Ali təhsil müəssisələrinin tələbələri arasında bədii yaradıcılıq müsabiqə-festivalı


Baxıldı : 70

Tarix : 2020-03-14 17:37:47


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə ali təhsil müəssisələrinin tələbələri arasında bədii yaradıcılıq müsabiqə-festivalının keçirilməsi barədə Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi qərar qəbul edib.

Müsabiqənin keçirilməsi ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, adət-ənənələrimizə hörmət ruhunda yetişdirmək məqsədi daşıyır.

Müsabiqə-festivalda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin (musiqi təmayüllü ali təhsil müəssisələri istisna edilməklə) əyani şöbələrində təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, onlardakı solo ifaçılar, həvəskar müğənni, rəqqaslar, bədii qiraətçi, musiqiçilər, həmçinin orkestr və ansambllar (xor, xalq çalğı alətləri, estrada, vokal-instrumental, simli alətlər, aşıqlar və s.), rəqs kollektivləri (milli, müasir, bal və s.), solo ifaçılar (bədii qiraətçilər, müxtəlif musiqi alətlərində ifa edən fərdi ifaçılar, solo ifaçılar və s.) iştirak edə bilərlər. İfaçıların çıxışlarında folklorumuzdan, dünya və Azərbaycan klassiklərinin, müasir şair və bəstəkarların əsərlərindən istifadə etməklə yanaşı, doğma vətənimizə məhəbbət, torpaqlarımızın azadlığını və ölkəmizin ərazi bütövlüyünü tərənnüm edən əsərlərə də geniş yer verilməlidir.

Müsabiqə-festival iki mərhələdə keçirilir. Birinci mərhələ zonalar üzrə martın 18-dək ali təhsil müəssisələrində yaradılmış münsiflər heyətinin rəhbərliyi və bilavasitə iştirakı ilə yerlərdə aparılacaq. Ali təhsil müəssisələrinin tərkibində yaradılmış münsiflər heyəti müvafiq təhsil müəssisəsinin bədii-özfəaliyyət kollektivlərinin, solo ifaçıların baxışını keçirərək ikinci mərhələ üçün namizədləri seçəcək. İkinci mərhələ aprelin 22-dək Bakı, Gəncə, Lənkəran, Mingəçevir və Sumqayıt şəhərlərində keçiriləcək (zaman, məkan, iştirakçılar barədə məlumatlar təhsil müəssisələrinə əlavə olaraq göndəriləcək). İkinci mərhələnin nəticələri məlum olduqdan sonra may ayının birinci yarısında qaliblərin iştirakı ilə yekun konsert təşkil ediləcək.