AHİK-in V qurultayı keçirildi


Baxıldı : 145

Tarix : 2018-02-09 22:45:21


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayının iştirakçıları fevralın 4-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə güllər və əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb. Sonra Şəhidlər xiyabanına gələn qurultay iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Fevralın 5-də Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayı öz işinə başlayıb.

Qurultayda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, sahə həmkarlar ittifaqları təşkilatlarından 1300-dək nümayəndə, dövlət və hökumət rəsmiləri, eləcə də 30 ölkədən 85 nəfər beynəlxalq həmkarlar ittifaqı liderləri və fəalları iştirak ediblər.

Qurultayı AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev açıb.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Reqlamentə uyğun olaraq, qurultayın gündəliyi təsdiq edilib və rəhbər orqanlarının - rəyasət heyətinin, redaksiya, mandat və hesablayıcı komissiyaların tərkibi və katibliyin üzvləri seçilib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

Səttar Möhbalıyev Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubuna və həmkarlar ittifaqları təşkilatlarının 114 üzvünün təltif olunması barədə sərəncamlarına görə AHİK-in üzvləri adından dövlətimizin başçısına minnətdarlığını bildirib.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Joao Felisio, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Pan Avropa Regional Şurasının prezidenti İrakli Petriaşvili, “Türk-İş” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ergün Atalay, Türkiyənin “Hak-İş” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Mahmud Aslan, “Kamu-Sen” Həmkarlar İttifaqları Konfederasiyasının sədri İsmayıl Koncuk, “Məmur-Sen” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Əli Yalçın, Avrasiya Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqları Federasiyasının sədri Cemail Bakındı çıxış edərək təbriklərini çatdırıblar.

Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib.

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxışlara və səmimi təbriklərə görə minnətdarlığını bildirib.

Sonra mandat komissiyasının hesabatı dinlənilib.

AHİK-in V qurultayı qısa fasilədən sonra işini davam etdirib.

Konfederasiyanın sədri S.Möhbalıyev bildirib ki, AHİK-in sıralarındakı 17 minədək həmkarlar ittifaqı təşkilatının V qurultaydan əvvəlki toplantılarında yüz minlərlə fəal üzv builki prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bəyan edib. Onlar bu istəklərinin qurultayda rəsmi sənədlərdə əksini tapması üçün mandat veriblər: “Biz 2008-ci və 2013-cü il prezident seçkilərində olduğu kimi, bu dəfə də ənənəmizə sadiq qalaraq İlham Əliyevin namizədliyini dəstəkləyəcək və onun könüllü vəkilləri olacağıq”.

Qurultayda 2018-ci ildə Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar layihəsi səsə qoyularaq qəbul olunub.

Qurultayın nümayəndələri qarşıdakı seçkilərdə namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə Prezident İlham Əliyevə müraciət ediblər.

AHİK-in sədri, Milli Məclisin deputatı S.Möhbalıyev hesabat məruzəsi ilə çıxış edərək Konfederasiyanın V qurultayının əlamətdar hadisə - qurumun yaradılmasının 25 illiyi ərəfəsinə təsadüf etməsini məmnunluqla vurğulayıb.

Sonra AHİK-in təftiş komissiyasının hesabat məruzəsi dinlənilib.

AHİK-in 2013-2018-ci illərdəki fəaliyyətinə dair hesabat məruzəsi ətrafında çıxışlarda qurumun işi qənaətbəxş hesab olunub. Çıxışlarda həmçinin AHİK-in sədri vəzifəsinə Səttar Suliddin oğlu Möhbalıyevin namizədliyi irəli sürülüb.

Sonra AHİK-in və təftiş komissiyasının hesabat məruzələri səsə qoyularaq təsdiqlənib.

Daha sonra təşkilati məsələlərə baxılıb, AHİK-in sədri vəzifəsinə seçkilər keçirilib.

Milli Məclisin deputatı Səttar Suliddin oğlu Möhbalıyev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib.

Həmçinin, AHİK sədrinin səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılması məsələsi səsə qoyularaq təsdiqlənib.

Qurultayda AHİK Məclisinin, təftiş komissiyasının tərkibi də seçilib və sairə təşkilati işlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Daha sonra AHİK-in V qurultayının nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bütün dünya həmkarlar ittifaqlarına müraciəti səsləndirilib.

Müraciət səsə qoyularaq təsdiq olunub.

Bununla da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayı işini başa çatdırıb.

  *  *  *

Fevralın 5-də AHİK-in I Məclisi olmuşdur. Məclisdə əvvəlcə AHİK sədrinin müavinlərinin seçilməsi məsələsinə baxılıb. İlyas Alxas oğlu Əliyev AHİK sədrinin birinci müavini, Aqil İsax oğlu Dadaşov, Cavanşir Ağasəlim oğlu Alxasov və Əbil Rzaqulu oğlu Ağasıyev müavin seçiliblər.

AHİK-in Nizamnaməsinin 3.13.1 bəndinə uyğun olaraq, Aqil İsax oğlu Dadaşov, Cavanşir Ağasəlim oğlu Alxasov və Əbil Rzaqulu oğlu Ağasıyev AHİK-in İcraiyyə Komitəsinin üzvü seçiliblər.