AHİK komandası mükafatçılar sırasında


Baxıldı : 59

Tarix : 2019-09-13 18:08:34


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin ilk DOST mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual turniri keçirilib.

Turnirin açılışında Əmək və Əhalinin Sosial Müdafiə nazirinin müavini Anar Əliyev, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev və Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev çıxış ediblər. Onlar DOST layihəsini ölkəmizdə həyata keçirilən sosial islahatların uğurlu nəticələrindən biri, dövlət sosial xidmətləri sahəsində innovativ yenilik adlandırıblar. Bu turnirin də DOST Kuboku adlandırılmasının simvolik məna daşıdığını deyiblər. Sonda iştirakçı komandalara uğurlar arzulayıblar.

DOST Agentliyinin təşkilatçısı olduğu bu turnirin keçirilməsi barədə qərar 2019-cu il  avqustun 14-də DOST Agentliyinin və ilk DOST Mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyünə həsr edilmiş xüsusi toplantıda verilib.

Turnirdə müxtəlif dövlət qurumları, banklar, KİV-lər, QHT-lər, könüllü təşkilatların nümayəndələrindən, həmçinin pensiyaçılar və əlilliyi olan şəxslərdən ibarət, hər birində 6 nəfər olmaqla, ümumilikdə 50-yə yaxın komanda iştirak edib. Turnirin məqsədi könüllü hərəkatına dəstək, əməkdaşların və könüllü fəaliyyətə cəlb edilən şəxslərin intellektual bacarıqlarının üzə çıxarılması və asudə vaxtlarının səmərəli təşkili, pensiyaçıların və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası olub.

3 turdan ibarət turnirdə hər sual üçün 1 dəqiqə vaxt verilib. Turnirdə İqtisadiyyat Nazirliyinin komandası qalib olub. İkinci mükafatı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının komandası qazanıb. Dövlət Miqrasiya Xidməti Könüllüləri komandası isə yarışı üçüncü pillədə başa vurub.

Pensiyaçılar arasında “Çinar” komandası 1-ci, “Qəzəl” komandası 2-ci, “İrs” komandası isə 3-cü olub. Gənclərdən ibarət olan komandalar arasında qalib adını Dövlət Miqrasiya Xidmətinin Könüllüləri qazanıb. Könüllü DOST “Bravos” 2-ci yeri, Təhsil Nazirliyinin Könüllüləri isə 3-cü yeri tutub. KİV arasında isə Azərbaycan Televiziyasının komandası qalib olub. İkinci yerə “Azad Azərbaycan” Televiziyası, üçüncü yerə isə “APA Holdinq” layiq görülüb.