AHİK-in II Məclisində AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyevin “Müasir dövrdə həmkarlar ittifaqına yeni üzvlərin cəlb edilməsində motivasiyanın rolu, beynəlxalq təcrübə və Azərbaycan həmkarlar ittifaqlarının vəzifələri” mövzusunda çıxışı


Baxıldı : 62

Tarix : 2019-07-08 07:45:40


Hörmətli Məclis iştirakçıları!

Xanımlar və cənablar!

Bacılar və qardaşlar!

Hamınızı salamlayır və Məclisimizin işinə uğurlar arzulayıram.

Bu gün müzakirə edəcəyimiz məsələ həmkarlar ittifaqları üçün mühüm əhəmiyyət daşıyır.

Bu mövzu ətrafında dəfələrlə müzakirələr aparmış, müəyyən nəticələrə də nail olmuşuq. Lakin etiraf edək ki, bu sahədə hələ həllini tapmayan problemlər də qalmaqdadır. Biz sizinlə bu problemləri, onların həlli yollarını araşdıracağıq. Gələcəyimiz nəticələr, sözsüz ki, gələcək fəaliyyətimizə töhfələrini verəcəkdir.

Əvvəla, “motivasiya” sözünün yaranma tarixinə nəzər yetirək. Bildiyiniz kimi, “motivasiya” termininə XIX əsrdə Qərb fəlsəfəsində təsadüf edilmişdir. Sonralar bu termindən insan davranışının səbəblərini izah etmək üçün istifadə olunmuşdu. Beləliklə, motivasiya - insanı düşünülmüş şəkildə davranmağa sövq edən daxili və xarici hərəkətverici qüvvələrin birliyidir.

Həmkarlar ittifaqı üzvlüyünə motivasiya dedikdə isə, əmək kollektivlərində həmkarlar ittifaqı təşkilatının nüfuz və təsirini artıran, onun strukturlarını gücləndirən, həmkarlar ittifaqı sıralarının genişləndirilməsinə təsir göstərən kompleks tədbirlər, forma və iş metodları sistemi nəzərdə tutulur.

Müzakirəyə çıxardığımız məsələyə gəlincə, onun əsası ölkəmizdə ötən əsrin sonlarında qoyulub. 1990-cı illərdə ölkəmizdə iqtisadi münasibətlər sistemində baş verən dəyişikliklər ictimai həyatın bütün sahələrində, o cümlədən həmkarlar ittifaqlarının fəaliyyətində də özünü göstərdi. Həmkarlar ittifaqı üzvlərinin sayı yarıdan çox azaldı.

Yeni yaranan kiçik və orta müəssisələrdə həmkarlar ittifaqının fəaliyyəti zəiflədi. Qismən, natamam məşğulluq formalarının yaranması həmkarlar ittifaqı üzvlüyünə  motivasiyanın azalmasına səbəb oldu.

Həmin illərdə təkcə Azərbaycanda deyil, xarici ölkə həmkarlar ittifaqı hərəkatında da üzvlüklə bağlı problemlər kəskin xarakter almışdı. 1985-1998-ci illərdə Böyük Britaniyada həmkarlar ittifaqı üzvlərinin sayı 9,7-dən 7,3 milyona, Almaniyada isə 1991-1995-ci illərdə 11,78-dən 9,3 milyona düşmüşdü.

Mərkəzi və Şərqi Avropanın sosialist düşərgəsinə daxil olan ölkələrində ictimai quruluş dəyişdikdən və əvvəlki həmkarlar ittifaqı hərəkatı dağıldıqdan sonra, həmkarlar ittifaqı üzvlərinin sayı, məsələn, Polşada 45,7%, Çexiyada 50,6%, Estoniyada isə 70%-dək azalmışdı.

Bu gün cəmiyyətin sosial tərkibi dəyişir. Əhalinin böyük əksəriyyətini xidmət sahəsində çalışanlar təşkil edir. Ötən əsrin 90-cı illərində dünya ticarət sektorunda çalışanların sayı 53,5 milyon nəfərə çatmışdı. Bu insanlar isə həmkarlar ittifaqı üçün “çətin” yola gətirilən təbəqəyə aiddir. Çünki onlar üzləşdikləri çətinlikləri birləşməklə aradan qaldırmağın mümkünlüyünə şübhə ilə yanaşırlar. Əsasən işəgötürənin “atalıq qayğısı”na ümid edir, bu yolla problemlərinin həllinə üstünlük verirlər.

Bu gün məşğulluq ciddi problemə çevrilmişdir. Üzvlüyün motivasiyasına təsir edən bu problem həmkarlar ittifaqı tərəfindən vaxtaşırı olaraq qabardılır. Beynəlxalq Əmək Təşkilatının 2017-ci ilin nəticələrinə dair məruzəsində göstərilir ki, dünyada 192,7 milyon  insan işsizdir. 2016-cı illə müqayisədə bu, 2,6 milyon çoxdur. BƏT-in Baş katibi Qay Rayder layiqli əmək qıtlığının geniş yayıldığı qlobal iqtisadiyyatın hələ lazımi qədər iş yerləri yarada bilmədiyini xüsusi vurğulamışdır.

Bununla əlaqədar olaraq bir çox ölkədə işsizləri özündə birləşdirən xüsusi həmkarlar ittifaqı təşkilatları və ya onlarla iş aparan bölmələr yaradılmışdır. Məsələn, İsveçrə Həmkarlar İttifaqı Birliyinin İşsizlər Komitəsi təsis olunmuşdur. Finlandiya həmkarlar ittifaqı hərəkatının təşəbbüsü ilə yaradılan İşsizlərin Əməkdaşlıq Təşkilatı həmkarlar ittifaqının maliyyə vəsaiti hesabına işsizlər üçün yenidən peşə hazırlığı üzrə seminarlar təşkil edir.

Həmkarlar ittifaqları dünya ölkələrində gündən-günə çoxalmaqda olan işçi-miqrantların özünəməxsus xüsusiyyətlərinin də nəzərə alınmasına, cəmiyyətlərdə antimiqrant əhvali-ruhiyyəsinin yumşaldılmasına çalışır. Miqrantlara yardım göstərir, onların da yerli işçilərə aid hüquqlardan bəhrələnmələrinə səy göstərir. Son dövrlərdə AHİK-in Rusiya, Türkiyə, Gürcüstan, Moldova, Qazaxıstan, Albaniya və digər ölkələrin həmkarlar ittifaqı birlikləri ilə imzaladığı əməkdaşlıq müqavilələrində miqrant işçilərin müdafiəsinin qarşılıqlı şəkildə həyata keçirilməsi məsələsinin əksini tapması da motivasiya baxımından xüsusi əhəmiyyət daşıyır.

Beynəlxalq təcrübədə həmkarlar ittifaqı mərkəzlərinin və sahə həmkarlar ittifaqı təşkilatlarının daha çox işçini üzvlüyə cəlb etmək üçün öz mətbu orqanlarından və digər kütləvi informasiya vasitələrindən istifadə etməsinə mühüm əhəmiyyət verilir.

Bundan başqa, təşkilatlarda həmkarlar ittifaqı iclaslarının səmimi, bürokratiyadan və formalizmdən uzaq şəraitdə aparılması da ittifaqın üzvlüyünə daha çox insanın cəlb edilməsinə aparan yollardan biridir.

İnkişaf etmiş bəzi ölkələrdə həmkarlar ittifaqına üzvlüyə qəbul üçün birbaşa təşviqat böyük əhəmiyyət daşımağa başlamışdır. Təşviqat həmkarlar ittifaqı mətbuatında və ya işçilərlə birbaşa canlı ünsiyyətdə, yəni iş yerlərində aparılır. Təşviqatın daha səmərəli nəticələr verməsindən ötrü bəzi ölkələrdə kampaniyanın fəal iştirakçılarının maddi həvəsləndirmə sistemi işlənib hazırlanmışdır.

Hörmətli Məclis iştirakçıları!

AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyası motivasiya işinin təşkili ilə bağlı sorğu keçirmişdir. Respondentlər “İşçilərin həmkarlar ittifaqına cəlb olunması üçün nə etmək lazımdır” sualına birmənalı yanaşmamışlar. Rəyi soruşulanlardan 50%-i “onlarla ünsiyyət qurmaq”, 21,4%-i “tələbatlarını öyrənmək”, 25%-i isə “hüquqlarını müdafiə etmək” cavablarını vermişdir. Daha maraqlısı odur ki, “Gənclərin həmkarlar ittifaqı hərəkatına cəlb olunmasına mane olan nədir” sorğusuna qatılanların 40%-ə yaxını məlumatsızlığı səbəb göstərmişdir.

    Göründüyü kimi, bəzən gənc işçilərin həmkarlar ittifaqı barədəki məlumatsızlığı onlarda bu təşkilata qarşı biganəlik yaradır. Bu səbəbi aradan qaldırmaq məqsədilə Azərbaycan həmkarlar ittifaqları liderləri əmək kollektivlərində görüşlər keçirmiş, radio, televiziya kanallarına vaxtaşırı müsahibələr vermiş, qəzet səhifələrində, internet saytlarında  yazılar dərc etdirmişlər. Son beş ildə bu mövzuda yazı və müsahibələrin sayı 500-dən çox olmuşdur. Regionlarımızın əksəriyyətində həmkarlar ittifaqının fəaliyyətinə dair aktual məsələlərlə bağlı seminar və konfransların keçirilməsi ənənə halını almışdır.

Hörmətli tədbir iştirakçıları!

AHİK-in İcraiyyə Komitəsinin 6 oktyabr 2008-ci il tarixli qərarına əsasən, “Həmkarlar ittifaqı təşkilatına üzvlüyün motivasiyası və təşkilati birliyin möhkəmləndirilməsi üzrə nümunəvi proqram” təsdiq edilmişdir. Proqramın əsas məqsədi yeni üzvlərin cəlb edilməsi yolu ilə şəhər, rayon, ərazi təşkilatlarının əhəmiyyətinin və nüfuzunun yüksəldilməsi, həmkarlar ittifaqlarının təşkilati cəhətdən möhkəmləndirilməsidir. Eyni zamanda AHİK-in İcraiyyə Komitəsinin müvafiq qərarına uyğun olaraq, “Azərbaycan həmkarlar ittifaqları hərəkatının bugünkü inkişafı və problemləri, motivasiya işinin gücləndirilməsi” mövzusunda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında elmi-nəzəri konfrans təşkil olunmuşdur. Tədris ocağının həmkarlar ittifaqı kadrlarının ixtisasartırma və yenidən hazırlanması şöbəsi tərəfindən təşkil olunan kurslarda isə “Həmkarlar ittifaqı təşkilatında motivasiya işi” mövzusunda daimi tematik seminar  fəaliyyət göstərir. Bu da həmkarlar ittifaqlarının aşağı vəsilələrinin liderlərinin biliklərini təkmilləşdirmək baxımından müsbət addımlardandır.

2008-ci ildə AHİK kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılması üzrə pilot layihə həyata keçirmişdi. Layihə çərçivəsində respublikanın bütün regionlarında AHİK-in rəhbər işçilərinin  iştirakı ilə seminarlar təşkil olundu. Layihə bütün respublikanı əhatə etdi. Layihənin uğurla həyata keçirilməsi nəticəsində 2008-ci ilin sonunda respublika üzrə 10050 nəfər həmkarlar ittifaqı üzvünü əhatə edən 136 yeni həmkarlar ittifaqı təşkilatı yaradıldı.

Əziz dostlar!

AHİK-in İcraiyyə Komitəsinin iclaslarında statistik hesabatların yekunları vaxtaşırı müzakirə və təhlil edilir, həmkarlar ittifaqı üzvlərinin  sayına təsir göstərən obyektiv, subyektiv səbəblər araşdırılır. Bu da faktdır ki, əməyin formaları müxtəlif olduqca, həmkarlar ittifaqları da müxtəlif səmərəli metodlar axtarıb tapmaq məcburiyyətində qalır. Bu isə işçilərin sosial-iqtisadi maraqlarının müdafiəsi, sosial və maddi güzəştlərin, kollektiv müqavilənin əhəmiyyətini izah etmək, həmkarlar ittifaqı orqanlarının fəallığını artırmaq, muzdlu işçinin həyat səviyyəsini yaxşılaşdırmaq, sahibkara təsiri gücləndirmək baxımından çox vacibdir.

AHİK son dövrlər gənclər və qadın işçilərlə bağlı xeyli tədbir və layihə həyata keçirmişdir. Konfederasiyamızın təşkilatçılığı və BƏT-in dəstəyi ilə “Gənclərin məşğulluq siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolu”, “Gənclərin məşğulluğu, kollektiv danışıqlar və mübahisələrin həlli”, “İş yerlərində qadınların ayrı-seçkiliyinə qarşı mübarizə”, “Diskriminasiyaya və müdafiəsiz əməyə qarşı mübarizədə BƏT-in rolu” və  başqa mövzularda təşkil olunmuş silsilə regional seminar və konfranslar bu qəbildəndir. Bir neçə il əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə hazırladığımız “Müasir ailənin cəmiyyətin inkişafında yeri və rolu” maarifləndirmə layihəsi çərçivəsində Xaçmaz, İmişli, Masallı, Tərtər, Zaqatala, Göygöl, Sumqayıt və Bakı şəhərlərində tədbirlər keçirmişdik. Tədbirlərə maraq gözlədiyimizdən də çox oldu.

