AHİK-in təşkil etdiyi ərzaq dolu maşın karvanı yola salındı


Baxıldı : 1163

Tarix : 2020-04-30 05:52:20


Aprelin 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkil etdiyi maşın karvanı ərzaq sovqatlarını ünvanlarına çatdırmaq üçün  respublikanın şəhər və rayonlarına yola düşüb. Yolasalma mərasimində keçirilmiş mətbuat konfransında AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. O, Azərbaycan Respublikası Prezidentinin koronavirusun ölkəmizdə geniş yayılmaması istiqamətində atdığı addımları yüksək qiymətləndirib. Deyib ki, cənab İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüslər, verilən qərarlar vətəndaşlarımızın sağlamlığının və rifahının onun üçün nə qədər mühüm olduğunu bir daha təsdiq etdi.

Dövlət başçısının tapşırığına əsasən, Nazirlər Kabineti nəzdində yaradılan İşçi Qrupunda pandemiyanın və bundan irəli gələn nəticələrin məşğulluq məsələlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər planı müzakirə olunub. Bununla əlaqədar İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adından müvafiq müraciət hazırlanaraq işəgötürənlərə göndərilib. O cümlədən yerlərdə həmkarlar ittifaqı təşkilatlarına tapşırıq vermişik ki, heç bir işçinin işdən azad olunmasına razılıq verməsinlər.

S.Möhbalıyev deyib ki, dövlətimiz tərəfindən insanların vəziyyətini yaxşılaşdırmaq üçün çox böyük sosial və iqtisadi paket təqdim olunur. Əvvəl 2,5 milyard manat vəsait ayrılmışdı.  İndi bu iqtisadi paket 3 milyard manatı da ötəcək. Ölkə başçısı bu yaxınlarda Sumqayıtda çıxışında da qeyd elədi ki, bu bəladan xalqımızın sağ-salamat çıxması üçün ehtiyac olarsa yenə vəsait ayıracağıq.

Mən Azərbaycan həmkarlar ittifaqlarının çoxsaylı üzvləri adından cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürümü bildirirəm ki, gördükləri qabaqlayıcı tədbirlər nəticəsində ölkəmiz bu bəladan çox az itki ilə çıxır.

AHİK sədri bildirib ki, Prezident İlham Əliyev respublikamızda koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk günlərdən ölkə vətəndaşlarının sağlamlığının, sosial təminatının qorunmasını əsas vəzifə kimi müəyyənləşdirib, bütün dövlət qurumlarına diqqəti bu sahəyə yönəltməyi tapşırıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da ölkə başçısının koronavirus pandemiyası ilə bağlı həyata keçirdiyi tədbirlərdə yaxından iştirak edir. Sosial dəstək tədbirləri çərçivəsində Azərbaycan həmkarlar ittifaqı təşkilatları qısa müddət ərzində 1 milyon 600 min manatdan çox vəsait xərcləyib. İndiyədək 17 mindən artıq aztəminatlı ailəyə ərzaq yardımları göstərilib, 631 min 600 manat məbləğində vəsait bu məqsədlər üçün xərclənib, 148 min manat dəyərində qoruyucu vasitələr alınaraq paylanılıb. Həmkarlar ittifaqları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə 398 min 600 manat vəsait köçürüb.

Eyni zamanda Naxçıvan Muxtar Respublikasına koronavirusla mübarizəyə dəstək məqsədilə 100 min manat vəsait köçürülüb.

AHİK ölkəmizdə pandemiya elan olunan gündən etibarən öz qərargahını yaradıb. Operativ Qərargah vasitəsilə yerlərdə fəaliyyət göstərən bütün həmkarlar ittifaqı təşkilatlarına göstəriş verilib ki, iş yerlərində insanları qoruyucu vasitələrlə təmin etsinlər. Onlara maddi yardım göstərsinlər.

Həmçinin xəstəxanalarda tibb işçilərinə xüsusi geyim və qoruyucu vasitələr göndərilib.

Millət vəkili qeyd edib ki, AHİK-in İcraiyyə Komitəsi xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, təqaüdçülərə ərzaq yardımlarının paylanmasını nəzərdə tutan yeni qərar qəbul etmişdir. Bu məqsədlə respublikanın 76 şəhər və rayonunda yaşayan 3900 aztəminatlı ailəyə ərzaq sovqatının paylanılması qərara alınmışdır. Ümumi həcmi 68 ton olan ərzaq sovqatları hər bir ailə üçün vacib olan gündəlik tələbat mallarından ibarətdir.

Bu gün  AHİK-in təşkil etdiyi maşın karvanı ərzaq sovqatlarını ünvanlarına  çatdırmaq üçün respublikanın şəhər və rayonlarına yola düşür.

AHİK sədri qeyd edib ki, bu ərzaq məhsulları gündəlik tələbat mallarıdır. Uşaqlar da nəzərə alınıb. 20 kiloqramdan artıq olan bu ərzaq səbətində peçenye, konfet, düyü, şəkər tozu, qənd, yağ, tomat, duz və sair qida məhsulu var. Bölgələrdə həmkarlar ittifaqlarının nümayəndələri icra hakimiyyətlərinin məsul şəxsləri ilə birlikdə bu ərzaq sovqatlarının aztəminatlı ailələrə paylanılmasında iştirak edəcəklər. Çalışırıq ki,  yardımlar bölgələrdə ehtiyacı olan ailələrə çatdırılsın.

Millət vəkili deyib ki, koronavirus pandemiyası şəraitində həmkarlar ittifaqı təşkilatları tərəfindən maddi və mənəvi yardımlar göstərilməsi gələcəkdə də davam etdiriləcəkdir.

A.MUSTAFAYEV