AHİK-in V qurultayında çıxışlar- Yaqut ƏLƏSGƏROVA


Baxıldı : 313

Tarix : 2018-02-16 22:13:24


Hörmətli sədr, hörmətli qurultay nümayəndələri, əziz qonaqlar!

Hesabat dövründə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uğurlu fəaliyyəti ilə yadda qalmışdır. Əldə olunan uğurlardan onun sahə təşkilatları, o cümlədən 380 min nəfərə yaxın üzvü özündə birləşdirən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı da yararlanmışdır.

TİAHİ fəaliyyəti dövründə təhsil sahəsində çalışan və təhsil alan ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi ilə bağlı bir sıra işlər görmüşdür.

Təhsil sahəsində çalışan və oxuyan həmkarlar ittifaqı fəalları maarifləndirilmiş, təşkilatın həyatında baş verən yeniliklər və dəyişikliklər KİV vasitəsilə ittifaq üzvlərinə çatdırılmışdır. İttifaq üzvlərinin sosial müdafiəsi, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təmin edilmişdir. Onların asudə vaxtları səmərəli təşkil olunmuş, gənclər arasında idmanın kütləviliyinin təbliği istiqamətində mühüm işlər həyata keçirilmişdir. Təşkilat, həmçinin gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli - mənəvi dəyərlərinə hörmət ruhunda formalaşmasına səy göstərmişdir. Sosial müdafiəyə ehtiyacı olan gənclərin problemlərinin həllinə çalışmışdır. Əlbəttə, uğurlar, görülən işlər kifayət qədər çoxdur. Mən bunların hamısını sadalamaqla qurultayımızın qiymətli vaxtını almaq istəmirəm.

Hörmətli qurultay nümayəndələri!

Çıxışımı bir neçə təkliflə yekunlaşdırıram. Bildiyiniz kimi, təhsil işçilərinin əməkhaqları bir o qədər də yüksək deyil. Çox sayda sahə işçisi mənzil problemi yaşayır. Xeyli müddətdir müəllimlərə dövlət qulluqçusu statusu verilməsi barədə söhbət gedir. Təəssüf ki, bu, söhbət olaraq qalır. Təhsil Nazirliyində və təhsil şöbələrində əməyin mühafizəsi xidmətləri yoxdur. Çünki bu məqsədlə büdcədən əlavə vəsait ayrılmır. Peşə məktəbləri var, lakin Avropa standartları səviyyəsində deyil. Tələbə gənclərin yataqxanaya olan təminatının ödənilməsindəki çətinliklər, ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin azlığı, ali təhsil alan gənclərin sonrakı taleyi, onların iş yeri ilə təminatı və sair məsələlər də narahatlıq doğurur. Bütün bu və sadalamadığım digər məsələlər barədə hökumətə təkliflər verilməsini xahiş edirəm.

Hörmətli qurultay nümayəndələri!

TİAHİ-nin XVII konfransında Səttar Möhbalıyevin yenidən AHİK sədri vəzifəsinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilmişdir. Bu qərarın dəstəklənməsini sizdən xahiş edirəm.

Diqqətinizə görə təşəkkür edirəm və qurultayın işinə uğurlar arzulayıram.

 

Yaqut ƏLƏSGƏROVA,

TİAHİ Salyan Rayon Komitəsinin sədri