AHİK-in IV Məclisi keçirilib


Baxıldı : 486

Tarix : 2016-12-24 05:44:22


Dekabrın 21-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV Məclisi keçirilib.

Tədbiri giriş sözü ilə açan AHİK sədri, millət vəkili Səttar Mehbalıyev dedi:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası müxtəlif peşə və sənət növlərinə maraq hisslərinin oyadılması, peşəkarlıq fəaliyyətinin nüfuzunun yüksəldilməsi, bununla da gənclərin yaradıcılıq qabiliyyətlərinin və intellektual potensialının üzə çıxarılmasını qarşısına məqsəd qoymuşdur. Bununla əlaqədar olaraq  AHİK-in İcraiyyə Komitəsi 21 avqust 2015-ci il tarixli qərarı ilə "Əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə "İlin peşəkar gənci" adının təsis edilməsi haqqında qərar qəbul etmişdir. Qəbul edilmiş qərara əsasən, komissiya yaradılmış və üzv təşkilatları tərəfindən komissiyaya "İlin peşəkar gənci" adına layiq görülmək üçün namizədlərin sənədləri daxil olmuşdur. Sənədlər komissiya tərəfindən diqqətlə araşdırılmış və ən layiqlilər seçilmişdir. AHİK-in İcraiyyə Komitəsi bu məsələni özünün 10 mart 2016-cı il tarixli iclasında müzakirə etmiş və komissiyanın çıxardığı qərarla razılaşmışdır. İcazə verin, Məclisimizə başlamazdan əvvəl qalib gəlmiş gənclərə layiq görüldükləri mükafatları təqdim edək.

Təqdimolunma mərasimindən sonra təşkilati məsələlərə baxıldı. "Həmkarlar ittifaqı üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin müdafiəsində Azərbaycan həmkarlar ittifaqlarının əməyin hüquq müfəttişlərinin rolu" mövzusunda məruzə dinlənildi. Məruzə ilə çıxış edən AHİK sədri, millət vəkili Səttar Mehbalıyev ölkəmizdə gedən demokratik prosesdən, iqtisadi islahatlardan, bu işdə həmkarlar ittifaqlarının iştirakından danışdı. Bildirdi ki, insan amili dövlətimizin daxili siyasətində ön yerdə durur. Ona görə də əməyin hüquq müfəttişlərinin fəaliyyəti həmkarlar ittifaqının işində önəmli xarakter daşıyır (S.Mehbalıyevin məruzəsinin tam mətni qəzetimizin 3-4-5-ci səhifələrində dərc olunub).

Məruzə ətrafında Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov, "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehdiyevin çıxışları dinlənildi. Onlar müvafiq sahədə qarşıda duran vəzifələrdən, mövcud problemlərdən və onların həlli yollarından danışıblar.

İclasda çıxış edən Prezident Administrasiyasının İctimai-Siyasi Məsələlər Şöbəsinin müdir müavini Ərəstun Mehdiyev ötən müddətdə görülən işlərə münasibətini bildirib. Prezident Administrasiyasının rəsmisi deyib ki, başa çatmaqda olan cari ildə həmkarlar ittifaqı təşkilatları əməyin təşkili, insanların əmək hüququnun müdafiəsi və onların qiymətləndirilməsi, mükafatlandırılması sahəsində geniş fəaliyyət göstərib və çoxsaylı tədbirlər həyata keçiriblər. Eyni zamanda təşkilati, beynəlxalq fəaliyyətin təmin olunması üçün ölkəmizin həmin qurumlarda təmsil olunması sahəsində mühüm işlər görülüb. Həmkarlar təşkilatlarının üzvləri ölkəmizin sosial-iqtisadi tərəqqisinə əhəmiyyətli töhfələr veriblər.

Məclis gündəlikdə duran məsələ ilə əlaqədar müvafiq qərar qəbul etdi.

B. RZAYEV