AHİK-in V qurultayında çıxışlar- Sevinc HAQVERDİYEVA,


Baxıldı : 190

Tarix : 2018-02-23 23:41:45


 

Hörmətli qurultay iştirakçıları!

Hörmətli cənab sədr! Hörmətli qonaqlar!

“Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyəti dövlət dəstəyi nəticəsində qısa müddətdə respublikamızın qeyri-neft sektorunda çalışan ən böyük sənaye kollektivlərindən birinə çevrilmişdir. Demək olar ki, fabrikimiz yenidən qurulmuş, istehsalat prosesi tamamilə mexanikləşdirilmiş və avtomatlaşdırılmışdır. Bütün bunlar iş şəraitini xeyli yaxşılaşdırmış, işçilərin sosial tələblərinin daha geniş miqyasda ödənilməsinə imkan vermişdir. Bu imkan şirkət rəhbərliyi ilə həmkarlar ittifaqı komitəsi arasında bağlanılan kollektiv müqavilədə də öz əksini tapmışdır. Kollektiv müqavilədə götürülən öhdəliklər ciddi nəzarətdə saxlanılır və məsuliyyətlə icra olunur.

Kollektivimiz 2016-cı ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması uğrunda ən yaxşı müəssisə (təşkilat)” Respublika baxış-müsabiqəsinin qalibi olaraq AHİK-in Fəxri diplomu və qiymətli hədiyyəsini almışdır.

Hörmətli qurultay iştirakçıları!

Ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyət göstərməsi üçün mükəmməl qanunvericilik bazası yaradılmışdır. Sahə həmkarlar ittifaqı qanunvericiliyin verdiyi imkanlardan səmərəli faydalanaraq, mütəmadi olaraq kompleks tədbirlər hazırlayıb həyata keçirir. Hesabat dövründə Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçilərinin HİRK-i daha da güclənərək üzvlərimizin əmək, sosial-iqtisadi hüquqlarının, qanuni mənafelərinin keşiyində cəsarətlə dayanmışdır. Ötən 5 ildə ittifaq üzrə üzvlərin sayı 2400 nəfər artmışdır. Sıralarımıza daha 18 təşkilat qoşulmuşdur. Bu da əvvəlki beş ilə nisbətən xeyli çoxdur. Son dövrlərdə sahə həmkarlar ittifaqı tərəfindən aparılan təşkilati işlərin nəticəsində “AzerGold” QSC, “Mingəçevir İzalit” ASC, Sumqayıt İnter Tekstildə həmkarlar ittifaqı təşkilatı təsis edilərək RK-nın xidmətinə götürülmüşdür. Sahə həmkarlar ittifaqı sıralarını daha da genişləndirmək istiqamətində iş davam edir.

Biz işəgötürənlərlə görüşlər keçiririk. İşçiləri həmkarlar ittifaqı təşkilatlarının yaradılmasının zəruriliyinə inandırmağa çalışırıq. Onlara həmkarlar ittifaqı təşkilatının məqsədlərini izah edir, faydasını konkret faktlarla çatdırırıq. Təəssüf ki, respublikada Hİ təşkilatlarının yaradılmasına maneçilik törədən, Hİ üzvü olmaq istəyənlərə təzyiq göstərən işəgötürənlər də var. Belələrinə qarşı qanunvericiliyin tələbləri səviyyəsində mübarizəmizi gücləndirməliyik. Şirkətimizdə həmkarlar ittifaqı komitəsinin uğurlarını hər bir işçi və sahibkar görür və hiss edir.

Biz həmkarlar ittifaqı olaraq işçilərin sosial məsələlərinin həllində iştirak edir, istirahət və müalicə yerlərinə yollayışlar, ehtiyacı olan aztəminatlı ailələrə yardımlar veririk.

Hesab edirəm ki, bütün özəl müəssisə və şirkətlərdə həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərərsə, bunun nəticəsini işəgötürənlər də görər.

Hörmətli qurultay nümayəndələri!

AHİK sədri, millət vəkili Səttar Möhbalıyev təkcə Azərbaycanda deyil, regionda və dünyada proqressiv siyasi xadim və həmkarlar hərəkatı lideri kimi tanınır. AHİK sədrinin dünyanın iki yüzə qədər ölkəsinin həmkarlar ittifaqı mərkəzlərinin birləşdiyi Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilməsi onun tükənməz enerjiyə, yüksək təşkilatçılıq bacarığına malik lider və mükəmməl peşəkar olduğunun bariz sübutudur.

Ona görə də Səttar Möhbalıyevin yenidən AHİK sədri vəzifəsinə namizədliyinin irəli sürülməsini təklif edirəm.

Hörmətli qurultay iştirakçıları!

Respublikamızın iqtisadi və sosial tərəqqi yolunda inamla irəliləməsində, milli demokratiyanın daha da möhkəmlənməsində, ölkəmizin dünya birliyində nüfuzunun durmadan artmasında qazandığı uğurlara görə hörmətli Prezidentimiz İlham Əliyevə borcluyuq. Xalq, o cümlədən xalqın çoxminli tərkib hissəsi olan həmkarlar ittifaqı üzvləri İlham Əliyevi növbəti 7 ildə də ölkəmizin başçısı görmək istəyir. Biz hər birimiz prezident seçkilərində onun vəkili olmağı özümüzə şərəf bilirik.

Diqqətinizə görə minnətdarlığımı bildirirəm.

 

Sevinc HAQVERDİYEVA,

“Bakı Tikiş Evi” ASC Həmkarlar İttifaqı

Komitəsinin sədri