Ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzi necə ödənilir?


Baxıldı : 45

Tarix : 2019-03-07 05:30:57


Ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzi necə ödənilir?

Zərifə QULİYEVA,

Quba rayonu.

- Mülki Məcəllənin 1121-ci maddəsinə əsasən, zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır:

- ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər;

- şəxsin ölümündən sonra doğulmuş uşağı;

- ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq;

- ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər.

İşləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır.

Məcəlləyə uyğun olaraq zərərin əvəzi aşağıdakılara ödənilir:

- yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək;

- on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək;

- əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - ömürlük;

- əlillərə - əlillik müddəti üçün;

- ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək.    

 

Yaşayış sahələrindən fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilirmi?

 

Yusif MİRZƏYEV,

Sumqayıt şəhəri.

- İlk növbədə onu qeyd etmək lazımdır ki, yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır.

Mənzil Məcəlləsinin 14-cü maddəsinə əsasən, yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə o şərtlə yol verilir ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın.

Amma yaşayış sahələrində sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir.

 

Etibar edilmişi başqa şəxsə etibar etmə mümkündürmü?

    

Rauf RAMAZANOV,

Şəki şəhəri.

 

Mülki Məcəllənin 363.3-cü maddəsinə əsasən, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.

Mülki qanunvericiliyin tələblərinə görə,səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.

Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz.