AHİK-in İcraiyyə Komitəsində


Baxıldı : 135

Tarix : 2018-12-28 06:01:45


Dekabrın 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin növbəti iclası olmuşdur. AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin sədrliyi ilə baş tutan iclasda əvvəlcə Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin AHİK-ə üzvlük barədə müraciətinə baxıldı və təsdiq olundu.

İkinci məsələ “Azərbaycanda məşğulluq məsələləri və həmkarlar ittifaqlarının vəzifələri” adlanırdı. Bu mövzuda təqdim olunan çıxışda deyildi ki, ölkədə aparılan islahatlar nəticəsində əmək bazarında müəyyən müsbət dəyişikliklərə nail olunmuşdur, işçilərin kütləvi şəkildə ixtisarlarına yol verilməmiş, əhalinin məşğulluq səviyyəsi 2005-ci ildəki 47,8%-dən 2017-ci ildə 48,9%-ə qədər yüksəlmişdir.

Əhalinin məşğulluğunu təmin etmək məqsədilə məşğulluğa dair dövlət proqramlarının icrası nəticəsində son on beş il ərzində 1,9 milyondan artıq yeni iş yeri açılmışdır ki, onlardan təqribən 70% faizi daimi iş yerləridir.

Məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin, həmçinin BƏT-in metodologiyasına əsasən hesablanan işsizlərin sayı azalmışdır.

Eyni zamanda məşğulluq problemlərinin həll edilməsində çatışmazlıqlar da az deyil. Bu, ilk növbədə əmək bazarında təklif və tələb arasında uyğunsuzluq, işçilərin sahələr üzrə bölüşdürülməsində qeyri-mütənasiblik, gənclər arasında işsizliyin səviyyəsi, qeyri-formal əmək münasibətlərində olanların  çoxalması və sairdir.

Azərbaycan həmkarlar ittifaqları dövlət məşğulluq siyasətinin işlənilməsində və həyata keçirilməsində, müvafiq dövlət proqramlarının hazırlanmasında və icrasında, əmək qanunvericiliyinin təkmilləşdirilməsində fəal iştirak edir, işçilərin əmək hüquqlarının qorunmasını təmin edir. O da qeyd olundu ki, əhalinin məşğulluğunun təmin edilməsi sahəsində həmkarlar ittifaqları daha böyük işlər görə bilər. Məsələ ilə bağlı İcraiyyə Komitəsinə qərar layihəsi təqdim və təsdiq olundu.

Gündəliyə çıxarılmış məsələlərə AHİK-sədri, millət vəkili Səttar Möhbalıyev münasibət bildirdi. Əvvəlcə gömrük komitəsi həmkarlar ittifaqı komitəsinin yeni seçilmiş heyətinə uğurlar arzuladı. Güman etdiyini bildirdi ki, onlar göstərilən etimadı doğruldacaqlar. İkinci məsələ ətrafında danışarkən AHİK sədri dedi, ölkə başçısı cənab İlham Əliyevin imzaladığı müvafiq dövlət proqramları, sərəncamları xüsusilə regionlarda məşğulluq probleminin həllinə böyük təsir göstərmişdir. Bölgələrdə çox sayda müasir, təhlükəsiz əmək şəraiti olan iş yerləri açılmışdır. Ənənəvi kənd təsərrüfatı sahələri inkişaf etdirilməkdədir. Özünüməşğulluğa dövlət kifayət qədər vəsait ayırmışdır. Əhaliyə pulsuz ev heyvanları, barama paylanmışdır. Bütün bunlar əhalinin rifah halını yüksəldir və regionlardan iri şəhərlərə axının qarşısını alır.

Səttar müəllim dedi ki, işçilərin bir qismi öz konstitusion hüquqlarını bilmir. Bəzi hallarda yeni idarə, təşkilat, müəssisə rəhbərləri əvvəki işçiləri öz kadrları ilə əvəzləməkdən ötrü onlara, vədlər verməklə, işdənçıxma ərizəsi yazdırır. Sonra vədinə əməl etmir. Beləliklə, bu aldadılmış insanlara həmkarlar ittifaqları kömək edə bilmirlər. Bu halların baş verməməsi üçün həmkarlar ittifaqları fəaliyyətlərində hüquqi maarifləndirməyə geniş yer ayırmalıdırlar.

Səttar müəllim gənclərin məşğulluğu probleminə də toxundu. “Gənclərə etimad göstərilməlidir”, - dedi. - “Nəzərə alınmalıdır ki, Azərbaycanda iqtisadiyyat müasir texnologiyalar əsasında qurulur. Müasir texnologiyaların idarəolunmasını isə gənclər daha tez və mükəmməl mənimsəyə bilirlər”.

Çıxışının sonunda AHİK sədri İcraiyyə Komitəsi adından Azərbaycan həmkarlar ittifaqı işçilərini və üzvlərini qarşıdan gələn bayramlar münasibətilə təbrik etdi.