Həmkarlar ittifaqına üzvlüyün motivasiyasını artırmaq üçün üzvlərimizin sağlamlığının, istirahətinin təşkili ilə əlaqədar üzərimizə mühüm vəzifələr düşür. Müraciət edən hər bir işçi güzəştli şərtlərlə yollayışlarla təmin edilməlidir. Sanatoriya, kurort və istirahət ocaqlarının illüstrasiyalı broşüraları idarə və təşkilatlara paylanmalı, güzəştli şərtlər izah olunmalı və gediləcək yerlər televiziya kanalları, kütləvi informasiya vasitələri ilə geniş reklam olunmalıdır. Ümid edirəm ki, belə təcrübə müsbət nəticə verəcəkdir.

Hazırda həmkarlar ittifaqları işçilərin sosial-əmək hüquqlarının və mənafelərinin tam həcmdə müdafiə edilməsi və həmkarlar ittifaqı üzvlüyünə həm maddi, həm də mənəvi marağın artması ilə ciddi məşğuldur. Həmkarlar ittifaqının işçilər üçün daha cəlbedici olması məqsədilə hər bir imkandan yetərincə istifadə edilməlidir. Əks halda həmkarlar ittifaqı təşkilati işin forma və metodlarını təkmilləşdirə, üzvlərinin hüquqi müdafiəsini təmin edə bilməz.

AHİK tərəfindən bu istiqamətdə aparılmış müsbət işlərin nəticəsində Fövqəladə Hallar Nazirliyində, Dövlət Gömrük Komitəsində həmkarlar ittifaqı təşkilatları təsis edilmiş və bu gün uğurla fəaliyyət göstərirlər.

Son 10 ildə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRK-ə 14947, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 7028 nəfər üzv cəlb olunmuşdur.

Hörmətli tədbir iştirakçıları!

Azərbaycan həmkarlar ittifaqlarının qanunvericilik bazası çox möhkəmdir. Biz ölkədə sosialyönümlü qanun və proqramların, normativ sənədlərin işlənib hazırlanmasında fəal iştirak edirik.

AHİK tərəfindən irəli sürülən təkliflərin, demək olar ki, hamısı ölkəmizin siyasi rəhbərliyi, o cümlədən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müdafiə olunur. Bunun nəticəsidir ki, bizim təklifimizlə “Həmkarlar ittifaqları haqqında” Qanuna, Əmək Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə, digər normativ-hüquqi aktlara 120-dən çox önəmli əlavə və dəyişikliklər edilmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinə edilən dəyişiklik, həmkarlar ittifaqına üzvlüyün motivasiyası baxımından, daha çox önəmlidir. Həmin dəyişiklik nəinki müəssisələrdə həmkarlar ittifaqının nüfuzunu artırdı, həmçinin sıralarımıza qoşulmaq üçün işçilərdə, o cümlədən gənclərdə xüsusi stimul yaratmaqla, minlərlə insanın iş yerini itirməsinin qarşısını aldı. On il ərzində 222 nəfər işçinin məhkəmədə hüquqlarını müdafiə etmişik. Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, işəgötürənin işçini işdən çıxarması ilə əlaqədar həmkarlar ittifaqına etdiyi müraciətdən sonra 5895 nəfərin öz iş yerini qoruyub saxlaması da, məncə, çox yetərli arqumentlərdir.

Lakin bu dəyişikliklə bağlı üzv təşkilatlarımızın bəzilərinin tutduqları mövqe bizi narahat edir. Hər il həmkarlar ittifaqı üzvlərinin statistik göstəriciləri müzakirə olunarkən Əmək Məcəlləsində edilən dəyişikliklə bağlı üzv təşkilatların rəhbərləri ilə bizim ciddi söhbətlərimiz olur. Cari ildə sahə həmkarlar ittifaqlarından daxil olan statistik məlumatlardan məlum  olur ki, işəgötürənlər tərəfindən işçilərin işdən çıxarılması ilə bağlı həmkarlar ittifaqlarına edilən 1295 müraciətin 665-i və ya 51,4%-i işçilərin xeyrinə həll olunsa da, bir sıra komitələrdə qəbul edilən qərarların 70-100%-i işçilərin xeyrinə olmamışdır. Hesab edirəm ki, Əmək Məcəlləsinin bizə verdiyi hüquqdan səmərəli istifadə  etməklə həmkarlar ittifaqları cəmiyyət içərisində nüfuzunun daha da yüksəlməsinə və üzvlərinin sayının artırılmasına şərait yarada bilər.

