AHİK-in V qurultayında çıxışlar- Xəyalə MƏMMƏDOVA


Baxıldı : 103

Tarix : 2018-02-16 22:10:42


Hörmətli qurultay iştirakçıları!

Son zamanlar respublikamızda regionların sosial-iqtisadi inkişafı, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, kommunal xidmətlərin təchizatının təkmilləşdirilməsi, məşğulluğunun artırılması və yoxsulluğunun azaldılması, insanların normal firavan şəkildə həyat sürməsi və s. istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bütün görülən bu işlər ölkə başçısının çox böyük zəhmət, əziyyət, bilik və bacarıq, çox genişmiqyaslı akademik proqnozlaşdırma hesabına başa gəlib.

Dövlət başçımızın apardığı müdrik siyasəti dəstəkləyən Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı da üzvlərinin sosial-iqtisadi hüquqlarının qorunmasında fəal iştirak etməyə çalışır.

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi “Azərsu” ASC ilə birlikdə işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı tədbirlərə xüsusi diqqət yetirir.

İşçilərin sosial müdafiəsini gücləndirmək məqsədilə 2011-ci il sentyabrın 1-də 128 saylı qərarla işçilərə birdəfəlik və aylıq müavinətlər verilməsinin vahid qayda və şərtləri hazırlanmış və müavinətlərin həcmi müəyyənləşdirilmişdir. Bu günə qədər 600-dən çox işçiyə müavinət verilmişdir. Müavinətlərin həcmi işçi vəfat etdiyi halda minimum əməkhaqqının 10 misli, ailə üzvü vəfat etdikdə minimum əməkhaqqının 2,5 misli, Qarabağ müharibəsi və 20 Yanvar hadisələrində həlak olmuş işçinin 18 yaşına çatmamış övladlarına himayəlik edən ailə üzvlərinə minimum əməkhaqqının 2,5 misli, ağır cərrahiyyə əməliyyatı keçirən işçilərə 1500 manata qədər yardım edilir.

Ötən il Respublika Komitəsinin nəzdində “Əlillər Cəmiyyəti” yaradıldı. Cəmiyyətin yaradılmasında əsas məqsəd “Azərsu” ASC-də çalışan əlil işçilərimizin və onların ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək,  əlillərin məşğulluğu üçün yerli və beynəlxalq səviyyədə layihələri həyata keçirməkdir.

Respublika Komitəsinə son qurultaylararası dövrdə 9774 ədəd ərizə daxil olub. Ərizə və şikayətlərin bir hissəsinə RK-da, müəyyən hissəsinə isə ilk təşkilatlarda baxılıb. Əksəriyyəti müsbət həll edilmişdir. İşəgötürən tərəfindən işçilərin işdən çıxarılması barədə 21 müraciətindən 19-na “yox” cavabı verilmişdir.

AHİK-in “Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” ilə bağlı Konsepsiyasından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün 2017-ci ilin noyabrında “Azərsu” ASC-nin maliyyə dəstəyi, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə “Dünyamızın transformasiyası: Dayanıqlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolu” mövzusunda beynəlxalq konfrans təşkil edilib. Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı yaranan çətinliklər ətrafında elmi müzakirələr aparılmış, müxtəlif sahələrdən olan yerli və beynəlxalq mütəxəssislərin məruzələri dinlənilmiş, beynəlxalq təcrübələr barədə fikirlər yürüdülmüşdür.

Təşkilatımız 5 ildən çoxdur ki, BMT-nin “Qlobal Saziş” layihəsinin rəsmi üzvüdür. Layihəyə uyğun olaraq hər il keçirilən beynəlxalq regional hesabat-konfranslarında iştirak edir və hesabatlar verir.

Hörmətli qurultay iştirakçıları!

AHİK-in son 5 illik fəaliyyəti ilə bağlı hörmətli sədrimiz, millət vəkili S.Möhbalıyevin məruzəsini dinlədik. Məruzədə görülən işlər və həyata keçirilən tədbirlər öz əksini tapmış və qarşıdakı vəzifələr müəyyənləşmişdir. AHİK-in hesabat dövründəki fəaliyyətinin qənaətbəxş hesab olunmasını, təftiş komissiyasının isə məruzəsinin  təsdiq olunmasını təklif edirəm.

Keçən il Su Təsərrüfatı İşçiləri HİRK-in xidmətində olan həmkarlar ittifaqında keçirilən hesabat-seçki yığıncaqlarında iştirakçıların yekdilliklə irəli sürdükləri təklifi - AHİK sədrliyinə hörmətli Səttar müəllimin namizədliyinin irəli sürülməsini qurultay nümayəndələri tərəfindən müdafiə etməyə çağırıram.

 

Xəyalə MƏMMƏDOVA,

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı

Respublika Komitəsinin Təşkilat və Beynəlxalq

Əlaqələr Şöbəsinin müdiri