İstirahət üçün yaradılmış şərait qənaətbəxşdir


Baxıldı : 133

Tarix : 2018-01-26 20:42:07


“Sağlamlığın mühafizəsi və istirahətin təşkili hər bir işçinin hüququdur. Həmkarlar ittifaqları bu hüququn qorunmasını qətiyyətlə müdafiə edir”

AHİK-in IV qurultayına  hesabat məruzəsindən

İşçilərin  sağlamlığının qorunması və istirahətinin təşkili ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının  IV qurultayında səsləndirilən bütün məsələlər, o cümlədən ittifaq üzvlərinin istirahəti Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin  (DİİXİ Hİ)  daim diqqət mərkəzində olmuşdur. Yay - turizm mövsümlərində ittifaq üzvləri ailələri ilə birlikdə  ayrı-ayrı turist bazalarına yollayışlarla təmin edilmişlər.  Komitənin vəsaiti hesabına 2010 - cu ildə Xaçmaz rayonunun Nabran qəsəbəsində  bir gedişə 96 nəfər  tutumu olan, müasir tələblərə cavab verən “Ülfət” İstirahət Mərkəzi tikilmişdir. DİİXİ Hİ-nin öz maliyyəsi  hesabına təkcə ötən mövsümdə “Ülfət”-ə 169, turist bazalarına və istirahət mərkəzlərinə 492, sanatoriya-kurort müəssisələrinə isə 380 yollayış verilmişdir. Bu yollayışlarla 2390 nəfər sahə işçisi turist bazalarında, 95 nəfər istirahət mərkəzlərində dincəlmiş, 380 nəfər sanatoriyalarda müalicə almışdır. Mərkəzin nəzdində üzvlərin uşaqları üçün uşaq yay düşərgəsi təşkil olunmuşdur.

Respublika  Komitəsi sahə işçilərinin  sağlamlığının və istirahətinin təşkili üçün imkanı daxilində əlindən  gələni əsirgəməmişdir.  Yay aylarında müraciət edən üzvlərin tələbatını tam qarşılamaqdan ötrü “Ülfət”dən  başqa 8 istirahət mərkəzi, ayrı-ayrı turist bazaları ilə müqavilələr bağlanmışdır. Ümumilikdə  2013-2017-ci illərdə sahə işçilərinə sanatoriya-kurort və istirahət müəssisələrinə 4513 yollayış verilib və onların ailə üzvlərinin müalicə və istirahəti təmin olunmuşdur. Yay mövsümlərində “Ülfət”də və digər istirahət ocaqlarında dincələn ittifaq üzvləri ilə RK-nın məsul işçiləri mütəmadi görüşmüş,  söhbətlər aparmış, şəraitləri ilə tanış olmuşlar. Onları narahat edən məsələləri öyrənmiş və həllinə çalışmışlar.

Əsli ƏHMƏDOVA