AHİK təxribatçı qüvvələrin  əməllərini qətiyyətlə pisləyib


Baxıldı : 241

Tarix : 2020-07-19 23:21:28


 

“İyulun 14-15-də paytaxtda Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiyanın cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi”.

Bu sözlər AHİK-in İcraiyyə Komitəsinin iyulun 15-keçirilmiş iclasında səsləndirildi. Tədbirdə çıxış edən  AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək bildirib ki, aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır. Orduya dəstək hər bir vətəndaşın borcudur və bu məqsədlə müxtəlif tədbirlər, aksiyalar keçirilə bilər. Lakin təəssüf ki, bəzi qüvvələr bu məqamdan da istifadə etməyə cəhd göstərdilər. Belə ki,  gecə saatlarında yaradılmış şəraitdən sui-istifadə halları müşahidə edildi, prosesə siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərildi. Eyni zamanda sosial şəbəkələr vasitəsilə həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə yalan məlumatlar yayıldı.
Hazırda sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlara ziddir, ən əsası isə şəhidlərin ruhuna hörmətsizlikdir.
Səttar Möhbalıyev deyib ki, ordumuza dəstək nümayişini xoş niyyətli, vətənpərvər aksiya hesab edir. İştirakçıların səsləndirdikləri Qarabağla, Milli Ordumuzla bağlı şüarlar, Ali Baş Komandana dəstək çağırışları, əlbəttə, səmimi idi və xoş niyyət daşıyırdı. Əfsuslar olsun ki,  bu, təxribatsız ötüşmədi,  təxribatçı qüvvələr yenə də fürsətdən istifadə edə bildi, öz xain və çirkin əməlindən qalmadı. Bir qrup təxribatçı və onlara uyanlar Milli Məclisin binasına basqın etdilər, mühafizəçilərə xəsarət yetirdilər, binanın içərisinə daxil olub dağıntı törətdilər. Bu adamların həmin anda ağılları başlarında idimi, yoxsa onlar nəyinsə və ya kiminsə təsiri altında idilər?
AHİK sədri sonda bildirib: Üzdəniraq ünsürlər, təxribatçılar yalnış olaraq belə düşündülər ki, Qarabağa gedən yol Milli Məclisdən keçir. Onları sərhəddə və daxildə qoruyan əsgər və polislərin nəqliyyat vasitələrini aşırıb, zərər yetirdilər. Bununla da həmin şəxslər bizləri müdafiə edərkən şəhid olmuş qəhrəmanlarımızın ruhuna hörmətsizlik etdilər. Biz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olaraq bildiririk ki, Azərbaycanı istəməyən, belə təxribat əməlləri ilə insanları çaşdırmağa çalışanların niyyətləri gözlərində qalacaqdır”.
Onlayn iclasda AHİK İcraiyyə Komitəsinin üzvləri də çıxış edərək təxribatçıların bu əməllərini qətiyyətlə pisləyiblər.