AHİK-in V qurultayında çıxışlar- Mələk ƏHMƏDZADƏ,


Baxıldı : 155

Tarix : 2018-02-23 23:52:16


Hörmətli qurultay nümayəndələri

və əziz qonaqlar!

AHİK-in IV qurultayından ötən dövr ölkənin iqtisadi, ictimai, siyasi həyatında uğurlu nəticələrlə əlamətdar olmuşdur.

Ölkə rəhbərinin təşəbbüsü ilə aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi, institusional islahatların aparılması, pambıqçılığın, tütünçülüyün, ipəkçiliyin, baramaçılığın və digər sahələrin inkişafına dövlət dəstəyinin güclənməsi, kooperativlərin yaradılmasının sürətləndirilməsi kənd yerlərində minlərlə əlavə yeni iş yerinin açılmasına, işçi qüvvəsinin böyük şəhərlərə miqrasiyasının qarşısının alınmasına təkan vermişdir.

Dövlətimizin aqrar siyasətinin reallaşmasında AHİK və onun üzv təşkilatları da fəal iştirak etmişlər. Bu fəallıq sahə işçilərinin marağını özünə cəlb etmiş, könüllü şəkildə sıralarımıza qoşulanların sayı ildən-ilə artmışdır. Statistik məlumat dediklərimin ən dürüst şahididir. Ötən 5 ildə 91 yeni təsərrüfat subyektində, orta və kiçik sahibkarlıq müəssisəsində yeni həmkarlar ittifaqı təşkilatları yaradılmışdır ki, burada çalışanların sayı 3400 nəfərdən yuxarıdır.

Hörmətli nümayəndələr!

Mən bu kürsüyə nailiyyətlərimizi sadalamaq məqsədilə çıxmamışam. Məqsədim növbəti hesabat ilində görəcəyimiz işlər, üzləşdiyimiz problemlərin həlli yolları barədə fikirlərimi sizinlə bölüşməkdir. Hamımıza məlumdur ki, əsas missiyamız işçilərin əmək hüquqlarının qorunması, istehsalatda müasir iş şəraitinin yaradılması, əməyin mühafizəsi və üzvlərimizin istirahətinin təşkilidir. Biz təşkilatımız olan müəssisələrdə, idarələrdə, təsərrüfatlarda bu missiyamızın öhdəsindən gəlirik. Amma elə müəssisələr var ki, necə deyərlər, de-fakto fəaliyyət göstərsə də, de-yure yoxdur. Söhbət qeyri-formal iqtisadiyyatdan gedir. Bu sahə minlərlə işçini və onların ailə üzvlərini dövlətin hətta minimum sosial təminatlarından kənarda qoyur. Eyni zamanda dövlət büdcəsinə vergilərdən yayınır.

Azərbaycan həmkarlar ittifaqları gələcəkdə qeyri-formal məşğulluğun aradan qaldırılmasını diqqət mərkəzində saxlamalıdır. Ölkə başçısının sərəncamı ilə yaradılmış “Əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası”, “Sosial-iqtisadi məsələlər üzrə Milli Üçtərəfli Komissiya”nın imkanlarından maksimum istifadə etməklə qeyri-formal məşğulluqdan formal məşğulluğa keçilməsi üçün müvafiq addımlar atılmalıdır.

Hesab edirəm ki, bu komissiyalar birlikdə və ya ayrı-ayrılıqda qeyri-formal iqtisadiyyatın formal iqtisadiyyata keçidi ilə bağlı xüsusi tədbirlər planı hazırlamalıdır. Tədbirlər planında hər bir dövlət strukturu qarşısında konkret vəzifələr müəyyənləşdirilməli və vaxtaşırı olaraq bu vəzifələrin icrası ilə bağlı hesabatı dinlənilməlidir. Biz isə, həmkarlar ittifaqı olaraq, ictimai nəzarətin həyata keçirilməsində bütün imkanlarımızdan istifadə etməyə çalışmalıyıq. Eyni zamanda beynəlxalq təşkilatlarla, mövcud əməkdaşlıq çərçivəsində, bu məsələyə aid tədbirlərin keçirilməsi işi davam etdirilməlidir.

Bu il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 25 ili tamam olur. Sahə həmkarlar ittifaqları ötən müddət ərzində Konfederasiyanın rəhbərliyi altında böyük təkamül yolu keçmiş, ölkədə gedən sosial-iqtisadi, demokratik islahatlar şəraitində cəmiyyətdə layiqli yerini tutmağa müvəffəq olmuşdur. Qeyd etməliyəm ki, AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin dəstəyini daim hiss edirik.

Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının VI qurultayında, beynəlxalq və respublika həmkarlar ittifaqları hərəkatındakı xidmətlərini və sahə həmkarlar ittifaqının üzv təşkilatlarından daxil olmuş təklifləri nəzərə alaraq, Səttar Möhbalıyevin yenidən Konfederasiyanın sədri vəzifəsinə irəli sürülməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarı səsləndirməklə Səttar Möhbalıyevin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsinə yenidən namizədliyini təklif edirəm.

Təklif edirəm ki, ötən dövr ərzində AHİK-in fəaliyyəti barədə hesabata kafi qiymət verilsin və Təftiş Komissiyasının hesabatı təsdiq edilsin.

Hörmətli nümayəndələr!

Bugünkü beynəlxalq mənzərəyə baxanda müharibələr, münaqişələr, qanlı toqquşmalar, böhranlar görürük. Azərbaycan isə uğurla inkişaf edir, sabitlik möhkəmlənir. Bu sabitliyin mənbəyi isə xalqla iqtidar arasındakı həmrəylik və birlik, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin cəmiyyət tərəfindən bəyənilməsi və dəstəklənməsidir.

Ölkədə əldə olunan dinamik sosial-iqtisadi inkişafın davam etdirilməsi, Azərbaycan dövlətçiliyinin qüdrətlənməsi və gələcəyi naminə bütün həmkarlar ittifaqları adından qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsini təklif edirəm.

Diqqətinizə görə təşəkkür edirəm!

 

Mələk ƏHMƏDZADƏ,

“Kənd-Qida-İş” Hİ Qax RAYON

Komitəsinin sədri, AHİK-in Məclis üzvü