AHİK-in V qurultayında çıxışlar- Rəna MİRZƏZADƏ


Baxıldı : 226

Tarix : 2018-02-16 22:08:03


Hörmətli qurultay nümayəndələri və qonaqlar!

Hörmətli Səttar müəllim!

XXI əsr informasiya kommunikasiya texnologiyalarının (İKT) inkişafı, innovasiyaların istehsala gətirilməsi, avtomatlaşdırma və “yaşıl iqtisadiyyata” keçid mərhələsidir. Bu amillər yeni əmək münasibətlərinin təşkilinə, elm adamlarının mənafe və hüquqlarının müdafiəçisi olan həmkarlar ittifaqlarının da işinə təsir göstərir. Bu mənada yeni elmi metodologiyalardan biri kimi elmdə də əmək sferasının yenilənməsi prosesi gedir. Belə ki, İKT və “biliklər cəmiyyəti” elm formulasından yanaşdıqda “müasir elmi işçi nə edir?” sualı meydana çıxır. Yəni sərbəst elmi-tədqiqatlar, evdə və ya mərkəzlərdə elmi-tədqiqat, formal olaraq tam və ya natamam iş saatı, müqavilə əsaslı işçilər, müəyyən ixtisaslar üzrə dəvət edilmiş alimlər və sair kimi faktorlar da günün suallarıdır. Bu suallar asan tədqiqat fəaliyyəti, müstəqil təhlillər aparmaq kimi elmi məşğulluq formalarını da yaradır. Belə ki, ənənəvi elmi işçinin artıq internetlə işləyən, yüksək texnoloji bilikli, dilləri bilən kadr kimi öz elmi fəaliyyətini qurması zərurəti yaranır.

AMEA Azad Həmkarlar İttifaqı bu tələblərə uyğun öz fəaliyyətini quran elmi-tədqiqat institutları və elmi mərkəzlər arasında koordinasiyaedici missiyasını həyata keçirmək funksiyasını üzərinə götürür. Yeni tələblərə uyğun olaraq inzibati rəhbərlik - elmi işçi arasında dialoq və sosial tərəfdaşlığın hüquqi mexanizmlərinin bazasını yaratmağa səy göstərir, büdcədən maliyyələşən elm işçisinin əsas müdafiəçisi statusunu qoruyur.

2013-cü ildən 2017-ci ilin sonuna qədər olan dövr ərzində AMEA-da elmi işçilərin, o cümlədən fəlsəfə, elmlər doktorlarının, müxbir üzv və akademiklərin sayında, eyni zamanda onların əməkhaqlarında xeyli artım vardır. Bu isə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən Dövlət Elm Siyasətinin tərkib hissəsi, xüsusən də AMEA əməkdaşlarına olan diqqət və qayğısının təzahürüdür. Diqqətinizə çatdıraq ki, elmi işçilərin sayının artması, əməkhaqqı səviyyəsinin yüksəldilməsi, sosial müavinət (bayram günləri mükafat, elmi işə görə əlavə ödənilən maddi dəstək və s.) kimi təminatlar da elmin əmək sferasında əməyin yeni optimallaşdırılması metodudur. Elmi dərəcəsi olan elm nümayəndələrinin təhsil müəssisələrində dərs deməsinə icazə verilməsi halları da elmdə olan işçilərin maddi təminatına yönəlik müdafiə mexanizmidir.

Hörmətli həmkalar!

AHİK beynəlxalq arenada güclü, fəal və innovativ milli həmkarlar ittifaqları mərkəzlərindəndir. 2001-ci il Ümum Həmkarlar İttifaqları Konfederasiyasının, 2014-cü il Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, 2015-ci ildə isə Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilən professor, millət vəkili Səttar Möhbalıyev ölkə üzrə üzv təşkilatların maraqlarını müdafiə edərək Beynəlxalq Əmək Təşkilatı ilə əlaqələrini gücləndirərək, layiqli əmək uğrunda  mübarizə, əməyin və əmək fəaliyyətinin mühafizəsində fəal iştirak edir. Fürsətdən istifadə edib biz Səttar müəllimə AMEA Azad Həmkarlar İttifaqı, AMEA alimləri adından minnətdarlığımızı bildiririk. Belə ki, onun dəstəyi ilə 2014-cü ildə Akademiyaya 50 min manata qədər əlavə vəsait ayrılmışdır. Bu isə elmi fəaliyyətinə görə müsabiqə yolu ilə seçilmiş gənc alimlərin mükafatlandırılmasına sərf edilmişdir. Yeri gəlmişkən, xahiş olunur ki, imkan daxilində bu ənənə davam etdirilsin.

Qeyd edək ki, həmkarlar təşkilatlarının belə böyük təsir gücünə malik olması cəmiyyətdə böyük hörmət və nüfuz sahibi olan AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin səmərəli təşkilatçılıq qabiliyyəti ilə bağlıdır. Diqqətə çatdırım ki, 31 oktyabr 2017-ci ildə AMEA Azad Həmkarlar İttifaqının Məclisində yekdilliklə AHİK-in qurultayında Səttar Möhbalıyevin AHİK sədrliyinə namizədliyi irəli sürülmüşdür. Biz Sizi Səttar Möhbalıyevin AHİK-in sədri seçilməsi təklifimizi dəstəkləməyə səsləyirik.

Hörmətli nümayəndələr!

Hesab edirəm ki, bugünkü qurultay öz ənənəsinə sadiq qalaraq Azərbaycanın sabahı naminə 2018-ci ilin aprelində keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini yenidən irəli sürəcəkdir. Mən buna əminəm.

Diqqətinizə görə sağ olun!

 

Rəna MİRZƏZADƏ,

AMEA Fəlsəfə İnstitutu, Müasir

Siyasətin Fəlsəfəsi Şöbəsinin müdiri,

fəlsəfə elmləri doktoru, professor