AHİK-in V qurultayında çıxışlar- Cəmaləddin İSMAYILOV


Baxıldı : 349

Tarix : 2018-02-16 22:15:43


Hörmətli qurultay nümayəndələri və qonaqlar, hörmətli Səttar müəllim!

Son 25 ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası peşəkar fəaliyyəti, xüsusilə AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyevin tükənməz enerjisi, yüksək təşkilatçılıq bacarığı sayəsində dünya həmkarlar ittifaqı hərəkatının bərabərhüquqlu üzvünə çevrilmişdir. Səttar müəllimin Azərbaycan hökuməti və sosial tərəfdaşlarla işgüzar münasibətlər yaratması MDB ölkələrində bir nümunə kimi göstərilir.

Hörmətli qurultay iştirakçıları!

AHİK hesabat dövründə əmək, sosial, iqtisadi məsələlər üzrə normativ-hüquqi aktların hazırlanmasında fəal iştirak edib. Sevindirici hal odur ki, son illər ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətdə əmək bazarının inkişafı və işçi qüvvəsinin səmərəli istifadə edilməsi əsas istiqamətlərdən biridir. Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu siyasət və aparılan islahatlar nəticəsində əmək bazarında müsbət dəyişikliklərə nail olunmuş, işsizlik səviyyəsi 48%-dən 5%-ə enmişdir.

Dünya iqtisadi böhranı şəraitində AHİK-in BƏT ilə birgə keçirdiyi “Əməyin gələcəyi” mövzusunda müzakirələri böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Gənclərin Məşğulluq Şəbəkəsinə daxil olan qabaqcıl ölkələr sırasına qoşulmuşdur. Bu təşəbbüs BƏT-in texniki yardımı vasitəsilə BMT tərəfindən dəstəklənmişdir. Gənclərin məşğulluğunun dəstəklənməsi üzrə Milli Fəaliyyət Planında gənclər arasında işsizliyin azaldılması, onların məşğulluğunun, sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi və gənclərə peşəyönümlü təlimlərin keçirilməsi əsas prioritet təşkil edir.

Biz, həmkarlar reallığı onda görməliyik ki, getdikcə informasiya texnologiyalarının inkişafı əksər iş sahələrində, onların strukturunda köklü dəyişikliklərə və iş yerlərinin azalmasına mühüm bir səbəb olacaq.

Ali təhsilli gənclərin sayının ildən-ilə artmasına baxmayaraq, gənc mütəxəssislərin bilik və bacarıq səviyyəsi əmək bazarının və işəgötürənlərin tələblərinə tam uyğun gəlmir. Nəticədə şirkətlərdə bir sıra peşələr üzrə mütəxəssis qıtlığı olsa da, gənclər özünə çox çətin iş yeri tapa bilir.

Həmçinin yaxın illər ərzində tələbat yaranan peşələr barədə məlumatlılıq səviyyəsi aşağıdır. Bütün bu narahatlıq doğuran məsələlər maarifləndirmə sayəsində aradan qaldırıla bilər.

Biz, həmkarlar ittifaqları olaraq, gənclərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə “Layiqli Əmək üzrə Dövlət Proqramı” çərçivəsində silsilə seminarlar keçirməliyik.

Məşğulluq idarələrinin vəzifələri köklü şəkildə dəyişməlidir. Çünki yeni peşələri yalnız texniki bazası və peşəkar mütəxəssisləri olan peşə mərkəzlərində öyrənmək olar.

Bakıda və regionlarda mərkəzlər yaranmalıdır və onların tədris metodları beynəlxalq standartlara cavab verməlidir. Peşə sahiblərinə ölkə ərazisində tanınan və qəbul olunan peşə sertifikatları verilməlidir. Eyni vaxtda peşədəyişmə ilə əlaqədər problemlərin təsirini azaltmaq üçün bütün təhsil ocaqlarında (orta və ali) məcburi informasiya texnologiyasından (kompüter təhsili) dərslər təşkil edilməlidir. Bütün bu proseslərdə işçilərin əmək və sosial təminatlarını həmkarlar ittifaqı təşkilatları layiqincə qorumalı, əmək bazarında yaranan problemlərə aid proqnoz verməli və qabaqlayıcı tədbirləri işəgötürənlə birgə görməlidir.

Məncə, AHİK-in nəzdində “Əmək bazarının sürətlə dəyişməsinə dair proqnozlaşdırma şöbəsi”nin yaradılması məqsədəuyğundur.

Hörmətli həmkarlar!

Bildiyiniz kimi, dünya praktikasında gənclər arasında fermer təsərrüfatı ilə məşğul olmaq meyilləri artmaqdadır. Bizim ölkənin şəraitində regionlarda minlərlə gənci fermerlik peşəsinə cəlb etməyi vacib sayıram. Ölkəmizdə heyvandarlıq, quşçuluq, bağçılıq və digər sahələrdə fermer təsərrüfatı yaratmaq üçün hər bir imkan var. Bu istiqamətdə hökumət tərəfindən gənc fermerlərə maliyyə yardımı, vergi güzəştləri olmalıdır. Ölkədə əmək bazarının inkişafı orta və kiçik sahibkarların münasibətindən də çox asılıdır. Hamımız bilirik ki, ölkə başçısı sahibkarlığın inkişafına çox böyük diqqət yetirir, ancaq gəlin baxaq: bu diqqətə sahibkarlar nə dərəcədə sosial məsuliyyət göstərirlər? Təəssüflər olsun ki, əksər sahibkarlar dövlət qarşısında sosial məsuliyyət hiss etmirlər. Belə yanaşma ilə onlar qeyri-formal sektorun genişlənməsinə yol açırlar. Mənə belə gəlir ki, dövlət tərəfindən sahibkarlara köməklik nağd pul şəklində yox, natural şəkildə olmalıdır. Yardım konkret iş layihəsinə və iş yerlərinin artmasına yönəldilməlidir. Yerli orqanlar tərəfindən gənc sahibkarların və fermerlərin işinə yerli-yersiz müdaxilənin qarşısı alınsa, fermerlərə məhsulunu satmaqda real köməklik edilsə, gənclər bu işə maraqla qoşulacaqlar. Şübhəsiz ki, bu yaxınlarda cənab Prezidentimizin imzaladığı “Kiçik və Orta Biznez Agentliyinin yaradılması haqqında” Fərman əmək bazarının seçimində iştirakçılar üçün güclü təkan olacaq.

Hörmətli qurultay nümayəndələri!

Mən “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının çoxsaylı üzvlərinin tapşırığı ilə hörmətli liderimiz Səttar Möhbalıyevin yenidən AHİK-in sədri seçilməsi təklifini irəli sürürəm.

 

Cəmaləddin İSMAYILOV,

“Xidmət-İş” Həmkarlar

İttifaqları Federasiyasının

vitse-prezidenti