AHİK-in İcraiyyə Komitəsində V Məclisin vaxtı bilindi, yeni Yubiley döş nişanı təsis olundu


Baxıldı : 626

Tarix : 2017-10-28 00:08:08


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin oktyabrın 26 -da  keçirilən növbəti iclasında AHİK-in V Məclisinin çağırılması və "Azərbaycan həmkarlar ittifaqlarının 25 illik Yubiley döş nişanının təsis olunması haqqında" məsələlərə baxılıb.

İcraiyyə Komitəsi qərara aldı ki, V Məclis noyabrın 8-də, saat 12:00-da AHİK-in böy-ük iclas zalında keçirilsin.

İkinci məsələ ilə bağli müzakirələrdən sonra İcraiyyə Komitəsi qərar aldı: Yubiley döş nişanı ilə təltifedilmə AHİK-in İcraiyyə Komitəsi tərəfindən AHİK-in üzv təşkilatlarının və AHİK -in sədrinin təqdimatı əsasında həyata keçirilir. Üzv təşkilatların qərarı onun rəhbəri tərəfindən imzalanır, möhür vurulur. Təltif üçün sənədlər AHİK-in İcraiyyə Komitəsinə təqdim olunur. AHİK İcraiyyə Komitəsinin təltif olunma haqqında qərarını və AHİK-in Yubiley döş nişanı vəsiqəsini AHİK-in sədri imzalayır. Döş nişanı və vəsiqə AHİK-in İcraiyyə Komitəsinin yığıncağında və ya  AHİK-də, üzv təşkilatların təklifi nəzərə alınaraq, başqa tədbirlərdə təntənəli şəraitdə təqdim olunur.

AHİK-in Yubiley döş nişanı ilə yalnız bir dəfə təltif edilirlər.  AHİK-in Yubiley döş nişanı itirildikdə dublikatı verilmir. Yubiley döş nişanı ilə təltif olunanlara üzv təşkilatlar tərəfindən 200 manat məbləğində birdəfəlik müavinət verilir.

Tədbirdə AHİK sədri, millət vəkili Səttar Möhbalıyev giriş və yekun çıxışı etdi. Çıxışlarında bu yaxınlarda başa çatmış hesabat- şeçki kampaniyasına toxundu. Dedi ki, biz bu kampaniyaya xeyli əvvəl, çox ciddi şəkildə hazırlaşmışdıq. Ona cəmiyyətimizin iqtisadi, sosial həyatında mühüm rol oynaya biləcək hadisə kimi yanaşmışdıq. Geniş təbliğati və maarifləndirmə işləri aparmışdıq. Təbliğatımızın əsasında hesabatların obyektiv, tənqid və özünütənqid şəraitində, demokratik, şəffaf keçirilməsi tələbləri dururdu. Həmçinin tövsiyə edirdik ki, komitələr formalaşdırılarkən, sədrlər seçilərkən kənar müdaxilələrə yol verilməsin. Bütün bu tələb və tövsiyələrimiz gözlədiyimizdən artıq yaxşı nəticələr verdi. Məhz kollektivlərin namizədliyini irəli sürüb dəstəklədiyi fəallar seçildilər. Düzdür, bəzi müdaxilələr və ya müdaxiləyə cəhdlər oldu. Biz vaxtında onların qarşısını aldıq. Necə deyərlər, öz adamlarını sədr kürsüsünə əyləşdirmək istəyən məmurları yerində oturtduq. Təbii ki, biz buna Respublika Prezidenti cənab İlham Əliyevin həmkarlar ittifaqına göstərdiyi etimad, hörmət və qayğı sayəsində nail olduq.

Səttar müəllim bir daha yeni seçilmiş təşkilat sədrlərini təbrik etdi. Əmin olduğunu bildirdi ki, onlar növbəti hesabat ilində kollektivlərin sosial hüquqlarının keşiyində daha əzmlə duracaqlar.

B.RZAYEV