Alınan müavinət hansı halda dayandırılır? Ülviyyə MƏMMƏDLİ, Bakı şəhəri


Baxıldı : 12

Tarix : 2019-11-01 16:12:36


- “Sosial müavinətlər haqqında” qanunun 11-ci maddəsində müavinətlərin ödənişinin dayandırılması qaydası müəyyən edilmişdi.

Müavinətlərin ödənişi adıçəkilən qanunla müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır:

- dövlət qulluqçularına ömürlük müavinət - dövlət qulluqçusu yenidən dövlət qulluğuna qəbul edildikdə;

- yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda;

- əlilliyə görə müavinət - şəxs əmək pensiyası hüququ qazandıqda;

- sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - şəxs əmək pensiyası hüququ qazandıqda;

- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda;

- 3 yaşınadək uşağa qulluğa görə müavinət;

 - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdən qayıtdıqda;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) ləğv edildikdə.

Müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və bu Qanunun 11.1.7. istisna olmaqla qalan hallarda, habelə vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin öhdəsində olan uşağı 18 yaşına çatdıqda müavinətlərin ödənişi qanunvericiliyə uyğun olaraq həmin halın yarandığı gündən, digər hallarda isə növbəti ayın 1-dən dayandırılır.