Akademiya əməkdaşları pulsuz müayinə olundular


Baxıldı : 225

Tarix : 2018-01-19 19:16:21


Yanvarın 11-12-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası İnformasiya Texnologiyaları Mərkəzi Elmi Kitabxananın, Ədəbiyyat, Dilçilik, Riyaziyyat və Mexanika, İqtisadiyyat, Coğrafiya, Tarix, Memarlıq və İncəsənət, Şərqşünaslıq, Elm Tarixi, Fəlsəfə, Hüquq və İnsan Haqları, İdarəetmə Sistemləri institutlarının əməkdaşlarını pulsuz müayinədən keçirdi. Humanitar aksiyada əməkdaşların görmə itiliyi, göz təzyiqi yoxlanıldı və zəruri müalicə tədbirləri müəyyənləşdirildi.

Mərkəzin eksimer-lazer şöbəsinin əməkdaşı, tibb üzrə fəlsəfə doktoru, oftalmoloq, cərrah Aygün Səfərova göz müayinəsinin keçirilməsi üçün səyyar klinikanın geniş texniki imkanlara malik olduğunu qeyd etdi. Bildirdi ki, aparılan müayinələr zamanı əsas etibarilə quru göz sindromu və spazm kimi patalogiyalar aşkarlanmışdır ki, bu da kompüterlə sıx təmasda olan insanlar üçün xarakterikdir. Kompüterdən mütəmadi istifadə edən şəxslərə ildə iki dəfə müayinədən keçməyi, müalicəvi göz damcılarından istifadə etməyi, iş otağının havasını tez-tez dəyişməyi məsləhət gördü.

A.Səfərova bu aksiyanın AMEA-nın digər institut və təşkilatlarında da keçiriləcəyinin nəzərdə tutulduğunu diqqətə çatdırdı.

Qeyd edək ki, Milli Oftalmologiya Mərkəzi həm Bakıda, həm də bölgələrdə göz xəstəlikləri ilə bağlı əhali arasında geniş maarifləndirmə tədbirləri aparır, oftalmoloji xəstələrin müayinəsi və müalicəsi sahəsində aksiyalar keçirir.

 Əsli ƏHMƏDOVA