Ailə həkimi institutunun yaradılması gündəmdədir


Baxıldı : 187

Tarix : 2016-01-16 04:18:00


Uzun müddətdir cəmiyyətdə müzakirə olunan ailə həkimi institutunun reallaşması mümkün ola bilər. Yeni formalaşan parlament də \ Ailə həkimi haqqında\ qanunun qəbulu məsələsini diqqətdə saxlayıb. Parlamentin Səhiyyə Komitəsinin ilk iclasında bu qanunun qəbulunun vacib olduğu vurğulanıb. Maraqlıdır ki, ailə həkimi institutu bəzi ölkələrdə uzun müddətdir fəaliyyət göstərsə də, respublikamızda əhali arasında bununla bağlı yetərincə məlumat yoxdur. Ailə həkimi dedikdə hələ də bir çoxları bu statusu daşıyacaq həkimlərin iş fəaliyyətinin dəqiq nədən ibarət olacağını bilmir. Bəzən ailə həkimi sovet dövründə fəaliyyət göstərən sahə həkimi ilə dəyişik salınır. Ancaq sahə həkimlərinin fəaliyyəti dar çərçivədə məhdudlaşırdı. Belə ki, sahə həkimi uşaqlara və böyüklərə ayrı-ayrılıqda baxırdı. Ailə həkimləri üçün isə yaş həddi olmur. Yəni ailə həkimləri bütün ixtisaslardan xəbərdar olacaq və ailənin bütün üzvlərinə xidmət edəcək. Həmçinin hər hansı ailə üzvündə xəstəliyin ağırlaşması müşahidə olunarsa, xəstəxanaya göndərilməsinə göstəriş verəcək. Ona görə də bu həkimlər bütün xəstəliklərdən xəbərdar olmalıdırlar. Ailə həkimlərinin müayinə, profilaktiki yardım, xroniki xəstəliklərin müalicəsi işindən başı çıxmalıdır. Ailə həkimlərinin əsas vəzifəsi xəstəliklərin ilkin mərhələdə təyini, yayılmış xəstəliklərin profilaktikası və aşkara çıxarılması olacaq. Məqsəd bu xəstəliklərin yayılmasının və ağırlaşmasının qarşısını ilkin mərhələdə almaqdır. İlkin mərhələdə müalicə evdə aparılacaq, xəstənin ixtisaslaşmış mütəxəssislərə ehtiyacı olarsa, bu, ailə həkiminin göndərişi əsasında həyata keçiriləcək.Tibb sahəsində 24 illik təcrübəsi olan Vəfa Süleymanova deyir ki, ailə həkimi institutunun formalaşdırılması mühüm əhəmiyyət kəsb edir: \ Bizdə əksər insanlar yalnız xəstəlik şiddətləndikdən sonra həkimə müraciət edir. Amma orqanizmdə tez inkişaf edən xərçəng, qaraciyər kimi xəstəliklər vaxtında müalicə edilmədikdə əksər hallarda ölümlə nəticəlir. Amma ailə həkimi öncə ailənin bütün tibbi sirlərinə, genetik xəstəliklərinə yaxından bələd olacaq. Həmçinin həmin həkimlər ailə üzvlərində yeni yaranan xəstəliklərdən vaxtında xəbər tutacaq və lazımi tədbirləri görəcək. Digər tərəfdən, ailə həkimi institutunun formalaşması vətəndaşların büdcəsi üçün də münasib olardı\ .Parlamentin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, qanun layihəsinin hazırlanması zamanı bir çox ölkələrin təcrübəsi öyrənilib: \ Türkiyədə ailə həkimi əsasən ucqar rayonlarda, dağ kəndlərində fəaliyyət göstərir. Bir ailə həkimi orada təxminən böyüklü-kiçikli 3-4 min nəfərə tibbi xidmət göstərir. Hər bir xidmət göstərdiyi vətəndaşa görə 1 türk lirəsi məbləğində maaş alır. Əgər bizdə də hər 2-3 min ailə üçün bir həkim ayrılsa və ona hər insana görə xidmət pulu verilməsi müəyyənləşdirilsə, onda həmin ailə həkiminin maaşı xəstəxanada işləyən digər həkimlərin aldığı aylıq məvacibdən qat-qat yüksək olacaq. Ən yüksək ixtisaslı həkimlər çalışacaq ki, gedib rayonda ailə həkimi olsun. Aliə həkimləri üçün ayrılan xidmət pulunun bir hissəsini bələdiyyənin yerli büdcəsi, qalan hissəsini isə dövlət büdcəsindən də ayırmaq olar. Elə orada yaşayan insanların özləri də bələdiyyəyə tibbi xidmət üçün vergi ödəyə bilərlər\ .M.Quliyevin sözlərinə görə, belə bir qanunun qəbulu vacibdir: \ Azərbaycanda artıq ailə həkimi institutunun formalaşması prosesi başa çatıb. Hətta Azərbaycan Tibb Universitetinin ailə həkimi kafedrası mövcuddur və bu sahədə kifayət qədər mütəxəssis kadr var. Bu məsələ Milli Məclisin yaz sessiyasında yenidən müzakirə olunacaq. Qeyd edək ki, ailə həkimi layihəsi ilkin olaraq 5 pilot rayonda icra edilib. Abşeron, İsmayıllı, Ağdaş, Şəki və Qax rayonlarında bu layihə gözlənilən ümidləri doğruldub. Xalid AZƏR