Ali məktəb tələbələri arasında futzal turnirinin açılış mərasimi olub


Baxıldı : 62

Tarix : 2017-12-01 22:27:59


Noyabrın 28-də Bakı Ali Neft Məktəbinin yeni kampusunun idman zalında Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında keçirilən futzal turnirinin açılış mərasimi olub.

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov çıxış edərək ölkəmizdə təhsilin, mədəniyyətin və idmanın inkişafı üçün geniş imkanlar yaradıldığını vurğulayıb. O, bildirib ki, Prezident İlham Əliyevin idmanın inkişafına qayğı və diqqətinin göstəricisidir ki, respublikamızın bütün bölgələrində müasir tələblərə cavab verən olimpiya kompleksləri tikilərək gənclərimizin ixtiyarına verilib. Tələbələr arasında futzal yarışlarının keçiriləcəyi bu məkan da  gənclərə  xüsusi önəm verilməsinin bariz nümunəsidir.

E.Qasımov deyib ki, ənənəvi olaraq hər il keçirilən bu çempionatın əsas məqsədi ali məktəb tələbələri arasında idmana marağının və həvəsinin daha da artırılması, onlar arasında dostluq əlaqələrinin qurulması, mübarizliyin formalaşmasıdır. Rektor kampusun idman zalından bütün təhsil ocaqlarının tələbələrinin istifadə etməsini tövsiyə etdi.

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, əldə olunan nailiyyətlərdən bəhs edib. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətinin əhəmiyyətini qeyd edərək, ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədilə Azərbaycan Prezidenti idmanın inkişafı üçün bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalayıb, respublikanın bütün bölgələrində müasir tələblərə cavab verən olimpiya kompleksləri tikilib gənclərimizin ixtiyarına verilib. Ölkə başçısının 15 sentyabr 2017-ci il tarixində imzaladığı "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamı və dövlət proqramında nəzərdə tutulan tədbirlər bu istiqamətdə həyata keçirilən dövlət siysətinin göstəricisidir. Bütün bunlar isə gənclərimizin həm təhsilinə, həm də asudə vaxtlarının səmərəli keçirilməsinə, həm də sağlam böyümələrinə  xidmət edir.

S.Möhbalıyev bildirib ki, bu gün minlərlə Azərbaycan gənci dünyanın inkişaf etmiş ölkələrinin aparıcı ali təhsil müəssisələrində dövlət hesabına təhsil alır. Onların gələcəkdə layiqli vətəndaş kimi yetişərək respublikamıza xidmət etmələri üçün hər cür şərait yaradılıb.

AHİK sədri deyib ki, TİAHİ Respublika komitəsinin təşkilatçılığı ilə hər il ali məktəb tələbələri arasında spartakiadalar, universiadalar və idmanın digər növləri üzrə yarışlar, intellektual oyunlar keçirilir. Tələbələr bu yarışlara həvəslə qoşulurlar.

Bu yarışları təşkil etməkdə Respublika Komitəsinin əsas məqsədi gənclərin idmana maraqlarını artırmaqla, onlar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə, istedadlı idmançıların aşkara çıxarılmasına, habelə onların asudə vaxtlarını səmərəli keçirmələrinə nail olmaqdır.

Millət vəkili həmçinin AHİK-in tələbə və gənclərin hərtərəfli inkişafı üçün müxtəlif tədbirlər reallaşdırdığını da diqqətə çatdırıb.

Sonra S.Möhbalıyev ali məktəb tələbələri arasında keçirilən futzal yarışını açıq elan edib. İştirakçılara uğurlar arzulayıb.

Qeyd edək ki, futzal üzrə çempionatda 19 ali məktəbin komandası iştirak edir. Komandalar üç yarımqrupda mübarizə aparır. Hər yarımqrupda birinci və ikinci yeri tutanlar növbəti mərhələyə vəsiqə qazanacaq. Turnirin sonunda I, II, III yerləri tutan komandalar kuboklar, medallar və diplomlarla təltif olunacaq. Həmçinin fərqlənən idmançılara AHİK tərəfindən hədiyyələr təqdim ediləcək.

Azər MUSTAFAYEV