AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin Təhsil üzrə Avropa Həmkarlar İttifaqları Komitəsinin “Təhsildə gender bərabərliyinin gücləndirilməsi” mövzusunda keçirilən plenar iclasdakı çıxışı


Baxıldı : 401

Tarix : 2018-05-12 04:26:40


Hörmətli konfrans iştirakçıları, əziz həmkarlar, bacılar və qardaşlar!

İlk növbədə hər birinizi doğma Azərbaycanımızın paytaxtı gözəl Bakımızda ürəkdən salamlayır və belə bir möhtəşəm tədbiri Azərbaycanda təşkil etdiyi üçün Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinə və onun prezidenti Kristine Bloverə, direktoru Susan Flokenə və katibi, büro üzvü Mayk Ceninqsə öz təşəkkürümü bildirirəm. Həmçinin tədbirdə iştirak edən İrlandiya, Rumıniya, Polşa, Bosniya və Herseqovina, Monteneqro, Böyük Britaniya, Tacikistan, Gürcüstan, Qırğızıstan, Kipr, Belarus, Ukrayna, Qazaxıstan, Albaniya və Bolqarıstandan olan nümayəndə heyətlərini salamlayır və xoş gəlmisiniz deyirəm.

Hörmətli konfrans iştirakçıları!

Azərbaycan müstəqilliyinin 28-ci ilində olmasına baxmayaraq uğurlu inkişaf yolu keçib, regionun lider dövlətinə çevrilib. Bu gün Azərbaycan sosial-iqtisadi inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir. Hesab edirəm ki, ölkəmizin qısa müddət ərzində böyük nailiyyətlər əldə edə bilməsini şərtləndirən əsas amillər respublikada sabitliyin bərqərar olması və uğurlu sosial-iqtisadi inkişaf siyasətinin həyata keçirilməsidir. Məhz qeyd etdiyim amillər, eyni zamanda iqtisadi və siyasi islahatların paralel olaraq aparılması, ölkəmizin müstəqil iqtisadi siyasət yürütməsi qısa müddət ərzində Azərbaycanın siyasi müstəqilliyini də möhkəmləndirib.

Hörmətli konfrans iştirakçıları!

Nəzərinizə çatdırmaq istəyirəm ki, tarixən Azərbaycan qadını nəcib, xeyirxah təşəbbüslərin, mənəvi idealların tərəfdarı kimi çıxış edib, beynəlxalq aləmdə sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasına çalışıb.

 Azərbaycan qadını sivilizasiyalar arasında mədəni dialoqun qurulmasında, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasında, ölkələr arasında elmi-humanitar və mədəni əməkdaşlığın dərinləşməsində, xalqımızın haqq səsinin beynəlxalq tribunalardan səsləndirilməsində böyük işlər görüb. Azərbaycan qadınının qazana bildiyi nailiyyətlər, təbii ki, ölkədə bərabərliyin təmin olunması ilə əlaqədar görülən işlərlə bilavasitə bağlıdır.

Məlumat üçün bildirim ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə uyğun olaraq ölkəmizdə insan hüquqları və bərabərlikləri ilə bağlı bir çox qanunlar və qərarlar qəbul edilib. Qısa zaman ərzində Azərbaycan BMT-nin “Qadınların sosial hüquqları”, “Uşaqların hüquqları”, “Qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi” və sair konvensiyalarına qoşulub.

2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı”, 2006-cı ilin dekabrında isə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “Gender bərabərliyinin təminatları” haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bununla da ölkədə gender sahəsində geniş sferalı işlər aparmaq üçün zəruri normativ-hüquqi baza yaradılıb.

Bu gün Azərbaycan qadınlarının statistik vəziyyətinə nəzər yetirdikdə onların fəaliyyəti haqqında real mənzərə dərhal göz önündə canlanır. Qeyd edim ki, ölkə əhalisinin ümumi sayının 50,1 faizini qadınlar təşkil edir.

Sosial-iqtisadi həyatda fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2 faizdir. Eyni zamanda dövlət qulluğunda çalışanların 28,5, sahibkarların isə 21,5 faizini qadınlar təşkil edir. Diqqətçəkən daha bir məqam da odur ki, son illər idmanla məşğul olan azərbaycanlı qadınların, çempionların sayı sürətlə artır. Hazırda bədən tərbiyəsi və idmanla məşğul olanların 41,7 faizini qadınlar təşkil edir.

