Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin VII qurultayında Azərbaycan  Həmkarlar  İttifaqları  Konfederasiyasının  sədri, Milli Məclisin deputatı , BHİK-in vitse-prezidenti Səttar Möhbalıyevin  ÇIXIŞI


Baxıldı : 61

Tarix : 2019-09-27 17:52:39


Hörmətli qurultay nümayəndələri!

Böyük məmnuniyyətlə Sizi - qurultayınızın iştirakçılarını öz adımdan və Azərbaycan həmkarlar ittifaqlarının bütün üzvləri adından salamlayır, qurultayın işinə müvəffəqiyyətlər arzulayıram.

Hörmətli qurultay nümayəndələri!

Azərbaycan ilə Albaniya arasında olan əlaqələr uzun illərdir uğurla inkişaf etməkdədir. Dövlət rəhbərlərimizin səyi nəticəsində bu uğurlu inkişaf bu gün davam etdirilməkdədir.

Azərbaycan və Alban xalqları etnik və mədəni dəyərlər baxımından da bir - birlərinə çox yaxındırlar. Cari ilin martında prezidentlərimizin 7-ci Qlobal Bakı Forumundakı son görüşlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan Albaniya ilə olan ikitərəfli münasibətlərə böyük əhəmiyyət verir.

Albaniya Respublikasının Prezidenti cənab İlir Meta öz növbəsində bildirib ki, Albaniya da müxtəlif sahələrdə, xüsusilə də turizm sahəsində Azərbaycan ilə əlaqələrin genişləndirilməsində, həmçinin Albaniyada Azərbaycanın yerli qaz təchizatı sisteminin yaradılmasında maraqlıdır. Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdikləri və hər zaman bir-birinə dəstək verdikləri vurğulanıb. Azərbaycanın Albaniya ilə birgə həyata keçirdiyi layihələr əməkdaşlığımızı daha da möhkəmləndirir.

Dövlət başçılarımızın görüşlərinin və onların arasında bağlanmış müqavilələrin böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, öz növbəmizdə biz də bütün razılaşmaların həyata keçirilməsində fəal iştirak etməklə, respublikalarımızın həmkarlar ittifaqlarının qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsinə xüsusi diqqət yetiririk.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyi arasında uzunmüddətli münasibətlər vardır. Biz Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və digər beynəlxalq təşkilatlar tərəfindən keçirilən tədbirlərdə mütəmadi olaraq görüşürük. Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin nümayəndə heyəti keçən il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında, hazırda isə biz sizin ali orqanınızın qurultayında iştirak edirik və bu bir ənənə halını alıb. Cari ilin may ayında Beynəlxalq Əmək Təşkilatının respublikamızda keçirilən tədbirində cənab Gezim Kalajanın iştirakını və onunla görüşümüzü çox yaxşı xatırlayıram. O görüşdə biz cənab Kalaja ilə birlikdə Azərbaycan və Albaniya həmkarlar ittifaqları arasında yaranan yüksək səviyyəli münasibətləri bir daha müzakirə etməklə “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyi arasında əməkdaşlıq haqqında” sazişi imzaladıq.

Təkcə bu sazişin imzalanması bizim həmkarlar ittifaqı ilə Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyi arasında çox yaxın əlaqələrimizin olduğunun göstəricisidir.

Hörmətli qurultay nümayəndələri!

Fürsətdən istifadə edərək respublikamızda son illər sosial sahədə həyata keçirilən uğurlu islahatlar haqqında sizə danışmaq istəyirəm. Hesab edirəm ki, həmkarlar ittifaqlarının dəstəklədiyi bu islahatlar sizin üçün də maraqlı olar. Həyata keçirilən islahatlar ölkəmizdə işsizliyin səviyyəsini 5 faizə, yoxsulluğun səviyyəsini isə 5,1 faizə endirmişdir.

Cari ilin əvvəlindən başlayaraq isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 sosial paket təsdiqləndi. Beləliklə, 2 sosial paket 4,2 milyon insanı əhatə edir. İki sosial paketin maliyyə tutumu bu il üçün 1,35 milyard, gələn il üçün isə 1,76 milyard ABŞ dolları dəyərindədir. Bu isə o deməkdir ki, Azərbaycanda 1 il ərzində 2 dəfə minimum əməkhaqqı və minimum pensiya artırılıb. Ölkəmiz bu göstərici üzrə Müstəqil Dövlətlər Birliyində müvafiq olaraq birinci yerdə qərarlaşıb.

