AHİK-in V qurultayında çıxışlar- Səlim MÜSLÜMOV,


Baxıldı : 265

Tarix : 2018-02-17 00:05:58


Xanımlar və cənablar!

Hörmətli qurultay iştirakçıları!

    

Ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında mühüm önəm kəsb edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında hər birinizi salamlayır, bu əlamətdar tədbir münasibətilə bütün həmkarlar ittifaqı üzvlərini, ayrıca olaraq əziz dostum, millət vəkili Səttar Möhbalıyevi təbrik edirəm!

Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş müdrik inkişaf strategiyasının Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qlobal çağırışlara uyğun şəkildə uğurla davam etdirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişafı istiqamətində qurulmuş möhkəm təməl ölkənin sosial həyatında mühüm rol oynamış, davamlı tərəqqinin əhalinin həyat səviyyəsinin gücləndirilməsinə yönəldilməsini dövlətin sosial-iqtisadi siyasətinin başlıca məqsədi səviyyəsinə qaldırmağa imkan vermişdir.

Bu prosesin vacib tərkib hissəsi olaraq, respublikamızda sosial-iqtisadi tərəqqinin hədəflərinin reallaşdırılmasına verə biləcəyi töhfələr baxımından sosial tərəfdaşlıq daim inkişaf etdirilmiş, sosial-əmək münasibətləri, əhalinin məşğulluğu, miqrasiya və sosial təminat sahəsində siyasətin formalaşmasında və həyata keçirilməsində sosial partnyorların fəal iştirakı təmin edilmiş, bu əməkdaşlığın əsas tənzimləyici aləti kimi 2001-ci ildən etibarən ölkə üzrə üçtərəfli Baş Kollektiv Sazişlər bağlanılmışdır. 2016-cı ilin sentyabr ayında isə Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya təsis edilmiş və ölkəmizdə tripartizmə söykənən milli sosial dialoqun inkişafında keyfiyyətcə yeni mərhələyə start verilmişdir.

Sosial-əmək sferasının aparıcı institusional subyektlərindən olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının işləyənlərin sosial-əmək hüquq və mənafelərinin müdafiəsi, eləcə də onların zəruri əmək şəraiti ilə təmin edilməsi kimi mühüm funksiyalarından irəli gələn fəaliyyəti sosial tərəfdaşlıq sistemində vacib rol oynamaqdadır. Həmkarlar təşkilatları öz hüquq və imkanlarını reallaşdırmaqla işçilərin həyatının bütün tərəflərinə təsir göstərmək, istehsal fəaliyyəti şəraitini yaxşılaşdırmaq və bütövlükdə əmək həyatının keyfiyyətini artırmaq potensialına malikdir. Bu potensialın həyata keçirilməsi istehsal prosesinin səmərəliliyi və işçilərin adekvat sosial təminatı arasında qarşılıqlı əlaqəni nəzərdə tutur. Bütün bunlar Baş Kollektiv Sazişdə iqtisadi siyasət, əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi, əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təminatları, sosial müdafiənin gücləndirilməsi, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik kimi sahələr üzrə müəyyən edilmiş birgə vəzifələrin icrasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mühüm missiya daşıdığını aydın şəkildə göstərir.

Təbiidir ki, Prezident cənab İlham Əliyevin uzaqgörən və çevik inkişaf kursuna uyğun olaraq, ölkədə yeni sosial-iqtisadi model quruculuğu yönündə reallaşdırılan sürətli islahatların yüksək hədəfləri növbəti mərhələdə həmkarlar təşkilatlarının ənənəvi funksiyaları ilə yanaşı, bir sıra fəaliyyət istiqamətlərini də əsas prioritetə çevirir. Ölkəmizdə iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın daha da artırılmasına yönəlik intensiv və çoxşaxəli islahatlar, bu əsasda aktiv məşğulluq tədbirlərinin intensivləşdirilməsi və pensiya, işsizlik müavinəti, tibbi sığorta kimi vacib sosial təminat hüquqları sistemində sığorta prinsipinin gücləndirilməsi şəraitində əmək münasibətlərinin səmərəli tənzimlənməsi, bu münasibətlərin iştirakçılarının hüquq və təminatlarının effektiv müdafiəsi xüsusi aktuallıq qazanmaqla yanaşı, bütövlükdə layiqli əmək konsepsiyasının həyata keçirilməsinin başlıca şərtlərindəndir.

Bu baxımdan, ölkənin yeni inkişaf mərhələsində Azərbaycan Prezidentinin əmək və sosial müdafiə sferasında müəyyən etdiyi hədəflər üzrə qeyri-formal məşğulluğun azaldılması, ailə gəlirlərinin formalaşmasında əməkhaqqının payının artırılması, əməyin mühafizəsi, təhlükəsiz iş yeri və sağlam əməyin təmin olunması, korporativ sosial məsuliyyətin inkişafı, 2030-cu ilə qədər olan dövr üçün Azərbaycanda Dayanıqlı İnkişafın Məqsədləri üzrə götürülmüş öhdəliklərin tam icra edilməsi, əməyin məhsuldarlığının artırılması və minimum əməkhaqqının tədricən yaşayış minimumuna çatdırılması və sair istiqamətlərdə fəaliyyətin daha da gücləndirilməsində həmkarlar təşkilatlarının bundan sonra da öz töhfəsini verməsi olduqca vacibdir. 

Hörmətli qurultay iştirakçıları!

Şübhəsiz ki, qurultayın gedişatında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ötən dövr ərzində əldə etdiyi nailiyyətlər, qarşıdakı beş il üçün fəaliyyətinin əsas istiqamətləri barədə ətraflı müzakirələr aparılacaqdır. Arzumuz ölkəmizdə sosial və iqtisadi məsələlərin həllində sosial partnyorumuz olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını daima işçiləri təmsil edən möhtəşəm bir birlik olaraq görmək və sosial əməkdaşlığı daha da inkişaf etdirməkdir.

Mən qurultayın işinə, eləcə də qurultayda yeni seçiləcək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə, idarə heyətinə gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm!

Səlim MÜSLÜMOV,

Əmək və Əhalinin Sosial

Müdafiəsi naziri