Alternativ su mənbələrindən istifadə genişləndirilməlidir


Baxıldı : 130

Tarix : 2018-07-13 18:41:51


Son illər ölkədə, əsasən də aran rayonlarında, həm əkin sahələrini suvarmada, həm də  əhalinin içməli su təchizatında  müəyyən problemlər yaranır. Əksər rayonlarda əkinçilik və heyvandarlıqla məşğul olan insanlar  su qıtlığı səbəbindən  nə əkin əkə bilir, nə də heyvan saxlaya bilirlər. Bu da, sözsüz ki, gəlir mənbəyi ancaq əkinçilik və maldarlıq  olan əhalinin yaşayış səviyyəsinin çətinləşməsinə səbəb olur. Bir çox şəhər və rayonlarda, həmçinin içməli su təchizatında da yetərli qədər problem var. Suyun verilməsində  fasilələr yaranır, bəzən də günlərlə verilmir. Vətəndaşlar 7-8 ton suyu 25-30 manat ödəməklə alırlar. Bu da isti yay günlərində ancaq 15-20 gün bəs edir.

Buna səbəb nədir? İqlim dəyişikliyi, quraqlıq, yoxsa əhali arasında sudan istifadə zamanı növbəlilik prinsipinin  pozulması? Suyu kasad olan ərazilərdə təsərrüfat necə olacaq? Problemin qarşısının alınması üçün hansı önləyici tədbirlər görülməlidir və ya görülür? 

 

 “Azərsu” ASC-nin İctimaiyyətlə Əlaqələr və Mətbuat Xidməti Şöbəsinin rəhbəri Anar Cəbrayıllı suallarımızı cavablandırdı. Dedi ki, içməli su ilə bağlı problemlərdən xəbərimiz var. Bununla bağlı bizə şikayətlər və müraciətlər daxil olur.  Çalışırıq ki, şikayətlərin hər birini araşdıraq və vətəndaşlara kömək edək. Lakin bu işlərin hamısı tədricən həyata keçirilir: “Ölkədə 50-yə qədər şəhər və rayon mərkəzində su və kanalizasiya layihələrinin icrasına başlanılıb. Onların 25-də artıq işlər tamamlanıb, əhali su ilə fasiləsiz təmin olunub. Bura Mingəçevir şəhər, Quba, Biləsuvar, Ucar, Zərdab, Ağsu, Xaçmaz və sairə  rayonları misal çəkmək olar. Lakin bir çox şəhər və rayonlarda layihələrimiz yekunlaşmayıb, hələ də tikinti-quraşdırma işləri gedir. Məsələn, Gəncə şəhərində bizim layihələrimiz Almaniya İnkişaf Bankının krediti və Azərbaycan Respublikasının  iştirak payı hesabına maliyyələşdirilir. Orada artıq 4-cü mərhələ icra olunur.  5-ci mərhələ yekunlaşandan sonra isə artıq su problemi köklü şəkildə həll olunacaq.  Daha sonra Tovuz rayonunda əhaliyə verilən içməli suyun yaxşılaşdırılması üçün Prezident İlham Əliyev bu il mart ayının 30-da sərəncam imzaladı və alternativ su mənbəsinin yaradılması ilə bağlı dövlət büdcəsindən “Azərsu” ASC-yə 14 milyon manat vəsait ayrıldı. Hazırda bu layihənin icrası davam etdirilir”. 

A.Cəbrayıllı onu da əlavə etdi ki, yay aylarında çaylarda suyun azalması ilə əlaqədar Şamaxı, Gədəbəy, Lerik, Ağstafa rayonlarında da su çatışmazlığı yaranır. Burada da  alternativ mənbələrin tikintisi istiqamətində  işlər davam etdiriləcək. Növbəti mərhələdə isə biz kəndlərin su ilə təmin olunması üçün layihələrin icrasına başlayacağıq. Ötən il dövlət tərəfindən 17 milyon manat vəsait ayrılmışdı ki, bununla 170 kənddə su problemi həll olundu.  Bu il də 40-dan çox kənddə su layihələri yekunlaşacaq.

“Əsas problem sudan istifadə edənlər arasında növbəlilik prinsipinin gözlənilməməsidir. Suvarma dövrünə hazırlıqla əlaqədar  Araz və Mingəçevir su anbarları doldurulub, yeraltı su ehtiyatlarının bol olduğu ərazilərdə artezian quyularının qazılması nəzərdə tutulub, kanallar təmizlənib”. Bunu   “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Suvarma Sistemləri İstismarı Şöbəsinin sudan istifadə edənlər birliklərinə nəzarət sektorunun müdiri Fazil Pənahov bildirdi.  O dedi ki, əvvəllər bir kənddə bir  kolxoz var idisə, onun 2000 hektar ərazisinə cəmi 4 briqadir baxırdı. İndi isə 2000-dən çox  vətəndaş arasında su nizamla bölünə bilmir. Buna görə çətinlik yaranır.Yerli bələdiyyə və icra orqanları birlikdə buna nəzarəti gücləndirməlidir. 

Daha sonra  o qeyd etdi ki, müasir suvarma üsullarından, çiləmə və damcılama suvarma metodlarından istifadə edilsə, suya yarıbayarı qənaət olar. Hazırda dövlət dəstəyi nəticəsində böyük təsərrüfatlarda çiləyici aparatlardan istifadə edilir.

 Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə dedi ki, ümumiyyətlə, ölkəni yaşıl ölkə elan edib çoxlu sayda ağac əkmək, meşələr salmaq  lazımdır ki, belə isti havalarda rütubət yaransın. Yağışlar bol olsun. Sovet hakimiyyəti dövründə ölkədə indikindən daha çox kənd təsərrüfatı məhsulu istehsal olunurdu. Həm əkin suyu kifayət qədər idi, həm də içməli su ilə əhali rahat təmin olunurdu.  Ölkədə bizim tələbatdan 10 dəfə artıq su resursumuz var.  İsraildə dəniz suyunun duzluluğu təmizlənib həm kənd təsərrüfatı suvarılır, həm də ölkə şirin su ilə təmin edilir. Xəzər dənizinin duzluluğu isə okean və dəniz sularından 3 dəfə aşağıdır, yəni daha şirindir. Biz bundan da istifadə edə bilərik. Artıq neçə illərdir müstəqillik əldə etmişik və həqiqətdir ki, dövlətimiz də bu sahəyə kifayət qədər qayğı göstərib, vəsait ayırır. Ümid edirəm ki, yaxın gələcəkdə ölkədə su ilə  bağlı narahatçılıq tamamilə aradan qalxar.

Əsli ƏHMƏDOVA