Azərbaycan dövləti əldə edilən əlavə gəlirlərin, demək olar ki, tam həcmini sosial sahəyə yönəldir. Bir sözlə, sosial sahə bizim respublika üçün prioritet sahədir və hər zaman bu sahə ölkə rəhbərliyinin diqqət mərkəzində olub, bu gün də belədir.

Dağlıq Qarabağ münaqişəsi haqqında, yəqin ki, məlumatınız vardır. Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikası ərazisinin təxminən beşdə biri işğal olunub. 20.000 insan həlak olub, 50.000 nəfər yaralanıb, əlil olub və Azərbaycan Respublikasının təxminən 5000 vətəndaşı indiyədək itkin düşüb. Azərbaycan Respublikasına qarşı təcavüz ölkənin sosial-iqtisadi həyatına ciddi ziyan vurub. İşğala son qoyulması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi dörd qətnaməyə Ermənistan Respublikası əməl etməyərək işğalçılıq siyasətini davam etdirir.

Onlar atəşkəs xətti boyu Azərbaycan əsgərləri ilə yanaşı, ətraf ərazilərdə yaşayan dinc əhaliyə də atəş açır, onları qətlə yetirirlər. Ölkə daxilində təxminən hər 8 nəfərdən biri qaçqın və köçkünə çevrilib. Məcburi köçkün düşmüş vətəndaşların da sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılaraq onların müavinətləri də ölkə rəhbərliyi tərəfindən 50 faiz artırılıb.

Hörmətli həmkarlar!

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu gün 26 üzv təşkilatı və milyon yarıma yaxın üzvü öz ətrafında  birləşdirir. Konfederasiyanın tabeliyində “Ülfət” qəzeti, “Kurort” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyi, Əmək və Sosial Münasibətlər Akademiyası, Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyi, Turizm və Ekskursiyalar Şurası fəaliyyət göstərir. Biz hər il Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Baş Kollektiv Saziş imzalayırıq. Baş Sazişdə işçilərin sosial-iqtisadi mənafeləri ilə bağlı tələblər öz əksini tapır.

Son illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü ilə “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununda, Əmək və İnzibati Xətalar məcəllələrində və digər qanunlarda işçilərin mənafelərinin müdafiəsi ilə bağlı bir sıra dəyişikliklər və əlavələr edilib. İndi Azərbaycanda, mülkiyyət formasından asılı olmayaraq, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

İşəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından mühasibatlıq vasitəsilə həmkarlar ittifaqına üzvlük haqlarının tutulmasının təmin edilməməsinə və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməməsinə görə vəzifəli şəxslərin min manatdan min bez yüz manatadək məbləğdə cərimə edilməsi də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində öz əksini tapmışdır.

Hörmətli qurultay nümayəndələri!

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti kimi, hesab edirəm ki, BHİK-in IV qurultayında qarşımıza qoyulan tələblərin həyata keçirilməsi ilə bağlı üzərimizə düşən vəzifələr barədə düşünməliyik.

Belə ki, qurultayın yekun sənədində BHİK-in üzv təşkilatları bir sıra tapşırıqların yerinə yetirilməsini öhdəlik kimi götürmüşlər. Bu öhdəliklərin həmkarlar ittifaqı birliyiniz tərəfindən yerinə yetiriləcəyinə heç bir şübhəmiz yoxdur.

BHİK-in üzvlərinin sayının 250 milyona çatdırılması, kollektiv danışıqlar vasitəsilə minimum əməkhaqqının və sosial müdafiənin artırılması, diskriminasiya və rasizm hallarına qarşı mübarizənin gücləndirilməsi, gender bərabərliyinin azaldılması əsas hədəflərdəndir.

Bir sözlə, BHİK-in gələcək 4 fəaliyyət istiqaməti müəyyənləşmişdir. Bunlar hüquq və dinc demokratiya, iqtisadi gücün tənzimlənməsi, qlobal dəyişikliklər və bərabərliyin təmin olunmasıdır.

Hesab edirəm ki, siz, beynəlxalq həmkarlar ittifaqlarının üzv təşkilatlar üçün verdiyi tövsiyələri nəzərə almaqla, orada qaldırılan məsələlərin həlli üçün bütün imkanlarınızı səfərbər edəcəksiniz.

Sizi bir daha VII qurultayınız münasibətilə təbrik edirəm və ümid edirəm ki, bu gün qəbul edəcəyiniz qərarlar üzvlərinizin sosial-iqtisadi hüquqlarının qorunmasına, sosial problemlərinin həllinə sanballı töhfələr verməklə yanaşı, ümumilikdə həmkarlar ittifaqlarınızın işçilərin sosial problemlərinin həllində mübarizliyini bir daha artıracaqdır.

Diqqətinizə görə təşəkkür edirəm!