BƏT-in bir sıra konvensiyası, o cümlədən təşkilatlanma hüququ ilə bağlı 87 saylı və kollektiv danışıqların aparılması ilə bağlı 98 saylı konvensiyaları da həmkarlar ittifaqlarının fəaliyyətinin hüquqi təminatı üçün əsas sənədlərdəndir. Bunlar həmkarlar ittifaqı üzvlüyünə motivasiya baxımından bizim üçün böyük əhəmiyyət daşıyır.

Başqa bir məsələni də Məclis iştirakçılarına xatırlatmağı məqsədəuyğun hesab edirəm. Vaxtaşırı həmkarlar ittifaqlarının regionlardan olan liderləri ilə keçirdiyimiz görüşlərdə yerli icra hakimiyyəti orqanlarının onların işinə əsassız müdaxilə etmələri barədə narazılıqları ilə qarşılaşırdıq. 8 fevral 2012-ci il, 11 iyul 2015-ci il və 10 iyul 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri çox hörmətli Ramiz Mehdiyevin imzası ilə Azərbaycan Respublikasının şəhər və icra hakimiyyəti başçılarına məktub ünvanlanmışdı. Məktublarda şəhər, rayon icra hakimiyyəti başçılarına mübahisəli məsələləri “Həmkarlar ittifaqları haqqında” Qanunun müddəalarına uyğun və AHİK-in razılığı ilə həll etmək tövsiyə olunur. Bu məktublar ilk növbədə həmkarlar ittifaqlarının mövqeyinin möhkəmləndirilməsi və həmkarlar ittifaqına üzvlüyün motivasiyası baxımından dəyərlidir. Həmkarlar ittifaqlarının bütün vəsilələrinin rəhbərləri bu sənədlərdən maksimum faydalanmalıdırlar.

Hörmətli Məclis üzvləri!

Bu gün iqtisadiyyatın modernləşdirilməsi sayəsində layiqli iş yerlərinin yaradılmasına, qeyri-rəsmi məşğulluqdan rəsmi məşğulluğa keçidə, peşə təhsili və yenidən hazırlanma sistemlərinə dair regional və sahə proqramlarının qəbuluna, yerli işçilərin xarici kapitallı müəssisələrdə prioritet sayılan iş yeri ilə təmin olunmasına nəzarətin artırılmasına böyük ehtiyac vardır.

Sosial tərəfdaşlığı layiqli əməyin təmin olunmasında mühüm amil sayan Azərbaycan həmkarlar ittifaqları bu prinsip əsasında dövlət orqanları və işəgötürənlərlə real, səmərəli və qarşılıqlı fəaliyyətini davam etdirməkdədirlər.

Azərbaycan həmkarlar ittifaqları işçilərin iş yerlərində əmək şəraitlərinin yaxşılaşdırılmasını, əməyin və sağlamlığın mühafizəsini əsas götürərək Ümumdünya Əməyin Mühafizəsi Günü çərçivəsində əməyin mühafizəsi, təhlükəsizlik məsələləri ilə məşğul olan gənc ştatlı mütəxəssislər arasında “İlin peşəkar gənci”, yuxarı sinif şagirdləri arasında ümummilli lider H.Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” və digər baxış-müsabiqələr keçirir. Qaliblər mükafatlandırılır. Yaz, qış sessiyalarında ali məktəblərin ictimai həyatında fəallıq göstərən, imtahanlarda fərqlənən tələbələrə adlı təqaüdlər verilir. Bu və bu qəbildən olan tədbirləri keçirərkən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları öz səylərini həmkarlar ittifaqı üzvlüyünə motivasiyanın gücləndirilməsinə və üzvlərinin sayının artırılmasına, həmkarlar ittifaqının yaradılmasına maneçilik törədən bütün işəgötürənlərin məsuliyyətinin artırılmasına təsir etməyə, öz müəssisələrində həmkarlar ittifaqı təşkilatı yaratmaq istəməyən xarici, birgə və özəl şirkətlərdə inadla iş aparılmasına, həmkarlar ittifaqının strukturlarının səmərəli şəkildə formalaşdırılmasına, sahə və regional həmkarlar ittifaqının fəaliyyətinin gücləndirilməsinə yönəltməlidirlər.

Respublikamızda fəaliyyət göstərən bütün transmilli şirkətlərdə, birgə və özəl müəssisələrdə həmkarlar ittifaqının yaradılması Azərbaycan həmkarlar ittifaqlarının maraq dairəsindədir. Belə ki, son 10 il ərzində 204945 həmkarlar ittifaqı üzvünü öz ətrafında birləşdirən 1609 yeni həmkarlar ittifaqı təşkilatı yaradılmışdır. Biz, mülkiyyət münasibətlərindən asılı olmayaraq, respublika ərazisində işçilərin sosial-iqtisadi hüquqlarının yüksək səviyyədə qorunması üçün bütün imkanlardan istifadə edərək üzvlərimizin və təşkilatlarımızın həm kəmiyyət, həm də keyfiyyətcə çoxalmasına çalışırıq.

