Akademiyanın 10 illiyi qeyd edildi


Baxıldı : 388

Tarix : 2016-12-24 05:25:54


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) böyük iclas zalında bu təhsil ocağının 10 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə öncə Akademiyanın fəaliyyətinin 10 illiyinə həsr olunmuş video-çarx nümayiş etdirildi. Sonra Akademiyanın rektoru, professor Hüseyn Qaraşov Azərbaycan təhsilinin keçdiyi inkişaf yolundan, dövlət başçısının bu sahənin inkişafı ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan söz açdı.

Bu istiqamətdə AƏSMA-da həyata keçirilən tədbirlərdən,  xüsusilə son illər ərzində tədrisin təşkili mexanizmi, fəaliyyət strategiyası, maddi-texniki bazanın genişləndirilməsi və əsas hədəflər barədə ətraflı məlumat verdi.

Hüseyn müəllim Akademiyanın və onun sələfi olmuş təhsil qurumlarının tarixinə geniş ekskurs etdi.

Daha sonra bildirdi ki, Akademiya təkcə ixtisas bilikləri verməklə kifayətlənmir. Məlumdur ki, tələbələr gənclik həyatının 4 ilini bu ali məktəbdə keçirir. Bu müddət ərzində onların həm də bir vətəndaş kimi formalaşması prosesi gedir. Ona görə də biz valideynlərlə əlaqəli işləməyi vacib sayırıq. Onlarla telefon əlaqəsi saxlayır, əyani görüşlər təşkil edirik.

Çıxışının sonunda H.Qaraşov bildirdi  ki, ölkəmiz zəngin milli, mənəvi dəyərlər sistemi, iqtisadi nailiyyətləri ilə dünyada öz sözünü deyib. Bu nailiyyətlərin uğurlu ənənə kimi gənc nəslə ötürülməsi bu gün yaşlı nəslin, xüsusilə müəllimlərin qarşısında duran vəzifələrdəndir. Biz işimizi bu vəzifəyə uyğun qururuq.

Rektor AHİK sədrinə müraciətlə dedi: Hörmətli Səttar müəllim! Bundan sonra da kollektivimiz bu vəzifələrin öhdəsindən gəlmək üçün var gücü ilə çalışacaqdır. Əlbəttə, bu gün bayram əhvali-ruhiyyəsi ilə nailiyyət kimi qiymətləndirdiklərimiz bizi sevindirsə də, tam qane etmir. Bu baxımdan, xüsusilə istər ölkəmizdə, istərsə də ölkəmizdən kənarda olan məzunlarımıza və hazırda təhsilini davam etdirən gənclərimizə gələcək fəaliyyətlərində uğurlar arzulayır və bu istiqamət üzrə aparılan işlərin daha da intensiv olacağına ümid edirəm.  

Tədbirdə Akademiyanın təsisçisi olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Rusiya Federasiyası Sosial Elmlər Akademiyasının akademiki, professor Səttar Mehbalıyev çıxış etdi. Dedi, birinci növbədə Akademiyanın kollektivini və respublikamızın bütün həmkarlar ittifaqlarını bu əlamətdar gün münasibətilə təbrik edirəm.

 Akademiya Azərbaycan həmkarlar ittifaqları orqanları və ümumiyyətlə, respublikamızın əmək və sosial sahələri üçün kadr hazırlamaq məqsədilə yaradılıb. Sevindirici haldır ki, Akademiyanın məzunları qeyd etdiyim sahələrdə uğurla çalışır, mütəxəssis kimi özlərini təsdiqləyirlər.

Akademiyanın rektoru Hüseyn müəllim həmkarlar ittifaqının təhsil müəssisəsinin tarixi, bugünkü fəaliyyəti haqqında ətraflı məlumat verdi. Akademiya az müddətdə çox işlər görüb. İstər tədrisin keyfiyyəti, istərsə də maddi-texniki bazanın möhkəmləndirilməsi sahəsində Akademiyanın qazandığı nailiyyətlər hamımızı sevindirir.

Akademiya ali təhsilli mütəxəssis yetişdirməklə bərabər həmkarlar ittifaqı kadr və fəallarının hazırlığının təşkilində də səmərəli fəaliyyət göstərir. Bu sahəyə Akademiyanın müəllimləri ilə yanaşı, müvafiq dövlət orqanlarında çalışan mütəxəssislər dəvət olunur ki, bu da kursların səmərəliliyini daha da artırır.

Akademiyanın ölkə və xarici ali məktəblər ilə əlaqələri də qənaətbəxşdir. Gələcəkdə bu əlaqələri daha da artırmaq lazımdır.

Xüsusi olaraq tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflıq prinsipinə əməl olunmasına görə bütün pedaqoji heyətə təşəkkür edirəm.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nın başlıca məqsədlərindən biri insan kapitalının inkişafıdır.

Şübhəsiz ki, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının pedaqoji heyəti gələcəkdə də strategiyada nəzərdə tutulan müasir təhsilin tələblərinə cavab verəcək uğurlar qazanacaqdır.

