AHİK-in V qurultayında çıxışlar- Cəmail BAKINDI


Baxıldı : 128

Tarix : 2018-02-16 23:52:47


Hörmətli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, dəyərli dostum Səttar Möhbalıyev, xarici ölkələrdən bu tədbirə qatılan məsləkdaşlarım və qurultay iştirakçıları!

Biz sizinlə bir neçə dəfə görüşmüşük. Bu gün burada iştirak etməkdən qürur duyuram. Türkiyədən olan həmkarlarım artıq çıxış ediblər, ola bilsin mənim deyəcəyim sözlərdə bəzi təkrarlar olsun, amma bunları mütləq deməliyəm. Sovet ittifaqının dağılmasından sonra və 1991-ci ildən başlayaraq Yaxın Şərqdə cərəyan edən siyasi proseslər,  müxtəlif illərdə baş verən münaqişələr, Körfəz müharibəsi, Ərəb baharı adı altında yaxın coğrafiyaya yayılan və bu gün Suriyada davam edən mücadilədə Türkiyə imperialist qüvvələrlə üz-üzə dayanıb. 40 ilə yaxındır terrora qarşı mübarizə aparan və özəlliklə də xarici güclərin dəstəyilə silah-sursatın göndərildiyi bir bölgədə ayaqda durmağa çalışan Türkiyə var. Türkiyə varsa, Azərbaycan var, dünyada sülh var və Yaxın Şərqdə əmin-amanlıq var, bu belə dərk edilməlidir. Türkiyədə 6 milyona yaxın qonşu ölkələrdən, hətta aclıq və səfalətdən əzab çəkən Ermənistandan gələn insanlar yaşayır, işləyir, ailələlərini dolandırır. Və bizim ölkədə ayrı-ayrı inancları olanlara fərq qoyulmur,  onlar əzilmir, hüquqları tapdalanmır.  Amma bütün bunlara baxmayaraq, Qərb bizi görün nədə günahlandırır?  Milyonlarla insanın ölümünə bais olan imperialist qüvvələr Ağ dənizi, Egey dənizini qan gölünə çeviriblər. Televiziyaların verdiyi görüntülərdə siz bunların şahidi olmusunuz. Bu hadisələri törədənlərin nə islamla, nə xristianlıqla, nə də musəviliklə əlaqəsi yoxdur. Onlar dinsiz, imansız, qəlbsiz insanlardır.

Ətrafımız silahlı quldurlarla doludur, hansılar ki, çalışır Türkiyəni bölsünlər. Və Türkiyə bütün bunlara qarşı mücadilə aparır. Terrora qarşı mübarizəyə küllü miqdarda vəsait sərf edir.

Yanımızda olduğunuza və bizə dəstək verdiyinizə görə cənab Prezident İlham Əliyevə təşəkkür edirik. Azərbaycan və Türkiyə arasındakı dostluq, qardaşlıq əlaqələri dünən də olub, bugün də var və gələcəkdə də olacaq. Qoy bütün dünya bunu belə qəbul eləsin. 

Biz xalqın təmsilçiləriyik, sülhün carçısıyıq və qoruyucusuyuq, amalımız budur.

Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir. Qarabağda sülh olarsa, bölgədə əmin-amanlıq daha da möhkəmlənəcək.

Yəhudi, xristian, müsəlman olmasından asılı olmayaraq, hamımız bir olan Allaha ibadət edirik. Bizim müqəddəs kitabımız çətinliyə düşən hər bir insana yardım etməyi, ac insanları doyurmağı yazır. Biz dini ayrı-seçkiliyə qarşıyıq, təriqətlərə qarşıyıq. Dünyada və eyni zamanda ölkəmizdə sülh istəyirik.

Baş alıb gedən iqtisadi böhran, devalvasiyalar, iş yerlərinin ixtisarı, qiymət artımı, bütün bunlar hamımıza çox böyük təsir göstərdi. Amma əyilmədik, üzülmədik, dik durmağı bacardıq. Bir gün mütləq kapitalizmin sonu gələcəkdir. Sosial dövlət olan, insan faktoruna yer verən rejimlər yaşayacaqdır.

Azərbaycan Qafqazda bir ulduz kimi parıldayır. Hər gəlişimdə mühüm yeniliklərin şahidi oluram, ölkəniz gündən-günə gözəlləşir. Turistlərin sayı artır. Amma bir milyon qaçqını olan ölkənin nə qədər böyük dərdi olduğunu mən çox gözəl başa düşürəm. İnanıram ki, Qarabağ problemi sülh yolu ilə, ya da ki... həll olunacaqdır. Allah bizə o torpaqların işğaldan azad edildiyi və yurdlarından didərgin düşən insanların oraya geri döndüyü günü görməyi nəsib etsin.

Sülhü qorumalıyıq, özümüzdən sonra gələn gənc nəsillərə sabit bir dünya çatdırmalıyıq. Burada 36 ölkənin həmkarlar ittifaqlarının nümayəndələri var. Gəlin hamımız birlikdə bu amal üçün çalışaq.

Yaşasın işçi birliyi, həmkarlar ittifaqlarının mehriban qardaşlığı və əməkdaşlığı!

Qurucusu Heydər Əliyev olan müstəqil Azərbaycana tərəqqi, istiqlal, inkişaf arzulayıram. Yanınızda Türkiyə kimi bir dost ölkə var, bərabərik, tək ürəyik, tək vücuduq.

Cəmail BAKINDI,

Avrasiya Kənd Təsərrüfatı və Qida Sənayesi

İşçiləri Həmkarlar İttifaqları Federasiyasının sədri