AHİK-in V qurultayında çıxışlar-Əli Həsənov


Baxıldı : 150

Tarix : 2018-02-09 21:37:11


Hörmətli qurultay iştirakçıları!

Bu il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu seçkilər həmkarlar ittifaqları qarşısında vəzifələr qoyur. Bilirik ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultaylarında həmişə İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürürsünüz. Bu dəfə də bütün həmkarlar ittifaqları işçilərini İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməyə çağırırıq.

Hörmətli qurultay iştirakçıları!

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbəti qurultayı ölkəmizin sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni - dərin islahatlarla səciyyələnən yüksəliş mərhələsinə qədəm qoyduğu, cəmiyyətimizin ictimai-siyasi və mədəni həyatında dinamik proseslərin getdiyi, xalqımızın tarixinin həm acı, həm də əlamətdar hadisələrini qeyd etməyə hazırlaşdığımız bir dövrə təsadüf edir. Bildiyiniz kimi, bu ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 ili tamam olur. Gələn ay isə Azərbaycan xalqının məruz qaldığı ağır faciələrdən birinin - erməni millətçiləri tərəfindən 1918-1920-ci illərdə törədilən soyqırımının da 100-cü ildönümüdür. Bu il ölkəmizin həyatında həm də çox mühüm siyasi kampaniya - Prezident seçkiləri keçiriləcək. Aydındır ki, həmkarlar ittifaqı təşkilatları da ölkə həyatının ümumi axarından kənarda qalmayacaq, öz fəaliyyətini həmin məsələləri nəzərə almaqla quracaq.

Azərbaycan həmkarlar ittifaqları ölkədə bir əsrdən artıqdır ki, fəaliyyət göstərən ən kütləvi ictimai təşkilatdır. 1905-ci ildə meydana gəlmiş Azərbaycan həmkarlar ittifaqları uzun şərəfli yol keçmişdir. Əlbəttə, geridə qalan yol heç də hamar olmamış, istər çar Rusiyası, istərsə də sovet dövründə cərəyan edən siyasi proseslərin, ideoloji mübarizələrin təsirinə məruz qalmışdır. İlk dövrlərdə əməkçilərin, başqa sözlə, fiziki qüvvə sərf edən fəhlələrin hüquqlarını qoruyan bu təşkilatlar getdikcə digər fəaliyyət sahələrinə də sirayət etmiş, insanlar arasında böyük nüfuz qazanmışdır. Bu hal həmin dövrdə onların siyasi mübarizəyə cəlb edilməsinə, bəzən ilkin məqsədlərindən bir qədər uzaqlaşmasına səbəb olsa da, son nəticədə özünün əsas funksiyasının yerinə yetirilməsinə mane olmamışdır.

Sovet dövründə həmkarlar ittifaqları tamamilə yeni sosial-iqtisadi və ictimai-siyasi mühitdə fəaliyyətini davam etdirmişdir. Bu mərhələdə həmkarlar təşkilatları siyasi nəzarət altında və məhdud ideoloji çərçivədə işləməyə məcbur idilər. Bununla belə, etiraf etmək lazımdır ki, sovet dövründə həmkarlar ittifaqları həm maddi-texniki, həm də təşkilati baxımdan xeyli inkişaf edə bilmiş, işçilərin əmək və digər sosial hüquqlarının təmin olunmasında, istirahətlərinin təşkili və sağlamlıqlarının qorunmasında böyük işlər görə bilmişdir.

Müstəqilliyimizin ilk illərində ölkədə mövcud olmuş qeyri-sabitlik, Ermənistanın təcavüzündən, habelə AXC-Müsavat hakimiyətinin səriştəsiz idarəçiliyindən doğan qarışıqlıq və digər çətinliklər həmkarlar ittifaqlarının işinə də təsirsiz ötüşmədi. Ölkəni bürümüş dərin iqtisadi böhran, kütləvi işsizlik, ozamankı hakimiyyətin iflasa uğramış sosial siyasəti əhalinin rifah halının kəskin şəkildə pişləşməsinə səbəb olmuşdu. Vətəndaşların sosial-məişət problemlərinin həllinə yardım göstərməli olan həmkarlar ittifaqlarının ciddi təzyiqlərə məruz qalması, qanuni fəaliyyətinin məhdudlaşdırılması vəziyyəti daha da ağırlaşdırırdı. Bu təşkilatların fəaliyyət dairəsi getdikcə daralır, onların sıradan çıxarılması və əmlakının ələ keçirilməsi prosesi vüsət alırdı.

