AHİK-in V qurultayında çıxışlar- Hikmət OSMANOV


Baxıldı : 269

Tarix : 2018-02-16 22:05:32


Hörmətli qurultay nümayəndələri,

əziz qonaqlar!

Hesabat dövründə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası öz fəaliyyətini daha da gücləndirmiş, ölkə daxilində, beynəlxalq həmkarlar ittifaqı hərəkatında rolunu və nüfuzunu qat-qat artırmışdır. Artıq AHİK beynəlxalq həmkarlar ittifaqları birliyinin vacib üzvlərindən biridir. Konfederasiya sahə həmkarlar ittifaqlarını üzvlərinin qanuni hüquq və maraqlarının müdafiəsini gücləndirməyə yönəltmişdir. Vətəndaşların əmək, layiqli əməkhaqqı və iş şəraiti, sağlamlıqlarının qorunması, istirahəti, habelə kadr və fəalların təhsili, ixtisaslarının artırılması, idman, mədəni və sair kimi hüquqlarının həyata keçirilməsi üçün həmkarlar ittifaqlarının bütün daxili qüvvələrini səfərbər etmişdir.

Azərbaycan həmkarlarının bir qolu olaraq son 5 ildə 68 nəfər üzvümüzün əmək hüquqlarının müdafiə edilməsi və o cümlədən işəgötürənlərlə danışıqlar nəticəsində 20 nəfərin işə bərpa edilməsi, 27 nəfər üzvümüzün ali təhsil ocaqlarında təhsil alan övladlarına, 10 nəfər ali və orta ixtisas hərbi məktəb kursantlarına hər ay təqaüdlərin verilməsi fəaliyyətimizin əsas göstəricilərindəndir. İmkansız və köməyə ehtiyacı olan üzvlərimizə, müharibə iştirakçıları və əlillərə bütün sahə üzrə 4 milyon manatdan artıq maddi köməkliyin göstərilməsini isə bu sahədə AHİK-in qoyduğu tələblərin icrası hesab edirik.

Respublikanın ən kütləvi təşkilatının rəhbər orqanı olan Konfederasiya, ölkəmizdə gedən sosial-iqtisadi proseslərin mərkəzində olmaqla, qanunvericilik aktlarının hazırlanmasında və qəbulunda, onlara əlavə və dəyişikliklərin edilməsində iştirak edir. Belə ki, AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Milli Məclisin üzvü olmaqla dəfələrlə bir sıra normativ-hüquqi aktlara dəyişiklik və əlavələr təklif etmişdir. Onun təklifi ilə Əmək Məcəlləsinin 80-ci maddəsinə edilmiş əlavə (işçi işəgötürənin təşəbbüsü ilə işdən çıxarılarkən həmkarlar ittifaqı təşkilatının razılığı alınmalıdır) həm iş yerlərində üzvlərimizə böyük dəstək oldu, həm də məhkəmələrdə üzvlərimizin müdafiəsi üçün baza yaratdı. “Həmkarlar ittifaqları haqqında” qanunun 20-ci maddəsinə və İnzibati Xətalar Məcəlləsinin 53-5-ci maddəsinə vəzifəli şəxslərin məsuliyyətini müəyyən edən dəyişiklik həmkarların nüfuz və mövqeyini daha da möhkəmləndirdi.

Konfederasiyanın təşəbbüsü ilə hər 2 ildən bir bağlanan Baş Kollektiv Sazişin bəndləri bizim tərəfdən kollektiv sazişlərin bağlanması zamanı işəgötürənlərlə danışıqlarımızda böyük dəstəyimizdir.

Bu mövzudan söhbət getmişkən, son zamanlar elektron hökumətin inkişafı, dövlət xidmətlərinin elektron səviyyədə göstərilməsi əmək münasibətlərindən də yan ötməmişdir. İşçilərlə bağlanmış əmək müqavilələrinin Elektron Hökumət Portalı vasitəsilə qeydiyyata alınması müqaviləsiz əmək münasibətlərinin qarşısını xeyli almışdır. Bununla əlaqədar olaraq təklif edirik ki, gələcəkdə qanunvericilikdə müvafiq dəyişiklik edilərək kollektiv müqavilə və sazişlərin də elektron qeydiyyatının aparılması məcburi olsun. Bu halda həm işəgötürənlər, həm də əmək kollektivləri tərəfindən kollektiv müqavilə və sazişlərin vacibliyi və əhəmiyyəti artacaq, həm də bütün tərəflərin, o cümlədən işçilərin həmin saziş və müqavilələrin şərtləri ilə tanışlığı üçün zəmin yaranacaqdır.

Hörmətli qurultay nümayəndələri!

Hörmətli sədrimiz qurultaya məruzəsində bütün həmkar üzvlərinin ürəyincə olan bir təkliflə çıxış etdi. Qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar cənab İlham Əliyevin namizədliyini irəli sürdü. Bildirirəm ki, cənab Prezidentin namizədliyi bizim sahə həmkarlar ittifaqlarının üzvləri tərəfindən də yekdilliklə müdafiə ediləcək və seçki kampaniyasında biz də fəal təbliğatçılardan biri olacağıq.

Daha bir məsələ haqqında fikirlərimi bildirmək istəyirəm. Rəhbərlik etdiyim sahə həmkarlar ittifaqının ötən ilin avqust ayında keçirilmiş qurultayı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsinə həm ölkəmizdə, həm də beynəlxalq həmkarlar ittifaqları miqyasında nüfuza malik Səttar Möhbalıyevin yenidən sədr seçilməsi ilə əlaqədar Konfederasiyanın V qurultayının nümayəndələrinə müraciət qəbul etmişdir. Əminəm ki, bu müraciət bütün nümayəndələr tərəfindən dəstəklənəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm!

 

Hikmət OSMANOV,

DİİXİ Hİ Respublika

Komitəsinin sədri