Təəssüf ki, bəzi sahə həmkarlar ittifaqları üzvlüyün motivasiyasının artırılması üçün lazımi səviyyədə iş aparmır. Məsələn, özəl telekanallar və kabel televiziyaları, mebel sənayesi, “Azercell”, “Bakcell”, “Nar Mobile”, özəl tibb və sağlamlıq ocaqları, inşaat və tikinti sektoru, bəzi nəqliyyat sektorları (taksilər), ictimai iaşə müəssisələri, iri marketlər (“Bravo”, “Bizim Market”, “Favorit”, “Fresko”), iaşə xidmətləri, bir sıra özəl orta və ali  təhsil ocaqları da diqqətdən kənarda qalmışdır. Halbuki həmin müəssisələrdə əmək hüquqlarının pozulması barədə dəfələrlə bizə müraciət edən yüzlərlə insan çalışır. Bu əmək adamları həmkarlar ittifaqlarının onlara verə biləcəyi real üstünlüklərdən məhrum olmuşlar.

Hörmətli həmkarlar

ittifaqları liderləri!

Məlumdur ki, sosial problemlərin həlli zəruriliyinin dərk edilməsi, dünyada və ölkədə sosial stabilliyin qorunub saxlanması sosial tərəfdaşlardan, yəni hökumət, həmkarlar ittifaqları və işəgötürənlərdən bu məsələyə beynəlxalq normalar çərçivəsində yanaşmanı, qarşılıqlı mənafelərin nəzərə alınmasını və sivil hüquqi baza yaradılmasını tələb edir. Eyni zamanda ölkənin dünya birliyinin iqtisadi, siyasi, humanitar və digər strukturlara inteqrasiyasını əhəmiyyətli dərəcədə sürətləndirir. Əminliklə demək olar ki, son illərdə Azərbaycanda əldə olunmuş nailiyyətlərdə sosial dialoqun və tərəfdaşlığın öz payı var.

Respublikamızda əhəmiyyətli sosial-iqtisadi dəyişikliklər baş verir, əhalinin rifahının yaxşılaşdırılmasına istiqamətləndirilən genişmiqyaslı islahatlar həyata keçirilir. Bazar iqtisadiyyatının təşəkkül tapması, sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması istiqamətində atılan önəmli addımlar, layiqli əmək şəraiti əhalinin yaşayış səviyyəsinin yüksəlməsi üçün geniş imkanlar açmışdır.

    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hökumətlə, işəgötürənlərlə konstruktiv dialoq qurmağa nail olmuş, sosial-əmək münasibətlərinin yeni sisteminin formalaşması işinə əhəmiyyətli töhfələr vermişdir. Hazırda sivil sosial tərəfdaşlıq Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya çərçivəsində inkişaf etdirilməkdədir.

BƏT-in 104-cü sessiyasında irəli sürülmüş “Əməyin gələcəyi” təşəbbüsü və bu təşəbbüs ətrafında qlobal müzakirələrin aparılması çağırışı, bu baxımdan irəli gələn təşəbbüslər, xüsusilə davamlı insan inkişafının təmin edilməsi məsələləri milli səviyyədə müzakirələrin mərkəzində dayanır. Azərbaycan hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün imzalanmış Layiqli Əmək üzrə Ölkə Proqramı sosial inkişaf naminə mühüm məqsədlərin reallaşmasına xidmət edən növbəti addımdır. Beynəlxalq əmək normalarının, əmək münasibətləri sahəsində əsas prinsiplərin və hüquqların təşviqi, sosial dialoqun inkişafı, səmərəli aktiv əmək bazarı proqramlarının həyata keçirilməsi vasitəsilə məşğulluğun artırılması, sahibkarlıq imkanlarının genişləndirilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi Ölkə Proqramının prioritetlərini təşkil edir.

“Əməyin gələcəyi” təşəbbüsü ilk növbədə Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyada müzakirə olundu. Komissiyada həmin təşəbbüs üzrə geniş müzakirələrin keçirilməsi üçün milli prioritetlər əsasında 4 mövzu müəyyənləşdirildi: “Demoqrafik vəziyyət və miqrasiya proseslərinin əmək bazarına təsiri”, “Texnoloji inkişafın əmək bazarına və məşğulluğa təsiri”, “Layiqli əməyin cəmiyyətin rifahında rolu” və “Təhsilin və təlimin əmək bazarının inkişafında rolu”.

