AHİK-in İcraiyyə Komitəsində Günün ən aktual məsələləri ətrafında söhbət getdi


Baxıldı : 346

Tarix : 2020-07-19 23:28:58


2

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin növbəti iclası ordumuzun dövlət sərhədlərimizin Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələrinin qəfil və xaincəsinə törətdiyi təxribata qarşı qəhrəmancasına apardığı mübarizə günlərinə təsadüf etdi.
İyulun 15-də baş tutan bu onlayn iclasa sədrlik edən AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin təklifi ilə tədbir iştirakçıları döyüşlərdə şəhid olan əsgər və zabitlərimizin əziz xatirəsinə ehtiramlarını bir dəqiqəlik sükutla bildirdilər.

S.Möhbalıyev düşmən təxribatını erməni dövlətinin işğalçılıq siyasətinin davamı kimi qiymətləndirdi. Dedi ki, erməni silahlı qüvvələri iyulun 12-də, artilleriya və ağır silahlardan istifadə etməklə, hücuma başladı. 11 hərbçimiz və 1 mülki şəxs həlak oldu. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi tədbirlər nəticəsində düşmən çoxsaylı itkilər verərək geri çəkilib.
Sədr bu həlledici məqamlarda xalqımızın, siyasi partiyaların, ictimai qurumların cənab İlham Əliyevin ətrafında birləşməsini ona olan böyük inamın və etibarın təzahürü, parlaq ifadəsi adlandırdı.
Bir çox dövlətlərin, beynəlxalq təşkilatların işğalçıya qarşı mübarizədə Azərbaycana dəstək göstərməsi hörmətli Prezidentimizin uğurlu daxili və xarici siyasətinin ümumdünya miqyasında yüksək dəyərləndirilməsinin nəticəsidir.
Səttar müəllim ordumuzun qələbəsi naminə həmkarlar ittifaqlarının daim çalışdığını və bundan sonra da bu müqəddəs mübarizəyə töhfələr verəcəyini diqqətə çatdırdı.
Sonra İcraiyyə Komitəsi gündəlikdə duran məsələlərin müzakirəsinə keçdi. Əvvəlcə iclas iştirakçılarının müzakirəsinə 2020-2022-ci illər üçün Baş Kollektiv Saziş haqqında, “2020-2022-ci illər üçün sahə (tarif) sazişləri və kollektiv müqavilələr bağlanarkən həmkarlar ittifaqlarının mövqeyini əks etdirən Tövsiyələr haqqında” məsələlər təqdim olundu. Hər iki qərar layihəsinə və onların ətrafında səslənən fikirlərə münasibət bildirərkən AHİK sədri dedi, Baş Kollektiv Saziş layihəsi ölkənin sosial inkişafına xidmət göstərən çox mühüm sənəddir. Onun hazırlanması prosesində iqtisadi, sosial proqramlar, imkanlar və perspektivlər ciddi təhlil olunmuş və nəzərə alınmışdır. Hazırladığımız layihənin təkcə müzakirəsi təxminən 3 ay çəkmişdir. Tərəfdaşlarımızın, bizim razılığımızla, təklif etdikləri cüzi dəyişiklikləri nəzərə almasaq, bütövlükdə layihə tam dəstəklənmişdir.
Bu da təşkilatımızın nüfuzundan xəbər verir. Sonra dedi: “Yeri gəlmişkən deyim ki, dünyanın heç bir ölkəsində hökumət- işəgötürən - həmkarlar ittifaqı arasında saziş bağlamaq təcrübəsi yoxdur. Bu etimada və inama görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıq etməyi özümə borc bilirəm. Bu etimad onun siyasətinin mayasında sosial inkişafın durduğundan irəli gəlir.
Səttar müəllim Baş Kollektiv Sazişin yerinə yetirilməsini nəzərdə tutan tədbirlər planı və tövsiyələr barədə də məlumat verdi. Dedi ki, hər iki sənəd ən aşağı strukturlara çatdırılmalı, dərindən öyrənilməli və şərhi verilməlidir. Çünki onların həyata keçirilməsi vəzifəsi sahə Hİ-lərin, rayon, şəhər komitələrinin və ilk təşkilatların üzərinə düşür.
Səttar müəllim bildirdi ki, sahə həmkarlar ittifaqları, onun yerli strukturları tarif sazişi və kollektiv müqavilələr imzalayarkən təşkilatların, müəssisələrin maliyyə, maddi imkanlarından istifadə edərək işçilərin maraqlarına maksimum təsir edən öhdəliklərin götürülməsinə nail olmalıdırlar. Kollektiv müqavilələr, bir qədər əvvəl dediyim kimi, bizim fəaliyyətimizin, necə deyərlər, ruporudur. Kollektiv müqavilə bağlamayan həmkarlar ittifaqı heç bir fəaliyyətdən danışa bilməz.
