Ali məktəbin III kursunda qiyabi təhsil alıram, həm də 4 aydır ki, işləyirəm


Baxıldı : 38

Tarix : 2019-08-23 15:41:11


Ali məktəbin III kursunda qiyabi təhsil alıram, həm də 4 aydır ki, işləyirəm. Mən əmək məzuniyyətinə çıxa bilərəmmi?

 

Samirə ƏSGƏROVA,

Sumqayıt şəhəri.

 

 

- Əmək Məcəlləsinin “Əmək məzuniyyətlərinin verilməsində növbəlilik” adlanan 133-cü maddəsinə əsasən, istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər. Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqı təşkilatının, o olmadıqda isə, işçinin rəyi öyrənilməklə, işəgötürən tərəfindən təsdiq edilir. Həmin maddənin 3-cü hissəsində əmək məzuniyyəti onların arzusu ilə əlverişli olan vaxtda verilə bilən işçilərin siyahısı göstərilmişdir. Bunlardan biri də işləməklə yanaşı təhsil alan şəxslərdir. ƏM-ə əsasən, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay işlədikdən sonra əmələ gəlir. Lakin bu minimum müddət, yəni 6 ay əmək stajı Sizə şamil edilməyəcək.

Eyni zamanda bildiririk ki, əmək məzuzuniyyətindən həmin maddənin 4-cü hissəsinin “e” bəndinə əsasən, kurs işlərinin və ya imtahanların verildiyi, diplomun müdafiə edildiyi vaxtda istifadə edə bilərsiniz.

 

18 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqı”nın artırılaraq 01 sentyabr 2019-cu il tarixdən 250 (iki yüz əlli) manat olması haqqında sərəncamının təkcə müəyyən olunmuş minimum əməkhaqqından az maaş alanlara, yoxsa vahid tarif cədvəli ilə maaş alan digər dərəcələrə (3-cü dərəcədən 19-cu dərəcəyədək) də şamil olunub-olunmaması haqqında məlumat verməyinizi xahiş edirik.

Zahid YAQUBOV,

“Azdövsutəslayihə” İnstitutu Həmkarlar İttifaqı Komitəsinin sədri.

 

- Əmək Məcəlləsinin 155-ci maddəsinin 2-ci hissəsində deyilir ki, minimum əməkhaqqı -iqtisadi, sosial şərait nəzərə alınmaqla- qanunvericilikdə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

Minimum əməkhaqqının məbləği müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilir.

Buna görə də Azərbaycan Respublikasının Prezidenti vaxtaşırı imzaladığı sərəncamlarla ixtisassız əməyə görə müəyyən edilmiş minimum əməkhaqqını artırır ki, bundan da əhalinin sosial müdafiəsi zəif olan hissəsi yararlanır.

Lakin qeyd etdiyiniz sərəncamla aylıq tarif dərəcəsi ilə çalışanların əməkhaqlarının artırılması barədə tədbirlər görülməsi nəzərdə tutulmuşdur. Həmin Sərəncamla Nazirlər Kabinetinə tapşırılmışdır ki:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının, o cümlədən Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin də bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasına dair təkliflərin üç ay müddətinə hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin.

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən müəyyənləşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğləri bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılsın.

Qeyd edək ki, artıq bu işə başlanılmış, dövlət büdcəsindən maliyyələşən ayrı-ayrı sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin artırılması haqqında da sərəncamlar imzalanmışdır.

 

Torpaqlar dövlət ehtiyacları üçün hansı hallarda alına bilər?

 

Səlim VƏLİYEV,

Bakı şəhəri.

 

- Torpaqlar dövlət ehtiyacları üçün ancaq “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda nəzərdə tutulan hallarda alına bilər. Qanunun 3-cü maddəsinə əsasən, torpağın alınmasına əsas verən dövlət ehtiyacları aşağıdakılardır:

- dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması;

- sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi;

- müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi;

- dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi;

- dəniz limanının ərazisinin artırılması.

Qanunda nəzərdə tutulan bu hallardan başqa heç bir şəxs dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması təsirinə məruz qala bilməz.