AHİK-in V qurultayında çıxışlar- Bəhruz ƏHMƏDOV,


Baxıldı : 245

Tarix : 2018-02-24 00:48:09


Hörmətli sədr!

Hörmətli qurultay iştirakçıları və qonaqlar!

Xanımlar və cənablar!

 

2014-cü ildə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaranması Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyində də təşkilati islahatlar aparmaq zərurəti yaratdı. Birliyin həmin il sentyabr ayının 17-də AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin iştirakı ilə keçən IV Məclisinin iclasında təşkilatın yeni strukturu və gələcək vəzifələri müəyyənləşdirildi.

QSC rəhbərliyi ilə əməkdaşlıq şəraitində bu vəzifələrin icrasına başlanıldı. İlk müştərək tədbirimiz işçilərin istirahətinin təşkili ilə bağlı oldu.

Üzvlərimizin və ailə üzvlərinin (435 nəfər) Gürcüstanın Kobuleti şəhərinə birhəftəlik turları, Dubay şəhərində istirahətləri, İstanbul şəhərinə qısamüddətli turist səfərləri təşkil olundu. İşində fərqlənən gənc kadrların və işçilərin həvəsləndirilməsi məqsədilə onların da Yeni ili və Novruz baryamlarında bu səfərlərdən bəhrələnmələri təmin olundu.

Hörmətli nümayəndələr!

Mən Sizin diqqətinizə Metropolitendə işçilərin əməyinin mühafizəsinin təşkili məsələləri ilə bağlı gördüyümüz işləri çatdırmaq istərdim. Bu məsələ xüsusi və daimi olaraq Metropoliten İşçiləri Həmkarlar İttifaqının nəzarətindədir. 2016-cı ildə əmrlə aparatda fəaliyyət göstərən əməyin təhlükəsizliyi ilə bağlı struktur yenidən qurulmaqla, “Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi” şöbəsi adlandırılaraq birbaşa QSC-nin sədrinə tabe edildi. Bu isə bütün sahələrdə iş prinsiplərinin optimallaşdırılmasına, işçilərin sağlamlığının təminatına, layiqli iş yerlərində çalışmasına, texniki təhlükəsizlik məsələlərinə diqqətin artırılmasına, yeni texnologiyaların tətbiqi ilə əmək şəraitinin asanlaşdırılmasına böyük təkan vermiş oldu. Şöbənin və müvafiq xidmətlərin vahid mərkəzdə cəmlənməsi sistemli tədbirlərin həyata keçirilməsinə, sahəyə cavabdeh şəxslərin məsuliyyətinin artırılmasına, onların hər hansı təzyiqdən kənar qalmasına, müstəqil, obyektiv fəaliyyət göstərməsinə şərait yaratdı. Belə olduqda, təbii ki, bizim də nəzarətimiz üçün ən geniş meydan açılmış oldu. Hesab edirəm ki, digər sahələr də bu təcrübədən yararlanmaqla işçilərin əməyinin və sağlamlığının mühafizəsində ciddi irəliləyişlərə nail ola bilərlər.

Son dörd ildə bədbəxt hadisələrin qarşısını almaq məqsədilə 215 tədbirə 48 min 326 manata yaxın, əmək şəraitinin yaxşılaşdırılması üçün 314 tədbirə 985 min 652 manatdan artıq, fərdi əmək mühafizə və geyim vasitələrinin alınmasına isə 678 min 800 manata yaxın vəsait xərclənmişdir.

Bütün bunların nəticəsidir ki, Bakı Metropoliteni üzrə istehsalatda xəsarət alma əvvəlki beşilliyə nisbətən 30% azalmışdır.

Hazırda “Bakı Metropoliteni” QSC-də Hərəkət Təhlükəsizliyi üzrə İctimai Müfəttişlər qrupları fəaliyyət göstərir. Onların fəaliyyəti sırf könüllülük prinsipinə söykənir, əlahiddə imtiyazları da yoxdur. Buna baxmayaraq, onlar son üç ildə 250-dən çox reyd keçirmiş, müxtəlif sahələr üzrə aşkarlanmış 643 çatışmazlığın aradan qaldırılmasına nail olmuşlar.

Hörmətli qurultay nümayəndələri!

Biz əməyin mühafizəsi sahəsində daha böyük uğurlara imza ata bilərik. Təəssüf ki, bu sahədə bizdən asılı olmayan, daha yuxarı distansiyalarda həlli mümkün problemlər var.

Bunlar: əmək müfəttişliyi üzrə sahəyə aid milli qanunvericiliyin beynəlxalq normalarla uyğunsuzluğu; qanunvericiliyə riayət edilməsinə nəzarət və profilaktik tədbirlərin balanslaşdırılmış tətbiqi üzrə siyasətin işlənib hazırlanmasının vacibliyi; əmək məsələlərini tənzimləyən orqanlar və digər maraqlı tərəflər səviyyəsində kompleks məlumat bazalarının yaradılması və əlaqələndirilməsinin zəruriliyidir.

Xatırladıram ki, mənim tərəfimdən səsləndirilən bu məsələlər BƏT-in təşkilatçılığı və sosial tərəfdaşlarımızın iştirakı ilə hazırlanmış “Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün “Layiqli Əmək üzrə Ölkə Proqramı”nda da öz əksini tapmışdır.

Hörmətli qurultay iştirakçıları!

Mən çıxışı daha iki təkliflə bitirirəm. Təklif edirəm ki, apardığı səmərəli və çoxşaxəli fəaliyyətini nəzərə alaraq, Səttar Suliddin oğlu Möhbalıyevin yenidən AHİK-in sədri vəzifəsinə namizədliyi irəli sürülsün.

Mən sizi ölkə iqtisadiyyatının inkişaf etdirilməsində, insan haqlarının və vətəndaş cəmiyyətinin qorunmasında, demokratik institutların inkişafının və əhalinin sosial problemlərinin aradan qaldırılması sahəsində, respublikamızın beynəlxalq aləmdə müsbət imicinin formalaşdırılması işində göstərdiyi əvəzsiz xidmətlərini və həmkarlar ittifaqlarının fəaliyyətinə verdiyi dəstəyi nəzərə alaraq, qarşıdakı prezident seçkilərində birmənalı olaraq hazırkı ölkə Prezidenti cənab İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləməyə çağırıram.

Çıxışımın sonunda təklif edirəm ki, AHİK-in ötən beşillik fəaliyyəti qənaətbəxş hesab edilsin, təftiş komissiyasının məruzəsi təsdiq olunsun.

Diqqətinizə görə təşəkkür edirəm!

Bəhruz ƏHMƏDOV,

“Bakı Metropoliteni” QSC-nin Hərəkət

Xidməti Həmkarlar İttifaqı Komitəsinin sədri