Kollektiv müqavilədə götürülmüş öhdəliklərin yerinə yetirilməsi gedişi ildə ən azı bir dəfə işəgötürənin rəhbər işçilərinin iştirakı ilə müzakirə edilməlidir. Hər iki tərəf kollektiv qarşısında hesabat verməli və ehtiyac olarsa, bu sənədə, şəraitə uyğun, əlavələr edilməlidir”.
“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı) devizi ilə keçirilən respublika müsabiqəsinin 2019-cu il üzrə yekunları haqqında” məsələnin təqdimatında deyildi ki, müsabiqəyə 22 sahə həmkarlar ittifaqından 2720-dən artıq müəssisə və təşkilat qatılmışdı. Sahə həmkarlar ittifaqları onlardan 50 ən yaxşı göstəricilərə malik müəssisə və təşkilat seçərək sənədlərini mükafatlandırılmaq üçün AHİK-ə göndərmişdi.
Müsabiqəyə start veriləndən müəssisə və təşkilatlarda həmkarlar ittifaqı komitələri, əməyin mühafizəsi komissiyaları və ictimai müvəkkillər nəzarət-profilaktika işini yüksək səviyyədə təşkil etmiş, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına, maşın və mexanizmlərin, avadanlıqların istismarı zamanı təhlükəsizlik texnikasının tələblərinə əməl olunmasına, işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair 360 yoxlama həyata keçirmişdir.
Bunun nəticəsində həmkarlar ittifaqı komitələri tərəfindən təhlükəsizlik tələblərinə cavab verməyən, işçilərin həyatına və sağlamlığına təhlükə törədən 53 dəzgah, avadanlıq aşkar olunmuş və sahənin işinin dayandırılması barədə məsələ müəssisə müdiriyyətinin müzakirəsinə verilmişdir. Əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması üçün kollektiv müqavilələrin əməyin mühafizəsi bölməsinə sosial məsələlərə aid 338 adda bənd əlavə edilməsinə nail olunmuşdur.
Həmkarlar ittifaqı komitələrinin 132, əməyin mühafizəsi komissiyalarının 118 iclasının müzakirə mövzusu əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri olmuşdur.
Bütün bu tədbirlər əməyin mühafizəsinin yaxşılaşdırılmasına ayrılan maliyyə vəsaitinin əvvəlki illə müqayisədə 19,4 faiz, həmin vəsaitin hər işçiyə düşən hissəsinin 27,8 faiz artırılmasına nail olunması ilə nəticələnmişdir.
Təklif olunmuş tədbirlərin yerinə yetirilməsinə və maliyyə vəsaitinin istifadəsinə nəzarətin təşkili sayəsində müəssisələrdə əmək şəraitinin və mühafizəsinin yaxşılaşdırılmasına yönəlmiş 308 tədbir həyata keçirilmiş, attestasiya olunmuş iş yerlərinin sayı 85,8 faizə çatdırılmış, işçilərin 98,3 faizi tibbi müayinədən keçirilmişdir.
İşçilər müəyyən olunmuş normalar daxilində ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin olunmuşlar.
İcraiyyə Komitəsi təqdimatda göstərilən məlumatları və AHİK-in müvafiq komissiyasının təkliflərini nəzərə alaraq müsabiqə qaliblərinin AHİK-in diplom və hədiyyələri ilə təltif edilməsini qərara aldı.
Sahə Hİ mərkəzlərinə tövsiyə olundu ki, qaliblərlə yanaşı, müsabiqədə iştirak etmiş əmək müfəttişlərinin, kollektivlərin həvəsləndirilməsi üçün tədbirlər görsünlər.
İclasda həmçinin Azərbaycan həmkarlar ittifaqlarının 2019-cu il üzrə gender statistikası,  Azərbaycan həmkarlar ittifaqları idman təşkilatlarının 2019-cu ilin yekunları üzrə fəaliyyəti və statistik hesabatları haqqında və digər məsələlərə baxıldı və müvafiq qərarlar qəbul olundu.
Qərara alındı ki, pandemiya şəraitində aztəminatlı ailələrə, yaşlı insanlara,  işsiz vətəndaşlara, eləcə də həmkarlar ittifaqı üzvlərinə maddi yardımlar göstərilməsi davam etdirilsin.
AHİK sədri Səttar Möhbalıyev iclasda yekun sözü söylədi.
İclas iştirakçıları iyulun 15-nə keçən gecə təxribatçı qüvvələrin Milli Məclisin binasına girərək törətdikləri əməllər haqqında AHİK sədrinin  məlumatını dinlədilər və bu əməlləri qətiyyətlə pislədilər.