AHİK-in V qurultayında çıxışlar- Cəmilə SƏTTAROVA


Baxıldı : 112

Tarix : 2018-02-16 23:07:39


Hörmətli qurultay nümayəndələri!

Hörmətli sədarət!

Dəyərli qonaqlar!

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası fəaliyyət göstərdiyi 25 il ərzində təkcə postsovet məkanında və Cənubi Qafqaz regionunda deyil, ümumilikdə ümumdünya və ümumavropa həmkarlar ittifaqları birliklərində Azərbaycanı layiqincə təmsil etməkdədir.

Bu uğurda AHİK-in sədri, millət vəkili, BHİK-in və Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyevin yüksək peşəkarlığı, zəngin bilik və təcrübəsi, təşkilatçılıq qabiliyyəti və şəxsi nüfuzu böyük rol oynamışdır.

Hörmətli həmkarlar!

Həmkarlar ittifaqları sosial - əmək münasibətlərində gender bərabərliyi aspektini ilk növbədə qadın və kişilərin azad seçimli, təhlükəsiz və layiqincə qiymətləndirilən iş yerləri ilə təmin olunmasında görür.

Bütün bunlar və digər mühüm öhdəliklər AHİK-lə tərəfdaşları arasında iki ildən bir imzalanan 2016-2017-ci illər üçün Baş Kollektiv Sazişdə və həmkarlar ittifaqlarının mövqeyini əks etdirən Tövsiyədə geniş şəkildə göstərilmişdir.

Tövsiyələrdə gender bərabərliyi siyasətinin həyata keçirilməsi sahəsində iş yerlərində bərabər imkanların yaradılması, işçilərin rəhbər vəzifələrə irəli çəkilməsi, sosial tələbatlarının ödənilməsi, iş yerlərində qadınlara bərabər hüquq və imkanlar prinsiplərinin həyata keçirilməsi və digər məsələlər nəzərdə tutulub.

Azərbaycan həmkarlar ittifaqları ölkədə geniş vüsət almış gender bərabərliyi və qadın hüquqlarının müdafiəsi prosesinə fəal qoşulmuş, qadın problemləri üzrə milli proqramların həyata keçirilməsində və digər məsələlərdə yaxından iştirak edir.

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və üzv təşkilatların nəzdində gender bərabərliyi və qadın problemləri ilə məşğul olan güclü şəbəkə fəaliyyətdədir.

AHİK-in Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzi öz sıralarında 2235 komissiyanı, 11045 nəfər qadın və kişi fəalını birləşdirir.

Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəz ən aktual mövzularda regional seminarlar, dəyirmi masalar, treninqlər və sorğular keçirib.

İşçilərin həmkarlar ittifaqında fəallığını artırmaq, qadınlar arasında liderlik keyfiyyətlərini gücləndirmək  məqsədilə AHİK-in İcraiyyə Komitəsinin qəbul etdiyi “Gender bilikləri və texnologiyası məktəbi (GBTM)” layihəsi uğurla həyata keçirilib və sahələr üzrə fəallar müəyyən olunaraq  mükafatlandırılıblar.

Məqsəd formalaşdırmaq, qadınlar arasında liderlik keyfiyyətlərini gücləndirmək, təşviqat qrupları və həmkarlar ittifaqına üzvlüyün motivasiyasının yüksəldilməsi işində hazırlanan kadrlardan istifadə etməkdir.

Ötən illər ərzində, ənənələrə sadiq qalaraq, əməkçilərin mənafeləri, qanuni hüquqlarının müdafiəsi üzrə beynəlxalq təcrübəyə yiyələnmək məqsədilə beynəlxalq həmkarlar ittifaqı təşkilatları, ictimai birlikləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa böyük əhəmiyyət verilmişdir.

AHİK-in gender şəbəkəsinin tanınması və görülən işlərin nəticəsi olaraq Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzin sədri 2016-cı ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (İTUC) və Pan Avropa Regional Şurasının Qadınlar Komitəsinin üzvü seçilmişdir.

Gender bərabərliyinin təmin olunmasında əmək münasibətlərinə cəlb olunmuş qadınların öz hüquqlarını bilməsi vacibdir.

Düşünürəm ki, bu istiqamətdə AHİK öz fəaliyyətini davam etdirib daha da gücləndirməli və işləyən qadınların əmək problemlərinə həsr olunan yeni forumları, elmi konfransları, müvafiq layihələri həyata keçirməlidir.

Hörmətli qurultay nümayəndələri!

Bütün mədəniyyət işçiləri adından Azərbaycan həmkarlar ittifaqlarının gələcəyi və tərəqqisi naminə hörmətli Səttar Suliddin oğlu Möhbalıyevin növbəti dəfə AHİK-ə sədr seçilməsi təklifini irəli sürürəm və mənim bu təklifimə dəstək verməyi qurultay nümayəndələrindən xahiş edirəm.

AHİK-in son 5 ildəki fəaliyyətini müsbət dəyərləndirir və təftiş komissiyasının hesabatını qənaətbəxş qiymətləndirirəm.

Əziz həmkarlar!

2018-ci ildə mühüm əhəmiyyət kəsb edən ictimai-siyasi hadisə respublikada keçiriləcək prezident seçkiləridir.

Fürsətdən istifadə edib qurultay iştirakçılarına bildirmək istəyirəm ki, respublikamızın bütün mədəniyyət işçiləri növbəti prezident seçkilərində yalnız bir namizədə - Heydər Əliyev ideyalarının və siyasi kursunun layiqli davamçısı möhtərəm İlham Əliyev cənablarının namizədliyinə dəstək verəcəklərini qurultaya çatdırmağı bizə tapşırıblar.

Diqqətinizə görə çox sağ olun!

 

Cəmilə SƏTTAROVA,

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı

Respublika Komitəsinin sədri