Daha sonra Səttar müəllim Azərbaycan həmkarlar ittifaqlarının keçdiyi çətin inkişaf yolundan və ümummilli lider  Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikada həmkarlar ittifaqına olan münasibətdən danışdı. O bildirdi ki, H.Əliyev işçilərin əmək hüququnun və mənafelərinin müdafiə olunması sahəsində həmkarlar ittifaqlarının xidmətlərini həmişə yüksək qiymətləndirmişdir.

S.Mehbalıyev çıxışının sonunda beynəlxalq standartlara cavab verən yüksək səviyyəli kadrların hazırlanması işinin məsuliyyətindən, ictimai həyatda təhsilin vacibliyindən danışdı, qısa müddət ərzində müəyyən inkişaf yolu keçən Akademiyanın bundan sonra da mühim uğurlar əldə edəcəyinə inandığını bildirdi.

Akademiyanın "Ümumi riyaziyyat və təbiət elmləri fənləri" kafedrasının müdiri, dosent Süleyman Şirinov isə son illərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, təhsilin yeni texnologiyalar əsasında təşkilində qazanılan ciddi uğurlar, fakültələrdə və kafedralarda elmi-tədqiqat və elmi-metodik işlərin planlaşdırılması, dərslik və dərs vəsaitlərinin, proqramların yazılması və kadr hazırlığına göstərilən yüksək qayğıdan danışdı.

Təhsil aldıqları bu müqəddəs ocağın yubiley gününə xeyli sayda məzun da qatılmışdı. Onlardan bir neçəsi söz alıb kürsüyə qalxdı.

2005-ci il məzunlarından Ədliyyə Nazirliyində vətəndaşların qəbulu üzrə aparıcı mütəxəssis vəzifəsində çalışan Mirtale Muxtarov bu gün istehsalatda əldə etdiyi uğurlara görə Akademiyanın pedaqoji kollektivinə, şəxsən AHİK sədri, millət vəkili Səttar Mehbalıyevə təşəkkürünü bildirdi.

2012-ci il məzunu, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında baş təlimatçı işləyən Rahil Şükürov isə ümummilli lider H.Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin təhsilə və gənclərin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açdı. Ölkə başçısının yüksək etimadını doğruldacaqlarına söz verdi. 

2013-cü il məzunu, Kənd Təsərrüfatı Nazirliyi Cəlilabad Rayon İdarəsinin Maliyyə Şöbəsində çalışan Lalə Əhmədli Akademiyada tələbələrə oxumaq üçün yaradılan şəffaf təhsil mühitindən və bu təhsil müəssisəsinin üstün cəhətlərindən danışdı.

Valideynlər də öz təəssüratlarını, ürək sözlərini tədbir iştirakçıları ilə bölüşdülər.

"İqtisadiyyat" fakültəsinin 2-ci kurs tələbəsi Kənan Bağırovun valideyni Sevda xanım qeyd etdi ki, "Burada tələbə-müəllim münasibətlərinin doğmalığı, Akademiya kollektivinin valideynlərlə sıx əməkdaşlığı, tədrisin keyfiyyətli təşkili və yaradılan şəffaf mühit, bir valideyn olaraq, məni çox sevindirir. Mənim bir övladım bu Akademiyanın məzunudur. Bildirmək istəyirəm ki, digər övladımın da buraya qəbul olmasına çox sevindim. Ümid edirəm ki, övladımız burada gördüyü şəffaf mühiti öz əmək fəaliyyətində də tətbiq edəcəkdir. Bütün valideynlər adından övladlarımızın həm insan, həm də ixtisaslı kadr kimi yetişməsində və formalaşmasında zəhməti olan pedaqoji kollektivə, xüsusilə də rektor Hüseyn Qaraşova təşəkkür edir və çox sağ olun deyirəm.

1-ci kurs tələbəsi Zaur Şükürovun valideyni Zahidə xanım, 1-ci kurs tələbəsi Sayad Xanbabayevanın valideyni İlhamə xanım da çıxış edərək AHİK-in, Akademiyanın rəhbərliyinin ünvanına xoş sözlər söylədilər. Mükəmməl təhsilə görə təşəkkürlərini bildirdilər.        

Tədbirdə 10 illik münasibətilə təhsilimizin inkişafı yolunda göstərdikləri xidmətlərə görə, Akademiyanın bir neçə əməkdaşına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri fərmanları təqdim olundu.

Rəsmi hissənin sonunda Azərbaycandan kənarda və respublikamızın regionlarında yaşayan və işləyən bəzi məzunların təbriklərinin səsləndiyi videoçarx nümayiş etdirildi.

Tədbir Akademiyanın özfəaliyyət dərnəyinin hazırladığı maraqlı konsert proqramı ilə yekunlaşdı. 

Xaqani MƏMMƏDOV,

Azərbaycan Əmək və Sosial

Münasibətlər Akademiyasının müəllimi