Alıcılar diqqətli olmalıdır


Baxıldı : 74

Tarix : 2017-10-14 04:32:03


Televiziya kanallarından və radio dalğalarında hər saatdan bir təkrar olunan reklamlara hamımız baxır və dinləyirik. Bu reklamlar cəlbediciliyi ilə fərqlənir. Məsələn, "hər gün 1 manat ödə, istədiyin mebelə sahib ol". Ayda 39 manat ödə, Avropa istehsalı olan məişət avadanlıqlarını yığışdır apar evinə. Köhnə mebellərini gətir, yeniləri sənin olsun. Özü də faizsiz kreditlə. Bəli, ilk baxışda bütün bunlar həqiqətən adamı həvəsləndirir. İstəyirsən reklam olunan əşyaların hamısından alasan.

"Maqnit", "Kontakt Home", "Delloro" mebel və bu cür digər mağazalar şəbəkələri var ki, reklamlar da onların adından verilir. Mən özüm də "Maqnit"in alıcısı olmuşam. Az qala ayda üç dəfə telefonuma yeni satış endirimlərinin keçirilməsini bildirən zənglər gəlir. Əslində isə vəziyyət başqa cürdür. Bu hər şeydən əvvəl alıcılarda maraq oyatmaqdır ki, mağazalara gəlsinlər. Sonrası orada işləyənlərin fərasətindən asılıdır. Açığını deyək ki, bu mağazaların əksəriyyəti bütün malları topdansatış  mərkəzlərindən alır: Yeri gəlmişkən bu malları alıcıların özləri də topdansatış qiymətinə “Binə” və “Sədərək” ticarət mərkəzlərində əldə edə bilərlər. Maraq üçün topdansatış mərkəzlərlə reklamı gedən mağazalardakı eyni malların müqayisəsini apardım. Fərq təxminən iki dəfəyə bərabər oldu, az qiymətli əşyalarda isə hətta 3 dəfə. Bir məsələni də qeyd edim ki, təklif olunan mebellərin, məişət texnikası və digər əşyaların keyfiyyəti də qənaətbəxş deyil.

İqtisadçı, müstəqil ekspert Sərməst Əhmədovdan bu cür ticarət şəbəkələrinin geniş fəaliyyət imkanlarının necə yarandığının və istehlakçıların hüquqlarının hansı dərəcədə pozulduğunun müəyyən edilməsi barədə soruşduq. O bildirdi ki, iqtisadi durumun yaxşı vaxtında belə malları bank faizi ilə verirdilər. Qeyd edim ki, şəbəkələrin müştəriləri də az deyildi. İqtisadi durğunluğun başlaması şəraitində insanların da alıcılıq qabiliyyəti aşağı düşdü və bu mağazalar faizsiz və endirimli satışa keçdilər. Lakin endirim elə reklam vaxtı bildirilir. Əslində ciddi bir endirimdən söhbət gedə bilməz. Onu da deyim ki, belə vəziyyətin yaranmasının əsas günahkarı alıcıların özləridir. Çünki heç kimi məcburi şəkildə mağazaya dartıb gətirmirlər. Bu, yalnız vətəndaşların maliyyə çətinliyi ilə bağlıdır. Əldə nağd pul olmayanda hər cür şərtlərlə razılaşırsan. Belə halda isə istehlakçıların hüquqlarının pozulması baş verir.

Əhəd İBADOV