdir ki, AHİK beynəlxalq ictimaiyyətin qlobal inkişaf təşəbbüslərinə daim yaxından maraq göstərmişdir. Dayanıqlı İnkişaf Məqsədlərinin daha yaxşı mənimsənilməsi və milliləşdirilmə prosesinə töhfə vermək məqsədilə “DİM Gündəliyi 2015-2030-cu illər” mövzusunda 2016-cı ildən başlayaraq BƏT ilə birgə bir sıra beynəlxalq, regional və subregional maarifləndirici seminar və konfranslar keçirmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, AHİK tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı respublikamızın regionlarında keçirilən seminarlar, həmkarlar ittifaqları üzvləri üçün maarifləndirmə və məlumatlandırma baxımından əhəmiyyətli  xarakter daşımışdır. Eləcə də AHİK-in bir çox mütəxəssisi mövzu ilə əlaqədar olaraq Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə keçirilən bir sıra beynəlxalq təlim kursları, seminarlar və plenar iclaslarda iştirak etmişlər. Bununla yanaşı, BƏT ACTRAV-ın dəstəyi ilə tərəfimizdən Dayanıqlı İnkişaf Məqsədləri üzrə həmkarlar ittifaqları üçün məlumat kitabçası Azərbaycan dilinə tərcümə edilmişdir.

Konfederasiyamızın tərkibində Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı komissiya yaradılmışdır.

Komissiyanın üzvləri tərəfindən “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri 2015-2030-cu illər Gündəliyi- həmkarlar ittifaqlarının davamlı inkişafını təşviq etmək üçün inkişaf strategiyası” sənədi hazırlanmışdır.

Onu da qeyd etmək istərdim ki, cari ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Əlaqələndirmə Şurasının işçi qruplarında təmsil olunmağa başlamışdır.