AHİK-in V qurultayında çıxışlar- Seymur ORUCOV,


Baxıldı : 182

Tarix : 2018-02-24 00:03:03


 

Hörmətli  cənab sədr, hörmətli

qurultay iştirakçıları!

Xanımlar və cənablar!

      Hörmətli nümayəndələr!

      Bugünkü qurultayda bir çox mühüm aktual məsələlər barədə geniş məlumatlar verildi. Biz başa düşürük ki, yeni şəraitdə köhnə metodlarla işləmək mümkün deyildir. Həmkarlar ittifaqlarının işçilərin maraq və hüquqlarının müdafiəçisi statusunun yüksəldilməsinə yönəlmiş yeni metod və üsullar vacibdir. İqtisadiyyatın qloballaşması, böyük sənaye müəssisələrinin strukturunun dəyişdirilməsi, idarəetmədə yeni islahatlar aşağı vəsilələrdə mövcud təşkilati struktura yenidən baxılmasına səbəb olmuşdur. Müasir Azərbaycanda sosial-əmək münasibətlərinin formalaşması ilə əlaqədar onların tənzimlənməsində innovasiya metodlarından istifadə olunması zərurəti yaranmışdır. Həmkarlar ittifaqına zamanın tələblərinə cavab verən yeni əhvali-ruhiyyə gətirmək vacibdir. Nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin əmək hüquqlarının, maraqlarının müdafiəsi, əməyin mühafizəsi, onların istirahəti, sağlamlığı, sosial ehtiyaclarının təmin edilməsi üçün lazımi şərait yaratmaq bizim əsas prioritet vəzifələrimizdəndir.

İttifaq üzvlərinin əmək hüquqlarının qorunması və sosial müdafiəsi istiqamətində apardığımız işlər nəticəsində Respublika Komitəsinə daxil olmuş maddi yardım, güzəşt və kompensasiyalarla bağlı ərizə və şikayətlər işəgötürənlərlə RK arasında olan qarşılıqlı etimad əsasında müsbət həll edilmişdir. Əməyin və işçilərin sağlamlığının mühafizəsi üzrə problemlərin həllinə maddi-texniki və maliyyə təminatı tədbirlərinin görülməsi sayəsində nail olunmuşdur.

İttifaq üzvlərinin istirahəti və sağlamlığı daim diqqət mərkəzində olmuşdur. Son 5 il ərzində RK AHİK-dən 1370005 manatlıq 1470 (1983 nəfər üçün) ədəd yollayış almışdır. Onlardan 46233 manatlıq 72 yollayış rabitəçilərə pulsuz verilmişdir. Bundan başqa,  2088 rabitəçi ailəsi ilə birlikdə “Nabran” İstirahət Bazasında pulsuz istirahət etmişdir. Respublika Komitəsinin balansında olan “Nabran” İstirahət Bazasına verilən yollayışların dəyərinin 50%-i RK, 50%-i isə nazirliyin tabeli strukturları tərəfindən ödənilir.

İşğal olunmuş rayonlardan məcburi köçkün düşmüş rabitəçilərin ailələrinin, Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin, 20 Yanvar rabitəçi şəhid ailələrinin, Çernobıl iştirakçılarının, rabitəçi ahılların problemləri vaxtında həll edilir. Onlara və vəziyyəti ağır olan digər rabitəçilərə təkcə 2017-ci ildə Respublika Komitəsinin və tabe strukturlarının maliyyə vəsaiti hesabına 85900 manat məbləğində maddi yardım verilmişdir.

Hər il Goradildə məskunlaşmış məcburi köçkün rabitəçilərlə Yeni il, Qurban, Novruz və Ramazan bayramları ərəfəsində görüşmüşük. 20 Yanvar rabitəçi şəhid ailələri, Xocalı, Kəlbəcər, Şuşa, Laçın, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarının işğalının ildönümləri ilə bağlı rabitə qovşaqlarının məcburi köçkün rabitəçiləri ilə anım mərasimləri keçirilmiş, sosial vəziyyəti ağır olan yüzlərlə rabitəçi ailəsinə pul və ərzaq yardımı göstərilmişdir.

Hörmətli qurultay nümayəndələri!

Həmkarlar ittifaqlarının fəaliyyətində gənclərlə iş özünəməxsus yer tutur. Gənclərin ictimai həyata, həmkarlar ittifaqının fəaliyyətinə cəlb edilməsi, sağlam, vətənə layiqli vətəndaş kimi formalaşması mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə təklif edərdim ki, həmkarlar ittifaqlarının seçkili orqanlarına gənclər daha çox cəlb olunsun, gənc işçilərin sosial müdafiəsi gücləndirilsin. Gənc həmkarlar ittifaqı liderlərinin stimullaşdırılmasına və şəxsi keyfiyyətlərinin formalaşdırılmasına diqqət artırılsın.

Qurultayda məndən öncə çıxış edənlərin də söylədiyi kimi, bu gün həmkarlar ittifaqı cəmiyyətimizdə böyük nüfuz sahibinə çevrilmişdir. Təşkilatımızın səmərəli fəaliyyət göstərməsini təmin edə biləcək qanunvericilik bazası var. Bütün bunlar AHİK sədri, millət vəkili hörmətli Səttar müəllimin xidmətləri sayəsində mümkün olmuşdur.

 Məhz onun icra və qanunverici orqanlar ilə apardığı mütəmadi işlərin, verdiyi təkliflərin nəticəsində “Həmkarlar ittifaqları haqqında” qanuna, Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə həmkarlar ittifaqlarının maraqlarını özündə əks etdirən dəyişikliklər və əlavələr edilmişdir.

Hörmətli qurultay nümayəndələri!

Xidmətimizdə olan həmkarlar ittifaqı təşkilatlarında keçirilən hesabat-seçki yığıncaqlarında həmkarlar ittifaqı üzvləri tərəfindən AHİK-in V qurultayında Səttar Möhbalıyevin yenidən sədr seçilməsi barədə təkliflər verilmiş və qərarlar qəbul olunmuşdur. Bizim bu qərarlarımızı dəstəkləməyinizi xahiş edirəm. Növbəti illərdə onun rəhbərliyi altında Konfederasiyanın daha böyük uğurlara imza atacağına inanırıq, bu qurultayda hörmətli Səttar müəllimin yenidən sədr seçilməsi barədə namizədliyini irəli sürürük.

2013-2018-ci illər üçün AHİK-in hesabatının qənaətbəxş qiymətləndirilməsini, təftiş komissiyasının hesabatının təsdiq olunmasını təklif edirəm.

     Diqqətinizə görə minnətdaram!

 

Seymur ORUCOV,

Rabitə İşçiləri MHİRK-in sədri