Yalnız 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ali siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan həmkarlar ittifaqları öz inkişafının yeni mərhələsinə qədəm qoydu, bu qurumların fəaliyyəti fərqli məzmun kəsb etməyə başladı. Heydər Əliyev, ilk növbədə, həmkarlar təşkilatlarını müxtəlif siyasi qüvvələrin təsirindən qorudu, onların uzun illər ərzində yaradılmış maddi-texniki bazasının dağıdılmasının qarşısını aldı. Həmkarlar ittifaqlarının təşkili, idarə olunması və fəaliyyətində ideoloji amillərin təsiri aradan qaldırıldı, inzibati amirlik metodlarından imtina edildi, demokratik idarəçilik mexanizmlərini əsas tutan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasına hər cür dəstək verildi. 1994-cü ildə qəbul olunmuş “Həmkarlar ittifaqları haqqında” qanunu bu qurumun cəmiyyətimizdəki fəaliyyətinin müasir prinsiplər əsasında tənzimlənməsi üçün hüquqi baza yaratmışdır.

Ulu öndər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini diqqət mərkəzində saxlayır, bu təşkilata öz missiyasını yerinə yetirmək üçün yaxından kömək göstərilməsi, sosial tərəfdaşlıq, əməyin mühafizəsi və əmək hüquqlarının qorunması sahəsində onun imkanlarından yararlanmaq üçün hökumət qarşısında vəzifələr qoyurdu. Təsadüfi deyil ki, 1997-ci ildən başlayaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hər il ölkənin sosial-iqtisadi siyasətinin reallaşmasında razılaşdırılmış mövqelərini və birgə fəaliyyəti müəyyən edən Baş Kollektiv Saziş imzalayırlar.

Bu fakt Heydər Əliyevin həmkarlar ittifaqlarına konstruktiv və hüquqi prinsiplərə söykənən yanaşmasını əyani nümayiş etdirir. Bu yanaşmanın mühüm cəhəti ondan ibarətdir ki, ölkənin sosial məsələlərinin həllində həmkarlar ittifaqları hökumətin əsas tərəfdaşlarından biri olmalıdır. Bilirsiniz ki, həmin vaxt Azərbaycanda hələ yüksək - 49 faiz səviyyəsində olan yoxsulluğun azaldılması sahəsində böyük tədbirlər hazırlanırdı.

Ölkədə yoxsulluğun səviyyəsinin aşağı salınması və aztəminatlı əhalinin rifahının yaxşılaşdırılması sahəsində strategiyanın formalaşdırılması və onunla bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə ümummilli lider Heydər Əliyevin 2001-ci il 2 mart tarixli Sərəncamı ilə yoxsulluğun azaldılması sahəsində Dövlət proqramının hazırlanması üzrə komissiyanın yaradılması nəzərdə tutulmuşdur. Sonralar Azərbaycan Prezidentinin sərəncamları ilə 2003-2005-ci və 2008-2015-ci illərdə ölkəmizdə yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət proqramları qəbul edilmiş və uğurla icra olunmuşdur.

Azərbaycan həmkarlar ittifaqlarının inkişafında 2004-cü ildən sonrakı dövr keyfiyyət dəyişikliyi baxımından xüsusilə fərqlənir. Bu illər, mübaliğəsiz olaraq, ölkədə həmkarlar təşkilatlarının fəaliyyətində yeni yüksəliş dövrü kimi xarakterizə oluna bilər. Bunun əsas səbəbləri, birincisi, ümummilli lider Heydər Əliyevin həm inkişaf strategiyasının, həm də həmkarlar ittifaqlarına dair siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən ardıcıl davam etdirilməsi, ikincisi, Azərbaycanda sürətli sosial-iqtisadi inkişaf və modernləşmə kursunun həyata keçirilməsindən ibarətdir.

