AHİK-in V qurultayında çıxışlar- Elmira QULİYEVA,


Baxıldı : 217

Tarix : 2018-02-24 00:07:14


Mənim üçün demək xoşdur ki, bu gün, digər təşkilatlar kimi, səhiyyə işçiləri həmkarlar ittifaqının səmərəli fəaliyyət göstərə bilməsi üçün hər cür şərait yaradılmışdır. İttifaqımız bu şəraitdən səmərəli şəkildə bəhrələnərək üzvlərinin əmək, sosial, istirahət hüquqlarının qorunması istiqamətində böyük işlər həyata keçirir.

Belə mühüm işlərdən biri də AHİK-in və Səhiyyə Nazirliyinin dəstəyi ilə Qusar şəhərində “Şəfa-Qusar” İstirahət Mərkəzinin yaradılması olmuşdur. Respublika Komitəsinin mülkiyyətində olan Mərkəz 2016-cı ilin may ayından tam gücü ilə fəaliyyətə başlamışdır. Bu günədək istirahət mərkəzində 7000-dən çox səhiyyə işçisi və onların ailə üzvləri istirahət etmişdir.

İstirahət mərkəzində 40 nəfərdən çox yerli vətəndaş daimi işlə təmin olunmuşdur. Bu da regionlarda iş yerlərinin açılmasına dair dövlət proqramının yerinə yetirilməsinə dəstəkdir.

Hörmətli qurultay iştirakçıları!

Bu gün Azrəbaycan Həmkarlar İttifaqları Konfederasiyası, ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında mühüm yeri olan, çoxillik uğurlu fəaliyyəti ilə əmək adamlarının kütləvi və müstəqil təşkilatına çevrilmişdir.

Məhz Konfederasiyanın təşəbbüsü, müəllifliyi ilə hökumətlə, sahibkarlar təşkilatı ilə iki il müddətinə Baş Kollektiv Saziş bağlanır, onun icrası nəzarətdə saxlanılır.

Baş Kollektiv Saziş həmkarlar ittifaqı təşkilatlarında, o cümlədən ilk həmkarlar ittifaqı komitələrində kollektiv danışıqların intensivliyinin artırılmasına hiss olunacaq dərəcədə təkan verir.

Son illərdə Əmək Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması cəmiyyətdə həmkarlar ittifaqının rolunu və statusunu daha da artırmışdır.

Yeri gəlmişkən deyim ki, komissiyanın müzakirəsinə hər bir ittifaq üzvünün mənafeyinin qorunmasını əhatə edən məsələlərin çıxarılması məqsədəuyğun olardı.

AHİK-in “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın, “Azərbaycan gəncliyi: 2017-2021-ci illərdə” Dövlət Proqramının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2013-2018- ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə dair AHİK-in konsepsiyaları təqdirəlayiqdir və sahə həmkarlar təşkilatı kimi icra edilməsində fəal iştirak edirik.

Hər il AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə keçirilən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsində 10 səhiyyə müəssisəsi, “İlin peşəkar gənci” müsabiqəsində səhiyyə sahəsində çalışan 4 gənc qalib olmuş, AHİK-in mükafatları ilə təltif edilmişlər.

Hörmətli qurultay iştirakçıları!

Daha bir neçə təklifimi diqqətinizə çatdırmaq istəyirəm - yaxşı olardı ki, səhiyyə işçilərinə “dövlət qulluqçusu” statusu verilsin. Sosial mənzil alanların siyahısına səhiyyə işçiləri də əlavə edilsin, əmək, səhiyyə müəssisələrində çalışanların pensiya yaş həddinə yenidən baxılsın. Attestasiyadan keçə bilməyən tibb işçilərinə təkrar attestasiyaya qədər orta əməkhaqqının verilməsi ilə bağlı məsələnin həlli üçün müvafiq strukturlara müraciət edilsin.

Özəl sektordan həmkarlar ittifaqına üzvlüyə marağı gücləndirmək məqsədilə intensiv iş aparılması, həmkarlar ittifaqı fəallarının təhsil sistemi şəbəkəsini artırmaq və yaxşılaşdırmaq üçün əlavə tədbirlər qəbul olunmalıdır, informasiya fəaliyyətini yaxşılaşdırmaqdan və üzv təşkilatların işini gücləndirməkdən ötrü elektron poçt ünvanları üçün AHİK tərəfindən vahid Domenin alınması da məqsədəuyğundur.

Hörmətli qurultay iştirakçıları!

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, 5 il ərzində görülən işlər barədə hesabat məruzəsini dinlədikdən sonra, ittifaq üzvlərinin əmək, sosial-iqtisadi müdafiəsi, istirahətinin təşkili və digər istiqamətlərdə mühüm işlərin həyata keçirildiyini və ölkənin ictimai həyatında aparıcı qüvvəyə çevrildiyini görürük.

Qeyd olunanları nəzərə alaraq, AHİK-in hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirir və təftiş komissiyasının məlumatının təsdiq olunmasını təklif edirəm.

Səhiyyə işçiləri həmkarlar iittifaqı təşkilatlarının hesabat-seçki yığıncaqlarının, konfranslarının və III qurultayının qərarlarına əsasən, səhiyyə işçiləri adından Səttar Suliddin oğlu Möhbalıyevin AHİK-in sədri vəzifəsinə və ölkəmizin xoşbəxt gələcəyi naminə İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsini təklif edirəm.     

Diqqətinizə görə minnətdaram!

 

Elmira QULİYEVA,

 Səhiyyə İşçiləri Həmkarlar İttifaqı

Sumqayıt Şəhər Şurasının sədri