Aidiyyəti dövlət qurumlarının, sosial tərəfdaşların, elm və təhsil ocaqlarının, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə həmin mövzularda Azərbaycanda əmək sferasının gələcək perspektivləri ətrafında müzakirələr aparıldı.

Ölkədə sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyən etmək, sosial-əmək münasibətlərini tənzimləmək, sosial stabilliyi qorumaq, sosial dialoqu inkişaf etdirmək məqsədilə ölkə Prezidenti tərəfindən 17 mart 2017-ci il tarixdə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradılması bütövlükdə bizim - sosial tərəfdaşların istəklərinə tam cavab verir.

Hər iki komissiya hər bir işçinin əmək hüquqlarının müdafiəsinin təmin edilməsi, tərəflərin istək və arzularının koordinasiyalı şəkildə həlli istiqamətində müvəffəqiyyətlə iş aparır.

Hörmətli Məclis iştirakçıları!

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi bir çox islahatların nəticəsi kimi son aylarda dövlət büdcəsinin artan imkanları sosial problemlərin həllinə yönəldilmişdir. İqtisadi liberallaşmanı sürətləndirən, siyasi plüralizmi genişləndirən və bütövlükdə ölkəmizdə insan kapitalının sürətli inkişafına xidmət edən çoxsaylı qərarlar qəbul edilmişdir.

Prezident İlham Əliyevin 2003-cü ildə qarşıya qoyduğu hədəflərdən biri regionların inkişafını təmin etmək, əyalətlə paytaxt arasında sosial-iqtisadi və mədəni fərqləri azaltmaq idi.

Statistikaya nəzər yetirsək görərik ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixracımız 4,7 dəfə artıb. Ölkədə 2 milyon yeni iş yeri yaradılıb, işsizlik və yoxsulluq həddi 50 faizdən 5 faizə düşüb. Bu dövr ərzində maaşlar və pensiyalar dəfələrlə artıb. Biznes mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü siyasət həyata keçirilib, təkcə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb.

Hakimiyyətlə xalq arasında anlaşma və etimad məsələsində ölkəmizin hətta inkişaf etmiş ölkələrin reytinqlərində ən yüksək pillələri tutması məhz sosial siyasətin dəqiqliyi və əhatəliliyi hesabına əldə olunmuş nəticədir. Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Ölkəmiz il ərzində 32 pillə irəliləmiş və ən islahatçı 10 ölkə sırasında yer almışdır. Dünyada çox az ölkə tapılar ki, sosial siyasətin təzahür formalarının müxtəlifliyinə görə Azərbaycanla müqayisə oluna bilsin. Cari ilin əvvəlində ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım, pensiya sisteminin təkmilləşdirilməsi, bu sahədə artımlar Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Ölkədə sosial sahədə görülən işlərin miqyasını təsəvvür etmək üçün təkcə maaş və pensiyaların, o cümlədən minimum əməkhaqqının son 15 ildə bir neçə dəfə artırıldığına nəzər salmaq kifayətdir.

Uzun illər idi ki, həmkarlar ittifaqları olaraq, minimum əməkhaqqının mərhələlərlə yaşayış minimumuna çatdırılması məsələsi dövlət və hökumət orqanları ilə apardığımız danışıqlarda, partnyorlarla bağladığımız Baş Kollektiv Sazişdə öz əksini tapırdı. Bu məsələ AHİK-in və sahə həmkarlar ittifaqlarının qurultay və məclislərində də qaldırılırdı. Minimum əməkhaqqının ölkələr üzrə aylıq əməkhaqqının 60%-nə çatdırılması Dəyişdirilmiş Avropa Sosial Xartiyasının da əsas tələblərindən biridir və biz tərəfdaşlarımızla birlikdə uzun illərdir bu məsələnin həlli yolları üzərində işləyirdik. Bildirməliyəm ki, bu, respublikamızın bir neçə Dövlət Proqramında da öz əksini tapmışdır. Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin minimum əməkhaqqının məbləğinin yaşayış minimumu ilə bərabərləşdirilməsi barədə sərəncamı artıq bu məsələnin həllinə imkanlar açmışdır.

Sərəncama əsasən, cari il martın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqının 180 manat müəyyən edilməsi birbaşa əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Həmin sərəncamın imzalanması ölkədə çalışan 600 min nəfərin əməkhaqqının artırılması deməkdir.