Sözsüz ki, qadınların həyatın müxtəlif sahələrində fəal iştirak etməsi ilk növbədə onların bilik səviyyəsinin yüksəldilməsi, ümumiyyətlə, bu sektorda qadın iştirakçıların ildən-ilə artması ilə əlaqədardır. Bu gün ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 79,8, orta ixtisas təhsil müəssisələrində çalışanların 77,9, ali təhsil müəssisələrində çalışanların isə 51,9 faizi qadınlardır.

Ümumi təhsil müəssisələrində şagirdlərin 46,0 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65,3 faizi, ali təhsil müəssisələri tələbələrinin isə 48,2 faizi qızlardır.

Həmçinin səhiyyə işçilərinin 65,7 faizini, elmi işçilərin 56 faizini qadınlar təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 12-si qadındır.

Müasir Azərbaycan dövlətində qadınların fəaliyyətinə geniş yer verilməsi, gender bərabərliyinin qorunması, eyni zamanda qadınların sosial-iqtisadi, siyasi və mədəni sahələrin inkişafında iştirakçılıqdan birbaşa aparıcı mövqeyə keçməsi həm də lider qadınların yetişdirilməsi üçün əsaslı zəmin yaradılıb. Bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın timsalında tam aydın görmək mümkündür. Bu gün Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə ən yüksək vəzifələrdə uğurla təmsil olunurlar. Ölkənin ali qanunvericilik orqanı olan Milli Məclisin üzvlərinin 20 nəfəri xanım deputatdır.

Hörmətli konfrans iştirakçıları!

Qeyd etmək istərdim ki, gender məsələləri həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edir. Həmkarlar ittifaqları gender bərabərliyinin təmin edilməsini daim diqqət mərkəzində saxlayır. Bununla bağlı vaxtaşırı olaraq müxtəlif tədbirlər təşkil edilir, müzakirələr aparılır, gender bərabərliyinin təmin edilməsi ilə bağlı problemlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə araşdırılır və real addımlar atılır.

Həmkarlar ittifaqı təşkilatlarının gender bərabərliyi ilə bağlı həyata keçirdiyi tədbirlər sırasında maarifləndirmə işləri əsas yerlərdən birini tutur. Çünki bir çox hallarda məhz qadınların öz hüquqlarını bilməməsi cəmiyyətdə gender balansının pozulmasına şərait yaradır.

Mən çıxışımın sonunda Azərbaycanda gender bərabərliyinin pozulmasına yol açan və bizi çox dərindən narahat edən bir məqama da toxunmaq istərdim.

Diqqətinizə çatdırım ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır. İşğal nəticəsində 242 məktəbəqədər tərbiyə müəssisəsi, 616 ümumtəhsil məktəbi və 4 kollec dağıdılaraq məhv edilib, Azərbaycanın təhsil sisteminə 1.5 milyard dollardan çox ziyan dəyib. Qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalan bu insanların 20 min nəfərdən çoxunu müəllimlər, onların da əksəriyyətini qadınlar, 100 min nəfərdən çoxunu isə şagirdlər təşkil edir. Düşünürəm ki, bu acınacaqlı vəziyyət təkcə bizi deyil, bütün dünya ictimaiyyətini narahat etməlidir!  Çünki qaçqın qızların təhsilində yaranmış olan bu kimi ciddi problemlər təhsil sahəsində gender balansının pozulmasına gətirib çıxardan başlıca amillərdən biridir. Azərbaycan Respublikasının torpaqlarının işğaldan azad edilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri bu günə qədər yerinə yetirilməyib. Təəssüflər olsun ki, dünya birliyi bu ədalətsizliyə hələ də dözür. Problemin həll olunmamasının başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və vasitəçilərin bu məsələyə biganə münasibətidir. Bu bizi narahat edən əsas problemdir. Biz sülhsevər xalqıq və münaqişənin sülh yolu ilə və beynəlxalq qanunvericilik çərçivəsində həll edilməsində maraqlıyıq.  Eyni zamanda bizim səbrimiz də sonsuz deyildir.

Hörmətli konfrans iştirakçıları!

Mən sizin vaxtınızı çox almaq istəmirəm. Konfranın işinə uğurlar arzulayıram. İnanıram ki, bu tədbir maraqlı müzakirələrlə yadda qalacaq və təhsildə gender bərabərliyinin gücləndirilməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək.

Diqqətinizə görə təşəkkür edirəm!