AHİK-in V qurultayında çıxışlar- Sucaxan NOVRUZOV,


Baxıldı : 406

Tarix : 2018-02-16 23:13:37


Hörmətli qurultay iştirakçıları!

 Bu gün həmkarlar ittifaqları kütləvi ictimai hərəkat kimi qazandığı statusa və nüfuzuna, təşkilatlanmasına görə ümummilli lider Heydər Əliyev şəxsiyyətinə borcludur. Ulu öndərimizin ölkəmizə rəhbərlik etdiyi illərdə həmkarlar ittifaqlarının qanun və nizamnamə çərçivəsində fəaliyyət göstərməsini təmin edən zəruri hüquqi baza yaradılmış, fəaliyyəti genişlənmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ümummilli liderimizin siyasi yolunun uğurla davam etdirilməsi nəticəsində əldə olunan sosial-iqtisadi inkişaf həmkarlar ittifaqının fəaliyyəti üçün geniş imkanlar yaratmışdır.

Naxçıvan Muxtar Respublikasında da Həmkarlar İttifaqları Şurası, şəhər və rayon birləşmiş həmkarlar ittifaqları dövlət qayğısı ilə əhatə olunub, Həmkarlar İttifaqları Şurasının inzibati binası əsaslı təmir edilərək əməkdaşlar üçün rahat iş şəraiti yaradılıb. Dövlətimizin həmkarlar ittifaqlarına göstərdiyi bu qayğı həmkarlar ittifaqı təşkilatının fəaliyyətini gücləndirmiş, cəmiyyətin ictimai həyatında daha da yaxından iştirak etməsinə əlverişli imkan açmışdır.

Muxtar respublikada yeni xidmət və istehsal sahələrinin yaradılması, əhalinin məşğulluğunun artması həmkarlar ittifaqları təşkilatlarının sıralarının möhkəmlənməsinə və üzvlərinin sayının artmasına səbəb olmuşdur. Bunun nəticəsidir ki, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün həmkarlar ittifaqlarında böyük qüvvə, potensial və imkan yaranmışdır. Bu gün Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası 6 Muxtar Respublika, 10 Birləşmiş Həmkarlar İttifaqları Komitəsini və 1500-dən çox ilk təşkilatı öz ətrafında birləşdirir. Onun ittifaq üzvlərinin sayı isə 73 mindən çoxdur.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası muxtar respublikanın idarə və müəssisələrində işçilərin sosial hüquqlarının qorunmasında, əmək müqavilələrinə əməl olunmasında, əmək şəraitinin yaxşılaşmasında qarşıya qoyulmuş vəzifələri icra etmişdir. Ötən müddət ərzində işçilərin əmək şəraitini təmin edən mühitin yaradılmasına, həmçinin qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq əsasında inkişaf etdirilməsinə, əmək münasibətlərinin kollektiv müqavilə və saziş vasitəsilə tənzimlənməsinə çalışılmışdır.

Naxçıvan Muxtar Respublikasında bu gün elə bir sahə yoxdur ki, orada həmkarlar ittifaqı təşkilatının fəaliyyəti hiss olunmasın. Elm, təhsil, mədəniyyət, səhiyyə, tikinti, idman və istehsal sahələrində həmkarlar ittifaqları təşkilatları fəaliyyət göstərir. Bu müəssisələrdə fəaliyyət göstərən ilk təşkilatlarda kollektiv müqavilələr bağlanmışdır.

Muxtar respublikanın sosial-iqtisadi inkişafı həmkarlar ittifaqlarının fəaliyyətinə geniş imkanlar açmışdır. Aparılan quruculuq tədbirlərinin həcmi artdıqca, yeni istehsal sahələri, iş yerləri yarandıqca həmkarlar ittifaqları üzvlərinin və birləşən təşkilatların da sayı artır. Yeni yaradılan 150-dən artıq sahibkarlıq subyektində ilk həmkarlar ittifaqları təşkilatlarının yaradılması diqqətdə saxlanılmış, əmək müqavilələrinə əməl olunmasına, işçilərin hüquq və qanuni mənafelərinin qorunmasına nəzarət olunmuşdur.

Ötən dövrdə gənclərin həmkarlar ittifaqlarının fəaliyyətinə və həmkarlar ittifaqı üzvlüyünə cəlb olunması, onların fəallıqlarının artırılması ilə əlaqədar maarifləndirici tədbirlər keçirilmişdir. Bununla yanaşı, Həmkarlar İtifaqları Şurasında gənclərin məsul işlərə cəlb olunmasına xüsusi diqqət yetirilir, idarə, müəssisə və təşkilatlarda ilk həmkarlar ittifaqları təşkilatlarının sədri vəzifəsinə irəli çəkilirlər.

Müasir dövrdə həmkarlar ittifaqlarının mühüm vəzifələrindən biri üzvlərə diqqətin artırılmasından ibarətdir. Bu baxımdan üzvlərin sosial hüquqlarının qorunması, onların sanatoriya-kurortlara göndərilməsi, istirahətlərinin təşkili sistemli xarakter almışdır. Bundan əlavə hər il şagirdlərin, aztəminatlı ailələrin uşaqlarının və sağlamlıq imkanları məhdud uşaqların, dövlət qulluqçularının və idmançıların muxtar respublikanın istirahət mərkəzlərində istirahəti təmin olunur.

Dövlət əhəmiyyətli tədbirlərin keçirilməsində fəal iştirak etmək qarşımızda duran əsas vəzifələrdən biridir. Hər il təşkilatımız Vətənin sərhədlərini qoruyan əsgərlərə sovqatlar aparır, onlara mənəvi dəstək olur.

Dövlətimiz tərəfindən Naxçıvan Muxtar Respublikasında həmkarlar ittifaqının əməkdaşlarının fəaliyyəti də yüksək qiymətləndirilmiş, onlar “Tərəqqi” medalı ilə təltif olunmuş, “Əməkdar müəllim”, “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülmüşlər. Bütün bu qeyd olunanlar onu deməyə əsas verir ki, Həmkarlar İttifaqları Şurası dövlət qayğısı ilə hərtərəfli əhatə olunmuş, fəaliyyətimiz üçün zəruri şərait yaradılmışdır. Həmkarlar ittifaqı təşkilatlarına və onun üzvlərinə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının bütün üzvləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk.

Hörmətli qurultay iştirakçıları!

Müasir müstəqil Azərbaycan dövlətinin memarı ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyevin 2018-ci il aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyinin irəli sürülməsini Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası olaraq dəstəkləyir, hər birinizi bu təşəbbüsə qoşulmağa çağırırıq.

Çıxışımın sonunda təklif edirəm ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hesabatı qənaətbəxş hesab edilsin. Qurultay iştirakçılarını Səttar Möhbalıyevin yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilməsinə dəstək verməyə çağırıram. Yeni seçiləcək heyətə işlərində uğurlar arzulayıram.

 

Sucaxan NOVRUZOV,

Naxçıvan Muxtar Respublikası

Həmkarlar İttifaqları Şurasının sədri