Akademiyanın 10 illiyi qeyd olundu


Baxıldı : 42

Tarix : 2018-06-13 23:21:55


Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının 10 illiyi münasibətilə tədbir keçirilmişdir. Akademiyanın binasında baş tutmuş tədbirin təşkilatçısı nazirlik işçilərinin həmkarlar ittifaqı olmuşdur. İttifaqın sədri Mehman İsmayılov tədbirdə çıxış etmişdir. O bu təhsil ocağının müəllim və şəxsi heyətini təbrik etmiş, onlara yeni nailiyyətlər arzulamışdır. Demişdir ki, ölkə başçısının rəhbərliyi altında təhsil sahəsində aparılan islahatlar nazirliyin akademiyasında da kadr hazırlığının keyfiyyətini artırmışdır. Bu gün fəxrlə deyə bilərik ki, respublika ərazisində baş verən fövqəladə halların operativ, peşəkarcasına aradan qaldırılmasında akademiyanın məzunlarının da əməyi böyükdür.

Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov tədbirin təşkilinə və söylənən xoş sözlərə, təbriklərə görə həmkarlar ittifaqına, onun sədri Mehman İsmayılova təşəkkürünü bildirmişdir. Sonra o, akademiyanın keçdiyi 10 illik yola nəzər salmışdır. Bu müddət ərzində qazanılan uğurlardan danışmışdır. Demişdir ki, akademiyanın müasir tələblər səviyyəsində formalaşması, təchizatı, fəaliyyət göstərməsi nazirliyin rəhbərliyinin bilavasitə diqqət və qayğısının nətiəsidir.

Toplantının sonunda xidmətdə və ali təhsil müəssisəsinin ictimai həyatında fərqlənmiş 25 nəfər əməkdaşa həmkarlar ittifaqının Fəxri Fərmanı və qiymətli hədiyyələri təqdim olundu.