AHİK-in V qurultayında çıxışlar- Cahangir ƏLİYEV,


Baxıldı : 242

Tarix : 2018-02-16 23:10:15


Hörmətli qurultay iştirakçıları!

Hörmətli qonaqlar!

AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin geniş, məzmunlu hesabat məruzəsində neft sənayesinin xüsusilə son onilliklərdə davamlı inkişafı, bu sahəyə dövlət qayğısı barədə ətraflı məlumat verildi. Mən çıxışımda diqqətinizə sahə işçilərinin əmək, sosial hüquqlarının qorunması, istirahətlərinin təşkili, sıralarımızın daha da genişləndirilməsi və sair istiqamətlərdə təşkilatımızın gördüyü işləri, üzləşdiyimiz problemləri və bu problemlərin həlli üçün hazırladığımız təkliflərimizi çatdırmaq istəyirəm. Əvvəla deyim ki, fəaliyyətimizdə tərəfdaşlarımızla, eləcə də tərəfdaş kimi görmək istədiyimiz yeni yaradılmış müəssisələrin rəhbərlikləri ilə münasibətlərdə sosial dialoqa üstünlük veririk. Şəxsi təcrübəmizə istinadən deyə bilərəm ki, sosial dialoq indiki dövrdə nailiyyətlərə doğru gedən ən doğru yoldur.

Təsadüfi deyil ki, Beynəlxalq Əmək Təşkilatı və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xətti ilə Bakıda keçirilən konfranslarda, seminarlarda sosial dialoqa geniş yer ayrılıb. Bu gün biz 20 xarici və müştərək müəssisədə həmkarlar ittifaqı təşkilatı yaratmışıq. Bu müəssisələrdə ittifaq üzvlərinin sayı 21 mindən çoxdur. Həmin müəssisələrdə işçilərin əmək və sosial hüquqlarının müdafiəsi sahəsində uğurlarımız var. Amma problemlər də az deyil. Biz davamlı olaraq onların kompromis yollarla həllinə çalışırıq.

Bu problemlərin arasında daha çox narahatlıq doğuran işçilərin işdən azad edilməsidir. Yeri gəlmişkən deyim ki, belə hallar, az da olsa, yerli müəssisələrdə də baş verir. Bu problemlərin aradan qaldırılması uğrunda mübarizədə tərkibində daha hazırlıqlı, qanunvericilik aktlarını mükəmməl bilən kadrlar cəmlənmiş həmkarlar ittifaqı komitələri qalib olurlar. Mən, xüsusən, “Bahar Enerji” Operatinq Kompany “Limited” Şirkətinin HİK sədri Məmməd Məmmədovun işini qeyd etmək istərdim. Hesabat dövründə müəssisənin rəhbərliyi, ağır maliyyə böhranından çıxmaq istəyi səbəbindən, vaxtaşırı işçilərin sayının azaldılmasına çalışırdı. Bu hallarda HİK sədri şirkət rəhbərliyi ilə davamlı danışıqlar apararaq ixtisara düşə biləcək işçilərin hüquqlarının müdafiəsinə qalxdı və nəticədə 70-dək işçi işdə qaldı.

SOCAR-ın son zamanlar ardıcıl apardığı fəaliyyət nəticəsində idarə və müəssisələrin siması dəyişib. Demək olar ki, inzibatı binalar, avadanlıqlar, istehsalat sahələrinin vəziyyəti tələb olunan standartlara tam cavab verir. İşçilərinin iş və məişət şəraiti müasirləşmişdir. 2007-ci ildən başlayaraq davamlı olaraq SOCAR-ın qurumlarında çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə müddətli sosial inkişaf proqramları qəbul edilib yerinə yetirilir. Son proqram 2016-2020-ci illər üçün nəzərdə tutulub.

Proqrama uyğun olaraq hesabat dövründə 1698 neftçi ailəsinə mənzil verilmiş və 202 neftçiyə torpaq sahəsi ayrılmışdır. Bibiheybət, Lökbatan, Qaraçuxur ərazilərində layihələndirilmiş yaşayış binalarının tikintisi və Buzovna zonasında torpaq sahələrinin bölgüsü bizə imkan verəcəkdir ki, mənzil növbəsində dayananların 50 %-i yaşayış sahəsi ilə təmin olunsun. Növbəti 5 il ərzində bunun reallaşması mümkündür.

Hörmətli həmkarlar!

Hesabat dövründə dünyada baş vermiş iqtisadi böhran nəticəsində neftin dəyərinin kəskin aşağı düşməsi SOCAR-ın işində müəyyən problemlər yaratdı və bu da bizim işimizə öz mənfi təsirini göstərdi.

Amma çətinliklərə baxmayaraq, SOCAR öz hesabına Naftalan şəhərindəki Qaşaltı sanatoriyasında 13350 nəfərin müalicəsini təmin etdi.

İttifaq üzvlərinin sağlamlığının qorunmasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının da bizə böyük dəstəyi var. Bələ ki, hesabat dövründə 4500 nəfər neftçi respublikamızda fəaliyyət göstərən sanatoriyalarda müalicə olunmuşdur və 5000 nəfərdən çox işçi müxtəlif istirahət ocaqlarında ailə üzvləri ilə birgə dincəlmişdir. Bizə göstərdiyi diqqətə görə bütün neftçilər adından Səttar müəllimə dərin minnətdarlığımızı bildirmək istəyirəm.

Əlbəttə, fəaliyyətimiz bu sadaladığım məsələlərlə bitmir. Reqlamenti nəzərə alıb qısa məlumatla kifayətləndim.

Çıxışımın sonunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab edirəm. Nümayəndə heyətimiz adından Səttar Möhbalıyevin yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsinə seçilməsini təklif edirəm.

Cahangir ƏLİYEV,

Neft və Qaz Sənayesi

İşçiləri HİRK-in sədri