Ailələr diqqətli olmalıdır


Baxıldı : 184

Tarix : 2016-02-19 04:29:00


Bu həftə Beyləqanda törədilən dəhşətli qətl hər kəsi şoka saldı. Beyləqan rayonunun Yuxarı Kəbirli kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirməsi cəmiyyətdə ciddi problemlərin olduğunu göstərdi. Bundan öncə də Gəncədə ananın öz övladlarının boğazını kəsməsi, paytaxtda atanın azyaşlı uşaqlarını güllələməsi əslində cəmiyyətə ciddi siqnal olmalıdır. Demək, ətrafımızda olan insanlardan istənilən halda təhlükə gələ bilər. Maraqlıdır, daim müqəddəsliyi ilə öyündüyümüz valideynlərin övladları, övladların valideynləri üçün hər şeydən keçməyə hazır olduğu ailə institutumuz nədən bu duruma düşüb?Məsələyə münasibət bildirən psixoloq Dəyanət Rzayev deyir ki, problemin kökü təkcə fərdlərlə bağlı deyil: \ Cəmiyyət üçün yararlı olmağın ən vacib xüsusiyyətlərindən biri fərdin psixi sağlam olmasıdır. Psixi sağlam olan insanın hadisələri analiz etmə qabiliyyəti, dəyərləndirmə bacarığı da sağlam olur. Bu da hadisələrə və insanlara verilən reaksiyaları təhlükəsizləşdirir. Tarixən hər kəs üçün həyatda ən vacib şəxslərdən biri də onun övladlarıdır. Əgər hər hansı bir şəxs 6 yaşlı övladını xüsusi amansızlıqla qətlə yetirirsə, sözsüz ki, burda psixoloji məqamlar mütləq təhlil olunmalıdır. Ola bilər atanın keçirdiyi kəskin emossional vəziyyət bu cür cinayətlə nəticələnən davranışın baş verməsinə səbəb olub. Ruhi xəstə və əsəb xəstəsi tamam başqa diaqnozlardır. İnsan əsəbi ola bilər, lakin bu onun ruhi xəstə olması demək deyil. Bəzən bu hadisələri affekt vəziyyətə düşən insanlar törədir. Affekt vəziyyət odur ki, insan özünü idarə edə bilmir, özünə də xəsarət yetirə bilər, başqalarını da öldürə bilər. Azərbaycanda normal psixoloji xidmət olsa, sahə müvəkkilləri, sahə həkimlərinin ailələrdəki xəstələrlə bağlı məlumatları olsa, həmin sahədəki qətllərin, bu cür hadisələrin qarşısını almaq mümkün olardı. Necə olur ki, insan evində balaca bir təmir işi aparanda sahə müvəkkilləri dərhal xəbər tutub gəlirlər, rüşvət alırlar, ancaq ailələrdə bu cür problemlər var və onların heç xəbəri də yoxdur. Ailələr də bu məsələdə diqqətli olmalıdır. Ailə üzvlərindən birində əsəbilik və ya psixi pozuntu varsa, psixoterapevtə müraciət etmək lazımdır. Bu məsələdə sahə həkimlərinin də üzərinə böyük iş düşür. Savadsızlıq, bilgisizlik, biganəlik, sosial problemlər bu cür hadisələrə gətirib çıxarır\ . Hüquqşünas Müzəffər Baxışov isə deyir ki, baş verən cinayət hadisəsinin hansı şəraitdə törədilməsini istintaq araşdıracaq: \ Azərbaycan qanunvericiliyinə görə, əgər ruhi xəstə ilə bir evdə yaşayan şəxslərin həyatına hər hansı bir təhlükə varsa, həmin şəxslər cəmiyyətdən təcrid olunmalıdırlar. Onlar xüsusi müəssisələrdə yerləşdirilməlidirlər. Ancaq bizdə insanlar qohumluq məsələlərinə çox önəm verirlər. Bu səbəbdən ruhi xəstələrin törədə biləcəyi təhlükələri əvvəlcədən proqnozlaşdıra bilmirlər. Vaxtında belə hadisələrin qarşını almaq və onları cəmiyyətdən təcrid etmək üçün məhkəməyə müraciət etmirlər. Əslində bu proseduralar həm Mülki Məcəllədə, həm də Cinayət Məcəlləsində cinayət törədən ruhi xəstələrə münasibətdə nəzərdə tutulub. Bütün bu müddəalar qanunvericilikdə var, lakin bunları tətbiq etmək lazımdır. Əgər onlar cəmiyyətdən təcrid edilməzsə, birgə yaşadıqları insanların həyatına təhlükə törədə bilərlər. Ruhi xəstələr vaxtında cəmiyyətdən təcrid edilmədikdə bu cür bədbəxt hadisələr baş verir. Amma adi halda əsəb xəstələri, ruhi xəstələr valideynlik hüququndan məhrum edilmir. Qanunvericiliyə görə, yalnız onların fəaliyyət qabiliyyəti məhdudlaşdırılır. Bu isə o deməkdir ki, həmin şəxslər sərbəst fəaliyyət göstərə bilmir. Onların üzərində qəyyum təyin olunur. Həmin şəxslərin hüquq və vəzifələrinin həyata keçirilməsinə qəyyum köməklik edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, ruhi xəstə olan şəxslər nikah münasibətlərinə daxil ola bilməzlər. Ancaq nikaha daxil olub sonradan ruhi xəstəliyə tutulubsa, onun valideynlik hüquqlarından məhrum edilməsi ilə bağlı qanunvericlikdə hər hansı müddəa yoxdur\ .Amma istənilən halda ailələrə də sosial nəzarət həyata keçirilməlidir. Cəmiyyətdə olan ümumi gərginliyin belə faciələrə səbəb olmasını əngəlləmək üçün ailələrlə mütəmadi iş aparılmalıdır.Xalid AZƏR