İmzalanan sonuncu 17 sərəncam da ölkədə sosial rifahın yüksəldilməsinin İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioreitet istiqaməti olduğunu bir daha təsdiq edərək bu istiqamətdə il ərzində artıq ikinci böyük sosial paketin rellaşdırıldığını göstərdi. Bir sözlə bu sərəncamlar ümumilikdə 2,1 milyon insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır.

İmzalanmış sərəncamlara ayrı-ayrılıqda nəzər yetirsək görərik ki, minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılmaqla, dövlət qulluqçularının aylıq vəzifə maaşları 50% artırılıb, pensiyaların minimum məbləği 160 manatdan 200 manata qaldırılıb, hərbi və hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40% artıb. Dövlət ümumi təhsil və peşə təhsil müəssisələrində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20%, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları isə orta hesabla 40% artıb.

 Hörmətli Məclis üzvləri!

Həmkarlar ittifaqlarının müasir modeli həmkarlar ittifaqına şüurlu üzvlüyə arxalanmaq, həmkarlar ittifaqına üzvlüyün cəlbediciliyini yüksəltmək, həmkarlar ittifaqına gəncləri cəlb etmək kimi əsas xüsusiyyətlərə cavab verməklə yanaşı, həmkarlar ittifaqına üzvlüyün motivasiyasını da gücləndirir. Belə bir şəraitdə üzv təşkilatlar həmkarlar ittifaqına üzvlüyün motivasiyasına dair qəbul olunmuş qərarları yerinə yetirməli, təşkilati işin əsaslarını nəzərdən keçirməli, təcrübə mübadiləsi etməli, hər bir həmkarlar ittifaqı təşkilatının möhkəmlənməsi, nüfuzunun artması, işinin səmərəliliyi məqsədilə hər yerdə cəlbetmə prosesi aparmalı, fəallar üçün xüsusi hazırlıq keçməli, həmkarlar ittifaqına üzvlüyün motivasiyasının daha da möhkəmləndirilməsində gənclərin rolunun və yerinin müəyyənləşdirilməsi məqsədilə iş metodlarını təkmilləşdirməlidirlər.

    Eyni zamanda həmkarlar ittifaqının fəaliyyəti haqqında informasiya sistemi daha da genişləndirilməli və hərtərəfli maarifləndirmə aparılmalıdır. Biz həmkarlar ittifaqının işçilər üçün cəlbedici olması üçün hər bir imkandan istifadə etməliyik. Hər hansı bir müəssisə barədə toplanmış məlumatlardan müxtəlif müraciətlərin, vərəqələrin, plakatların, broşüraların hazırlanmasında istifadə etməliyik. Fəallar qrupu yaratmalı və onların vasitəsilə təbliğati izahat işləri aparmalı, seminar və müşavirələr təşkil etməli, qrupun üzvlərini həm maddi, həm də mənəvi cəhətdən həvəsləndirməli, həmkarlar ittifaqı mövcud olan müəssisə ilə olmayanların fərqini faktlarla izah etməliyik.

Təbliğat və təşviqat işinin səmərəli şəkildə aparılması həmkarlar ittifaqına yeni üzvlərin cəlb edilməsində mühüm rol oynayır. Bunun üçün həmkarlar ittifaqına üzvlüyə cəlbetmə prosesində qarşıya çıxan problemləri həll etmək məqsədilə fəaliyyət proqramı təkmilləşdirilməli, motivasiya işinin gücləndirilməsi üzrə konkret tövsiyələr hazırlanmalı, tematik elmi-praktik konfranslar keçirilməlidir.

Hörmətli həmkarlar!

Hər kəs başa düşməlidir ki, həmkarlar ittifaqı yoxdursa, işəgötürənlər və dövlət orqanları ilə həmkarlar ittifaqları üzvlərinin bərabərhüquqlu tərəf müqabil olduqları üçtərəfli komissiyada onların hüquq və mənafelərinin təmsilçisi, əmək kollektivi adından çıxış edən həmkarlar ittifaqı komitələri, üzvlərimizin hüquq və güzəştlərini özündə əks etdirən kollektiv müqavilə, işçilərin sosial hüquq və mənafelərinin təminatı olan əmək qanunvericiliyinə əməl edilməsinə lazımi nəzarət yoxdur.

İnanıram ki, təşkilatlanmanın gücləndirilməsi, üzvlərimizin sayının artırılması istiqamətinə yönəlmiş addımların səmərəliliyini yüksəltmək üçün bütün səylərimizi səfərbər edəcəyik.

Diqqətinizə görə təşəkkür

edirəm.