Ali təhsil müəssisələrində Novruz şənlikləri


Baxıldı : 105

Tarix : 2018-03-16 23:56:16


ADNSU-da

Martın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Novruz bayramı və İlaxır çərşənbəyə həsr olunan Novruz şənliyi keçirilib. Bayram tədbirində ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitetin həyətində düzənlənən bayram şənliyində fakültələr üzrə tələbələr hazırladıqları maraqlı Novruz xonçaları və milli adət-ənənələrimizi özündə əks etdirən bayram şirniyyatlarını nümayiş etdiriblər.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor M.Babanlı  gənclərin bayram hazırlıqlarını müsbət dəyərləndirib, iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib və onlara xoş arzularını çatdırıb.

Bayram şənliyi ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının rəqs nömrələri, eləcə də  tanınmış müğənnilərin ifaları və Novruz bayramının məşhur personajları olan Kosa ilə Keçəlin təqdimatında maraqlı səhnəciklərlə davam edib.

 

ADPU-da

Martın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Baharın gəlişi və İlaxır çərşənbəyə həsr olunan bayram şənliyi keçirilib. Bayram şənliyində ADPU-nun rəhbərliyi, müəllim və tələbələri iştirak ediblər. Tələbələrin Novruz bayramına həsr etdikləri rəsm sərgisinə və bayram xonçalarına baxış keçirildikdən sonra tədbirin bədii-musiqili hissəsi başlayıb.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür edib, müəllim və tələbələri bayram münasibətilə təbrik edərək onlara cansağlığı və uğurlar arzulayıb.

Qeyd edək ki, bayram tədbirinin ərsəyə gəlməsində universitetin musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin müəllim və tələbələri yaxından iştirak ediblər. Bədii-musiqili hissədən sonra universitetin həyətində Novruz tonqalı alovlandırılıb.

 

AzTU-da

Azərbaycan Texniki Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Novruz şənliyi keçirilib. Novruz şənliyini giriş sözü ilə açan AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitetin professor və müəllim heyətini bu əlamətdar milli bayram münasibətilə təbrik edib və Novruz tonqalını alovlandırıb.

Sonra isə tədbirin bədii hissəsi başlayıb və universitetin yaradıcı tələbələri müxtəlif nömrələr nümayiş etdirərək mahnı oxuyub, rəqs ediblər.

 Azər MUSTAFAYEV