Aktual məsələlər müzakirə olundu


Baxıldı : 23

Tarix : 2019-10-04 17:56:04


Sentyabrın 27-də Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin növbəti iclası olmuşdur. Respublika Komitəsinin sədri Hikmət Osmanov iclasın gündəliyini təqdim etmiş və giriş sözü söyləmişdir. O, dövlətimizin apardığı ciddi, inqilabi islahatlar dövründə həmkarlar ittifaqının vəzifələri barədə danışmışdır. Bu vəzifələrin layiqincə yerinə yetirilməsi işində peşəkar kadrların hazırlığını mühüm məsələ adlandırmışdır.

Bildirmişdir ki, ittifaqımızın uğurlarının əsasında məhz kadr seçiminə, gənc kadrların hazırlığına ayırdığımız böyük diqqət durur.

Sədr digər aktual məsələlərə də toxunmuş, həmkarlar ittifaqı liderlərini və fəallarını dövlətimizin sosial siyasətinin həyata keçirilməsində daha fəal mövqe tutmağa çağırmışdır.

Sonra gündəlikdə duran məsələlərə baxılmışdır.

Kürdəmir, Şabran rayon komitələrinin sədrləri Şaiq Qəribovun və Allahverdi Qasımzadənin, Xüsusi Dövlət Mühafizə Xidməti Əsaslı Tikinti İdarəsinin rəisi Füzuli Məmmədovun yubileyləri münasibətilə Respublika Komitəsinin Fəxri Fərmanı və qiymətli hədiyyələrlə təltif olunmalarına dair qərar müzakirə edildi.

Sabunçu, Xocalı, Zərdab rayon komitələrinə yeni seçilmiş sədrlər təsdiq olundu.

Rəyasət Heyəti xidmət sahəsinə daxil olan müəssisələrdə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının tətbiqi və ona ilk təşkilatların nəzarətinin həyata keçirilməsi vəziyyətinə münasibət bildirdi.

İclasda digər məsələlər də müzakirə obyekti oldu. Sonda müvafiq qərarlar qəbul edildi.