Prezident İlham Əliyevin siyasi xəttinin mərkəzində Azərbaycan vətəndaşı, onun mənafeyi dayanır. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsində ölkəmizdə ictimai-siyasi və makroiqtisadi sabitlik davamlı xarakter almış, dinamik sosial-iqtisadi inkişaf və modernləşmə dövrü başlanmışdır. 2004-cü ildən etibarən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları uğurla yerinə yetirilir. Bu il dördüncü proqramın icrası başa çatdırılacaqdır. Bu proqramların və nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət daşımaqla, regionlarda yeni müəssisələrin və iş yerlərinin yaranmasına, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsinə və əhalinin rifah halının daha da yaxşılaşdırılmasına, yoxsulluq səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə mühüm təsir göstərmişdir.

14 il ərzində ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə artmışdır. Hazırda Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz təşkil edir. 14 il ərzində maaşlar beş dəfədən çox, pensiyalar isə səkkiz dəfədən çox artmışdır. Əhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı dövlət büdcəsindən ayırmalar ilbəil artaraq 30 faizi ötmüşdür. Azərbaycan Respublikası vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyəsinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir.

Son illər dövlət tərəfindən əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Buna misal olaraq, “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli Sərəncamını göstərmək olar. Həmin sərəncama əsasən, ölkədə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılmışdır.

Sosial sahəyə verilən diqqət Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində də özünün qabarıq təzahürünü tapır. Mehriban xanım daim təhsil, səhiyyə və mədəniyyətlə bağlı məsələlərə, aztəminatlı və qayğıya ehtiyacı olan insanlara xüsusi həssaslıqla yanaşmış, bu istiqamətlərdə çoxsaylı proqramların reallaşdırılmasına nail olmuşdur. Ayrıca vurğulamaq lazımdır ki, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın üzləşdiyi ağır problemlərin həlli Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.

Prezident İlham Əliyev yeni ictimai-siyasi və liberal iqtisadi sistemin təşəkkül tapdığı müasir dövrdə insanların iqtisadi və sosial mənafelərinin, əmək hüquqlarının qorunması sahəsində həmkarlar ittifaqlarının roluna, həmişə olduğu kimi, böyük əhəmiyyət verir. Cənab Prezident mütəmadi olaraq AHİK-in fəaliyyəti ilə maraqlanır, onun qurultaylarına təbrik məktubları göndərir, qiymətli tövsiyələrini verir, həmkarlar ittifaqları xadimlərini və fəallarını dövlət təltifləri ilə mükafatlandırır.

Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, həmkarlar təşkilatları çoxşaxəli iqtisadiyyatımızın hazırkı gerçəkliklərindən çıxış edərək, öz fəaliyyətinin daha səmərəli qurulması, işçilərin əmək, istirahət, müalicə və digər sosial ehtiyaclarının ödənilməsi üçün məqsədyönlü şəkildə çalışmalıdır.

İndiki dövrdə həmkarlar təşkilatları dövlətimizin onlara yaratdığı şəraitə adekvat olaraq Prezident İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü siyasətə layiqli dəstək verməli, əmək kollektivlərində öz işinin gücləndirilməsinə və tərəfdaşlarla səmərəli əməkdaşlığın dərinləşdirilməsinə diqqəti artırmalıdır. Bundan başqa, hesab edirəm ki, AHİK beynəlxalq əlaqələrini bundan sonra da genişləndirməlidir. Hazırda Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası kimi nüfuzlu beynəlxalq qurumların üzvü olan AHİK ölkəmizin beynəlxalq əlaqələrinin inkişafına öz töhfəsini verir. Düşünürəm ki, Konfederasiya bu istiqamətdə fəaliyyətini ardıcıl davam etdirməli, beynəlxalq platformalarla yanaşı, ayrı-ayrı ölkələrin analoji qurumları ilə sıx təmaslar yaratmalıdır. Bu, həm qabaqcıl dünya təcrübəsinin ölkəmizdə tətbiqinə, həm də Azərbaycanın qazandığı nailiyyətlərin xaricdə tanıdılması və istifadə olunmasına imkan verərdi. Bir sözlə, əminəm ki, Həmkarlar Konfederasiyası əldə olunmuş nailiyyətlərlə kifayətlənməyəcək, zamanın çağırışlarına uyğun çevik addımlar atmaqla öz fəaliyyətini təkmilləşdirəcək, cəmiyyətdə nüfuzlu mövqeyini daha da möhkəmləndirəcəkdir.

Sizi təbrik edir, bu yoldakı fəaliyyətinizdə uğurlar arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm!

 

Əli HƏSƏNOV, Azərbaycan Respublikası

Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi