AHİK-in V qurultayında çıxışlar- Fəzail BAĞIROV


Baxıldı : 185

Tarix : 2018-02-16 22:18:06


Hörmətli Qurultay iştirakçıları!  Əziz həmkarlar!

Bu möhtəşəm zalda əyləşmiş qurultay nümayəndələri, eləcə də yaxın, uzaq ölkələrdən gəlmiş həmkarlarımız Azərbaycan nəqliyyat qurumlarının, o cümlədən dəmir yolunun beynəlxalq layihələrin reallaşmasında əhəmiyyətini yaxşı bilirlər. Bu əhəmiyyətin miqrasiyasını təsəvvür etmək üçün təkcə ötən il oktyabrın 30-da açılışı olmuş Bakı-Tbilisi-Qars dəmiryolu xəttini xatırlamaq kifayətdir.

Son illəri dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü də adlandırmaq olar. Enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və sair sahələrin müasir tələblər səviyyəsinə çatdırılması üzrə bir sıra mühüm tədbirlər həyata keçirilib. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qısa zaman kəsiyində üç dəfə dəmir yolunda olmuş, dəmiryolçuların əməyini yüksək qiymətləndirmişdir.

Şübhəsiz ki, ölkə polad magistralında həyata keçirilən islahatlar, reallaşdırılan irihəcmli layihələr bu sahədə çalışan insanların fədakar əməyi sayəsində başa gəlir. Bu insanların əməyinin qiyməti olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi və Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı (DMHİ) Respublika Komitəsi onların sosial-müdafiəsinin gücləndirilməsi istiqamətində daim iş birliyi nümayiş etdirərək təxirəsalınmaz tədbirlər görür.

Məlumat üçün bildirirəm ki, QSC ilə Respublika Komitəsi arasında bağlanmış Sazişdə dəmiryolçuların mənzil problemlərinin həlli əksini tapmışdır. Sazişə müvafiq olaraq uzunmüddət mənzil növbəsində durmuş dəmiryolçular pulsuz mənzillə təmin edilirlər. Son üç ildə 178 nəfər dəmiryolçu ailəsi yeni tikilmiş yaşayış binalarında mənzil almışdır. Qapalı Səhmdar Cəmiyyətin maliyyə dəstəyi ilə Nabran qəsəbəsində tikilmiş “Lokomotiv” İstirahət Mərkəzində ildə 1200 nəfərə yaxın dəmiryolçu və onların ailə üzvləri dincəlir. Bundan əlavə, AHİK-in xətti ilə hər il dəmiryolçuların istirahət və müalicəsi üçün 350 yollayış vərəqəsi verilir.     

Hörmətli Qurultay iştirakçıları!

Dəmiryolçuların həmkarlar ittifaqının üzvü olan işçilərin hüquqlarının qorunması üçün qanunlar çərçivəsində səlahiyyətlərimizdən maksimum istifadə etmişik. Təkcə son iki il ərzində işəgötürən tərəfindən 344 nəfərin işdən azad olunması barədə müraciətinə, qeyri-obyektiv olduğu üçün, razılıq verməmişik. Bundan başqa, əmək qanunvericiliyinin pozulması nəticəsində tutduqları vəzifələrdən azad olunmuş işçi və qulluqçuların ərizə və şikayətlərinə Respublika Komitəsində baxılmış və 17 nəfər əvvəlki iş yerlərinə bərpa edilmişdir.

Respublika Komitəsi tərəfindən işçilərin sosial-iqtisadi mənafelərinin və hüquqlarının Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq qorunmasını təmin etmək məqsədilə sahə idarə və müəssisələrində yoxlamalar aparılmışdır. Yoxlamanın nəticələrinə Rəyasət Heyətinin iclaslarında baxılaraq yol verilmiş çatışmazlıqların aradan qaldırılması üçün müvafiq məsul işçilərə lazımi tapşırıq və tövsiyələr verilmişdir.

Bu tədbirlər nəticəsində dəmiryolçulara normadan artıq iş saatlarına görə ödənilməyən əməkhaqqı və müavinətlərin qaytarılmasına nail olunmuşdur. Dəmiryolçulara təhlükəsiz iş şəraitinin yaradılması, istehsalatda zədəalma hallarının qarşısının alınması Respublika Komitəsinin daimi nəzarətindədir.

Respublika Komitəsi hər ilin yekunlarına görə “İlin ən yaxşı müəssisəsi”, “Əla yol işçisi-ilin ən yaxşı mütəxəssisi”, “İlin qabaqcıl maşınisti” müsabiqələrinin qaliblərini müəyyən edir. Son beş ildə istehsalatda yüksək nəticələr əldə etmiş 22 qabaqcıl müəssisə və 103 nəfər dəmiryolçu Respublika Komitəsinin diplomu və Fəxri fərmanı ilə təltif olunmuş və onlara ümumilikdə 26500 min manat məbləğində pul mükafatları verilmişdir. Sahə üzrə 21 müəssisə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika-baxış müsabiqəsində qalib gəlmişdir.

Əziz həmkarlar!

Çox istərdik ki, əməkçilərimiz üçün aktual olan bir neçə məsələ gələcəkdə öz həllini tapsın. Onlardan birincisi, minimum əməkhaqqının mərhələlərlə yaşayış minimumuna çatdırılması və üstələməsi istiqamətində həyata keçirilən tədbirləri davam etdirmək. İkincisi, respublikamızda mövcud olan maksimal və minimal əməkhaqlarının nisbətinin dünya və Avropa standartlarına uyğunlaşdırılmasıdır. Üçüncüsü, minimal pensiyanın respublika üzrə müəyyən edilmiş ehtiyac meyarının səviyyəsini keçərək yaşayış minimumuna, ya adambaşına minimum istehlak səbətinin səviyyəsinə çatdırılmasıdır. Digəri isə, işçilərin aldıqları əməkhaqqı və müavinətlərin ilin hər rübündə, Dövlət Statistika Komitəsi tərəfindən inflyasiya barədə dərc edilən rəsmi rəqəmlərə uyğun olaraq, indeksləşdirmə mexanizmlərinin işlənib qəbul olunmasıdır.

Qeyd etdiyim bu məsələlər, işçilərin rifah halının yaxşılaşdırılmasına xidmət göstərən ən vacib amillərdir. Zənnimcə, iqtisadiyyatımızın dinamik inkişafı da gələcəkdə bu məsələlərin həllinə tam imkan verər.

Çıxışımı daha bir təkliflə bitirmək istəyirəm: Beynəlxalq, milli həmkarlar ittifaqı hərəkatında xidmətləri nəzərə alınaraq millət vəkili Səttar Möhbalıyevin AHİK-in sədri vəzifəsinə namizədliyi irəli sürülsün və dəstəklənsin.

Qurultayın işinə uğurlar arzulayıram.

 

Fəzail BAĞIROV,

 Dəmiryolçuların MHİRK-in sədri