“Allah sizə külli Qarabağa tezliklə  Qələbə bayrağını sancmağı qismət etsin!”


Baxıldı : 38

Tarix : 2020-10-17 14:26:22


 

Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini raket atəşləri ilə qətlə yetirməklə öz xalqı qarşısında cəbhədəki məğlubiyyətlərini ört-basdır etmək istəyir. Təsadüfi deyil ki, Gəncə şəhərində törədilən dağıntılara, dinc sakinlərin ölümünə səbəb olan silahlı təxribata rəhbərlik etmiş polkovnikə dərhal general rütbəsi verildi. 27 sentyabrdan başlamış silahlı təxribatdan ötən dövr göstərdi ki, nə dezinformasiyalar, nə də toplarla Azərbaycan xalqının ruhunu sarsıtmaq artıq mümkün deyil. Azərbaycan xalqı sülhsevər xalqdır. Hər zaman qan tökülmənin əleyhinə olmuş, torpaqlarımızı dinc yolla işğaldan azad etmyə üstünlük vermişik. Düşmən müharibə istədi, onu da aldı.
Bu müharibədə dövlət - xalq və ordu vahid halda birləşib. Biz həmkarlar ittifaqı təşkilatları da ordumuzun yanındayıq. Təşkilatımız oktyabrın 10-da “Ordumuza dəstək” aksiyası çərçivəsində Tərtər rayonu istiqamətindəki hərbi hissələrin birini ziyarət etdi. Rayonun təhsil işçiləri adından igid əsgərlərimizə sovqatlar təqdim olundu.
Əsgərlərimizin qələbə əzmi ilə vuruşduğunun şahidi olduq. Yerli əhali ilə söhbət zamanı onlar Ali Baş Komandana və ordumuza güvəndiklərini, hər gün atəşə məruz qaldıqlarına baxmayaraq, doğma ocaqlarını tərk etməyəcəklərini bildirdilər. Hər qarış vətən torpağının azad ediləcəyinə əmin olduqlarını söylədilər.
Mən bir ana kimi üzümü əsgərlərimizə tutaraq deyirəm: Anaların duaları sizinlədir! Arzu edirik yolunuzu gözləyən ana-bacılarınızın, həsrət çəkən, gözü yollara dikilən ailələrinizin yanına Qələbə müjdəsi ilə sağ-salamat qayıdasınız!
Allah sizə külli Qarabağa tezliklə Qələbə bayrağını sancmağı qismət etsin! Amin!

Zümrüd RZAYEVA,
Təhsil İşçiləri Azad Həmkarlar 
İttifaqı Qaradağ Rayon Komitəsinin sədri, Əməkdar müəllim