AHİK-in V qurultayında çıxışlar- Gülnarə ƏLİYEVA,


Baxıldı : 138

Tarix : 2018-02-24 00:45:32


Hörmətli sədarət!

Hörmətli qurultay nümayəndələri!

Xanımlar və cənablar!

Hesabat illəri dünya iqtisadiyyatında böhranlarla müşahidə olunmuşdur. Lakin ölkəmizin rəhbərliyinin müdrik iqtisadi, maliyyə siyasəti bütün sahələrdə olduğu kimi, aviasiya sistemində də inkişafa mane ola bilməmişdir. Bu müdrik siyasət bizə həmkarlar ittifaqına da imkan vermişdir ki, sahə işçilərinin əmək-sosial hüquqlarının keşiyində ləyaqətlə duraq. Məhz “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi və Respublika Komitəsi arasında aparılan dialoq-danışıqlar nəticəsində çətin iqtisadi böhran dövründə ixtisarların, məcburi məzuniyyətə göndərilmənin və sosial müavinətlərin azaldılmasının qarşısı alınmışdır. 2017-ci il yanvarın 1-dən isə Qapalı Səhmdar Cəmiyyətinin bütün idarə, müəssisə və təşkilatlarında çalışan işçilərin vəzifə maaşı 20% artırılmışdır.

Sahə kollektiv sazişinin “Sosial güzəştlər və zəmanətlər” bölməsinə 20 bənd daxil edilmişdir. Mülki Aviasiya sistemində 15 il və daha artıq çalışan hər bir kollektiv üzvü yubiley (50,60,70,80) yaşına çatdıqda fasiləsiz və qüsursuz əmək fəaliyyətinə görə vəzifə maaşı məbləğində mükafatlandırılır. 25 il və daha çox işləmiş aviatorlar yaşa görə təqaüdə çıxdıqda onlara axırıncı vəzifə maaşı həcmində birdəfəlik müavinət verilir.

İşçilərə verilən yollayışın dəyərinin 15 %-i işəgötürən tərəfindən ödənilir. QSC-nin hər bir işçisi uçuş reyslərinə ildə bir dəfə, ailə üzvləri də daxil olmaqla, pulsuz bilet, həmin il üçün müddətsiz qaydada biletin dəyərinin 50%-ni ödəməklə bilet almaq hüququna malikdir.

Respublika Komitəsinin V plenumunun qərarı ilə həkimin təyinatı əsasında respublikadan kənara müalicəyə göndərilən hər bir uçuş heyəti üzvünə istifadə etdiyi yollayışa görə, qiymətindən asılı olmayaraq, 700 manat məbləğində maddi yardım göstərilir. 2012-2017-ci illər ərzində Uçuşların İstehsalı İdarəsinin 155 nəfər uçuş heyət üzvü bu imkandan istifadə etmişdir.

Aviasiya işçilərinin əməyinin mühafizəsi, iş yerlərində təhlükəsizlik texnikasının təmin edilməsi, ətraf mühitin mühafizəsinin və ekoloji mühitin yaxşılaşdırılması, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin vaxtında qarşısının alınması, əməyin mühafizəsində standartlar və vahid idarətetmə sisteminin tətbiqi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından və dövlət orqanlarından daxil olan normativ sənədlər əsasında həyata keçirilir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi ayrı-ayrı sahələrdə fəaliyyət göstərən gənclər arasında müxtəlif sənət növlərinə, peşələrə və əmək fəaliyyətinə marağın artırılması, onların qüvvə və bacarıqlarının respublikamızın sosial-iqtisadi inkişafına səfərbər olunması məqsədilə təşkil etdiyi “İlin peşəkar gənci” fəxri adına 2016-2017-ci illər ərzində 4 nəfər gənc işçimiz layiq görülmüşdür.

Hörmətli nümayəndələr!

Bizi narahat edən aşağıdakı məsələləri təklif şəklində səsləndirməklə, onların müvafiq təşkilatlar və orqanlar qarşısında qaldırılmasını Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yeni seçiləcək rəhbərliyindən xahiş edirik:

      1. Nazirlər Kabinetnin 26 oktyabr 2006-cı il tarixli 231 saylı “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları” nın təsdiq edilməsi haqqında qərarının 2.1-ci bəndinə əsasən, sığorta stajı yalnız hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvlərinə (yəni kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri) və 2.2-ci bəndə əsasən, uçuş təlimatçı heyət üzvlərinə (təlimatçı kapitan, böyük təlimatçı pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bort mexanik, təlimatçı bortradist) aid edilmişdir.

Halbuki hava gəmisində, yuxarıda adıçəkilən heyət üzvləri ilə yanaşı, eyni zamanda təyyarə bələdçiləri də uçuş heyətinin üzvləri sayılırlar. “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları” nın 2.1. və 2.2-ci bəndlərində uçuş heyəti üzvləri kimi təyyarə bələdçilərinin də nəzərə alınmasını təklif edirik.

2. Təklif edirik ki, işçilərin əməkhaqlarının vaxtlı-vaxtında ödənilməsini təmin etmək üçün ciddi tədbirlər görülsün. Maaşlar gecikdirildiyi təqdirdə işəgötürənlərdən yubadılmış vaxta görə işçilərə kompensasiyaların verilməsi müvafiq olaraq qanunvericilikdə öz əksini tapsın.

Hörmətli nümayəndələr!

Sizin nəzərinizə çatdırıram ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsinə yenidən hörmətli Səttar Möhbalıyevin namizədliyi irəli sürülsün və yekdilliklə dəstəklənsin. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hesabat dövrü ərzindəki fəaliyyətini müsbət qiymətləndirirəm və eyni zamanda təftiş komissiyasının hesabatının təsdiq olunmasını təklif edirəm.

Bildiyiniz kimi, bu ilin aprel ayının 11-də Azərbaycan Respublikasında prezident seçkiləri keçiriləcəkdir. Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı və məqsədyönlü siyasət nəticəsində Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi daha da güclənmiş, müasir cəmiyyət quruculuğu yolunda mühüm nailiyyətlər əldə etmişdir.

Bütün bunları nəzərə alaraq növbəti prezident seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyinin irəli sürülməsini və dəstəklənməsini xahiş edirəm.

Diqqətinizə görə minnətdaram!

Gülnarə ƏLİYEVA,

 “Azərbaycan Hava Yolları” QSC-nin

Personalla İş üzrə Baş İdarənin sosioloqu