AHİK-in V qurultayında çıxışlar- Rafiq İLDAROV,


Baxıldı : 221

Tarix : 2018-02-24 00:00:37


Hörmətli Səttar müəllim!

 Hörmətli qonaqlar!

Hörmətli qurultay nümayəndələri!

 

Hesabat dövründə sahəmizin həmkarlar ittifaqı təşkilatları öz fəaliyyətini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında qəbul olunmuş “Əsas istiqamətləri”n icrası üzərində qurmuşdur. İşçilərin hüquqlarının müdafiəsində fəallıq göstərmiş, demokratik dəyərlərin inkişaf etdirilməsinə, sosial ədalət prinsiplərinin pozulmamasına, işəgötürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsinə çalışmışıq.

Biz sahə tarif sazişlərinə və kollektiv müqavilələrə yaradıcı yanaşmışıq. Kollektiv müqavilələrə Əmək Məcəlləsində nəzərdə tutulduğundan artıq güzəştlərin daxil edilməsinə nail olmuşuq. Bu nailiyyəti biz təkidlə, təsir rıçaqlarından istifadə etməklə yox, daha çox izahedici işlər aparmaqla qazanmışıq. Danışıqlar zamanı işəgötürənləri inandırmışıq ki, kollektiv saziş və müqavilələrdə nəzərdə tutulmuş güzəştli müddəalar və öhdəliklər tək işçilərə deyil, işəgötürənə, iqtisadiyyatımıza, nəticə etibarilə dövlətimizə lazımdır.

Sahə həmkarlar ittifaqında işçilərin əməyinin təhlükəsizliyinə və mühafizəsinə xüsusi diqqət yetirilir. Demək olar ki, bütün işçilər xüsusi geyimlə, fərdi mühafizə vasitələri ilə, zərərli şəraitdə işləyənlər isə südlə və digər qida məhsulları ilə təmin olunurlar. Müəssisə və təşkilatlar arasında hər il əməyin mühafizəsi üzrə baxış-müsabiqə keçirilir. Qalib müəssisələri “Azərenerji” ASC, Respublika Komitəsi pulla, qiymətli hədiyyələrlə stimullaşdırır.

AHİK-in “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında keçirdiyi ənənəvi Respublika baxış-müsabiqələrdə sahə həmkarlar ittifaqının xidmətində olan müəssisələr fəal iştirak etmiş və 7 müəssisə birincilər sırasında olmuşdur.

İstehsalatda bədbəxt hadisə səbəbindən əmək qabiliyyətini itirmiş işçilər təşəbbüsümüzlə sığorta edilirlər. Hazırda işəgötürənlər tərəfindən bütün işçilərin tam həcmli tibbi sığorta ilə təmin edilməsi sahəsində iş aparırıq.

Sahə (tarif) və kollektiv sazişdə gənclər üçün də bir sıra güzəştlər nəzərdə tutulmuşdur. Belə ki, ordu sıralarından müəssisəyə qayıdan gəncə bir aylıq vəzifə (tarif) maaşı həcmində birdəfəlik müavinət verilir.

Ali təhsil müəssisələrində elektroenergetika ixtisası üzrə təhsil alan, əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə dördüncü kursdan başlayaraq əmək təcrübəsinin keçirilməsi üçün şərait yaradılır və onlara  ASC tərəfindən əlavə ödəniş təyin edilir. Belə tələbələrin gələcəkdə işlə təmin edilməsi də nəzərdə tutulur. Biz bu gənclərin gələcəkdə həmkarlar ittifaqı üzvü olmaları üçün indidən onlarla təbliğati və təşkilati işlər aparırıq.

Həmkarlar ittifaqı komitə sədrləri və fəallarının təhsilinə xüsusi diqqət yetirilir, onların Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilən kurslarda iştirakı təmin edilir. Son illər  informasiya işi həmkarlar ittifaqlarının fəaliyyətinin tərkib hissəsinə çevrilmişdir. İlk təşkilatlarla qarşılıqlı sənəd və məlumat mübadiləsi əsasən Respublika Komitəsinin WEB saytı və elektron poçtu vasitəsilə həyata keçirilir.

Mən fürsətdən istifadə edib ittifaqımızın üzvlərini narahat edən bəzi məsələlərə toxunmaq istərdim. Bəzi müəssisələrdə işəgötürənin təzyiqi altında işçilər, məcburiyyət qarşısında qalaraq, hətta daimi iş yerində müddətli əmək müqaviləsini imzalayırlar. Müddət də işəgötürənin istədiyi kimi müəyyənləşdirilir.  Hətta uzun müddət işləyən işçi ilə, müəyyən səbəb taparaq, yenidən müddətli müqavilə imzalanır. Bu anormal vəziyyətə son qoymaq üçün yaxşı olardı ki, fərdi əmək müqaviləsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeydiyyata alınarkən daimi iş yerində müddətli müqavilənin səbəbləri aydınlaşdırılsın.

Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndində yazılır ki, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə, həmin əmək müqaviləsi əvvəllər müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Mümkündürsə, həmin bənddə “əmək müqaviləsi əvvəllər müəyyən olunmuş müddətə uzadılır” sözləri “müddətsiz bağlanmış” sözləri ilə əvəz edilsin.

Əfsuslar olsun ki, bu gün ölkə üzrə minimum əməkhaqqı müəyyən edilmiş yaşayış minimumundan aşağıdır.

Minimum əməkhaqqının (I dərəcəli işçinin tarif (vəzifə) maaşının), icbari ödənişlərdən sonrakı məbləğinin, heç olmasa ölkədə əmək qabiliyyətli əhali üçün nəzərdə tutulmuş yaşayış minimumuna çatdırılmasını təklif edirik.

Hörmətli qurultay nümayəndələri!

 Mən sahə həmkarlar ittifaqının tapşırığına əsasən, təklif edirəm ki, AHİK sədri vəzifəsinə hörmətli Səttar Möhbalıyevin namizədliyi irəli sürülsün və dəstəklənsin.

İttifaqımızın daha bir tapşırığını diqqətinizə çatdırıram: aprelin 11-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyi irəli sürülsün. Onun namizədliyi çoxminli həmkarlar ittifaqı təşkilatı tərəfindən yekdilliklə müdafiə olunsun.

     Diqqətinizə görə minnətdaram!

 

Rafiq İLDAROV,

 Elektroenergetika və Elektrotexnika

Sənayesi İşçiləri Həmkarlar İttifaqı

Respublika Komitəsinin sədri