Allergiyadan əziyyət çəkənlərin sayı artır


Baxıldı : 262

Tarix : 2016-05-13 05:36:00


Yaz ayları adətən xoş ovqat yaratsa da, bəzi insanlar bu dövrdə böyük narahatlıq yaşayır. Belə ki, allergiyası olan insanlara yazın gəlişi həm də problemlər gətirir. İmmun sistemi zəif olan bəzi insanların orqanizmində müxtəlif xəstəliklərlə yanaşı, allergiyalar da oyanır. Son statistik məlumatlara görə, planetimizdə hər yeddi şəxsdən biri allergiyadan əziyyət çəkir. Məsələyə münasibət bildirən həkim Adilə Həsənova deyir ki, allergiya orqanizmimizin ətraf mühitin bəzi faktorlarının təsirinə verdiyi qeyri-adi cavab reaksiyasıdır: \ Allergiya faktorları orqanizmə müxtəlif cür - dəri, tənəffüs və qida yolları vasitəsilə keçə bilir. Allergik xəstəliklərə daha çox burunun qaşınması, nəfəsalmanın çətinləşməsi, burun, göz qapaqlarının şişməsi, tez-tez asqırma xasdır. Ağaclar tumurcuqlayan vaxt, xüsusilə qovaq ağacının tüklərinə qarşı belə xəstələr daha həssas olurlar. Həssas insanlarda çiçəklərin tozcuqlarına qarşı da allergik problemlər yaşanır. Bu zaman adətən yuxarı tənəffüs yollarının allergiyası baş verir ki, onun əlamətləri gözün sulanması və qaşınmasıdır. Buna görə də allergik xəstəlikdən əziyyət çəkənlər öncədən müəyyən tədbirlər görməlidir ki, bu dövrü rahat keçirsinlər. Həmçinin hər bir situasiyaya və iqlim dəyişikliyinə uyğun olaraq lazımi tədbirlər görülməlidir. Bu da geyimdən tutmuş, immun sisteminin möhkəmləndirilməsi, müxtəlif kəskinləşə biləcək xəstəliklərə qarşı preventiv tədbirlərin həyata keçirilməsindən ibarətdir\ .Həkimin sözlərinə görə, allergiya mövsümi xarakter daşısa da, xüsusi risk qrupuna aid olan insanlarda xəstəliyin simptomları uzun müddət davam edə bilər.Qida mənşəli allergiyalara toxunan həkim deyir ki, bu tip allergiyalar, mövsümündən asılı olmayaraq, hər zaman baş verə bilər: \ Bu səbəbdən qida allergiyası olan insanlar hər zaman ehtiyatlı olmalıdırlar. Onlar tərkibində kimyəvi qatqılar olmayan, saxlanması uzun müddət olmayan qidalardan istifadə etmələri məsləhət görülür. Həmin şəxslər allergenlərdən hər zaman uzaq durmalıdır\ .Xalid AZƏR